Bia.Az

Dünyaya sığmadım, bir məzara sığdığım qədər... - Yalcın Pənahın YENİ ŞEİRLƏRİ

Ədəbiyyat
 Bu gün, 01:03     80

O gur səsin susduğu gün

Unudulmaz Mikayıl Mirzənin əziz xatirəsinə


Şirvanın yelində bir avaz vardı,
Daşları oyadan bir nəfəs vardı.
Sözünə söykənən neçə könüldə
Ümid çırağı tək bir həvəs vardı.


Haqqı ucaltmaqdan usanmaz idi,
Sözü ürəyindən keçirərdi o.
Kürsüyə qalxanda elə sanardın
Sükutun üstünə işıq sərdi o.


Bir kəlmə deyərdi – daş da dinərdi,
Yalan kölgə kimi çəkilərdi kənar.
Vicdanın səsinə bələd olanlar
Onun baxışında tapardı bahar.


İyunun üçüydü... səhər ağırdı,
Duman dağ başına enmişdi yenə.
Elə bil küləklər yolunu azmış,
Bir səs çatışmırdı yerə, göylərə.


Boş qaldı kürsünün alışqan yeri,
Pərdə də dinmədi o gündən bəri.
Divarın yaddaşı unutmadı heç
Sözün titrətdiyi o anları.


Ağsu yenə axşam işığını yandırır,
Çinarlar kölgəsin salır yollara.
Ancaq bir avazın gəlmədiyi yer
Sükutu öyrədib daş divarlara.


Torpaq öz payını aldı sakitcə,
Amma səs torpağa enmədi bir an.
Köçdü ürəklərin dərinliyinə,
Çırağa çevrildi hər bir xatirən.


Nə şöhrət istədi, nə də alqışı,

Sözün namusunu qorudu hər gün.
Əyilməz qaməti öyrətdi bizə
Haqqın yükü ağır olsa da, mümkün.


İllər ötəcəkdir, yollar dəyişər,

Kürsülər dəyişər, üzlər dəyişər.
Amma bir həqiqət dəyişməz yenə –
Doğru söz sahibin özüylə gəzər.


İllər ötsə belə, ölməz o nəfəs,
Haqqın öz səsinə qarışar bir gün.
Çinar yarpağında pıçıldar külək,
El sanar Ağsuda danışır yenə...

Mismardan asılan sığınacaq

Divarda pas atmış tənha bir mismar,
Bir ömrün qırılan tellərini tutub.
Zamanın fövqündə dayanan divar,
Kişisiz bir evin qəhərini boğub.

O köhnə pencəkdə illərin yükü,
Qoxusu hələ də çəkilmir üstündən.
Bu nimdaş qumaşın hər qatı bükülüb,
Sanki boylanır oz gəncliyindən.

Süpürgə səsinin hər ritmində qəm,
Bir qadın əlinin qabarı ağlar.
O bozarmış rəngdə min gizli aləm,
İllərin soyuğu, qübarı çağlar.

Qazanılan o beş-üç manat pul,
Cibə yox, sanki bir qəlbə qoyulur.
Pencək bu ocağa müqəddəs bir qul,
Ona toxunduqca dərdlər  unudulur.

Girişdə dayanan o cansız bədən,
Kişinin sağ ikən vurduğu möhür.
Ruhu ayrılsa da bu fani evdən,
Kölgəsi  divarda keşikçi  durur.

"Kişi, al bu pulu  xərcləyək bir az,
Uşağın ayağı yalındır hələ..."
Yalandan toxunan əllər yorulmaz,
Bu şirin yalanla ruh gəlir dilə.

Tifillər böyüyür o cibin altda,
Pencək bir çətirdir, küləkdən qorur.
Ən böyük fəlsəfə budur həyatda:
İnam diriltsə, ölüm də durur!

O köhnə gödəkcə – zamansız heykəl,
Vəfanın, dözümün daş abidəsi.
Daha toxunmasın heç bir soyuq əl,
Onunla isinir bu evin yetim külfəti.

Nur satışı...

Nə qədər sağ idi, daş atdın ona,
İndi göz yaşını qəbrinə səpirsən.
Bir tikə çörəyi çox gördüyünə,
Bu gün ehsan deyib süfrə düzürsən.

Min illik havadı, köhnə bayatı:
Sağ ikən korladıq onun həyatın,
Ölən gün başına yığdıq camaatı.

Üzünə bağlanan qapılar dünən,
Bu gün baş daşına kölgə salıbdır.
Acından göynəyən ürəyin üstən
Qazanlar qaynadıb yas qurulubdur.

"Qəbri nurla dolsun..." – deyirsən, amma
Ocağında ona zülmət bişirdin.
Çörəyinə kölgə saldın hər axşam,
Tabutun altından keçib gizləndin.

Dünya bir əkinmiş – yalan əkmisən,
İndi məzarlıqda haqq biçirsən sən.
Dirinin üzünə baxa bilməyən,
Ölünün daşına sığal çəkirsən.


Sədaqət nəğməsi

Bir səs gəldi uzaqdan, tanış gəldi o səs,
İllər keçib getsə də, dəyişməyib o nəfəs.
Gözlərində bir sevinc, ürəyində bir təlaş,
Yaxınlaşdı baxıcı, addım-addım, yavaş-yavaş.
Nə dilləri eynidir, nə soyları bir,
Amma sevgi bəsləyir candan daha çox cana.
Unutmayıb o mehri, o şəfqətli əlləri,
Heyvanın bu sevgisi susdurur hər dilləri.
İllər ayırsa belə, silinməz ürəkdən iz,
Bəzən insan oğlunda tapılmır bu təmiz hiss.
Baxışlarla danışır, dilə ehtiyac yoxdur,
Bu vəfalı canlıda saf sevginin düz sözü.
Şirin bir xatirədir, canlanır gözlərində,
Körpəlikdən pay qalan o qayğılı günləri.
Dünya durduqca durar səmimiyyət özü də,
Birləşdirər həmişə bu fərqli aləmləri.
Dünyanın ən saf bağı, ən müqəddəs duyğusu,
Nə saxta bir gülüşdür, nə mənfəət qorxusu.
Baxıcının səsində gizlənibmiş bir nağıl,
Bu vəfalı sevgiyə heyran qalır hər ağıl...

Sığmadım...

Dünyaya sığmadım, bir məzara sığdığım qədər,
Ürəyim daraldı zamanın dar çərçivəsində.
Səslər məni anlamadı, susdum, dərin kədər
Kölgəm qaldı ömrümün solğun güzgüsündə.
Yollar geniş idi, addımlarım yorğun, tək,
Ümidim külə döndü, əsdi yad küləklərdə.
Bir ovuc torpaq qədər sakitlik istədim bəlkə,
Tapmadım sağlığımda, tapdım xəyallarımda.
İnsanlara sığmadı ürəyimin ucsuz dərdi,
Sözlərim daş divara dəyib geri qayıtdı.
Dünya məni sıxdı, ruhumu incitdi, yordu,
Bir sükut qucağında taleyim uyudu.
Dünyaya sığmadım, bir məzara sığdığım qədər,
Bəlkə də torpaq anlar susan fəryadımı.
Yaşarkən qərib idim bu fanı səhnələrdə,
Ölümə pıçıldadım sonuncu nəğməmi.
İndi nə bir giley var, nə də köhnə bir intizar,
Ruhum azad quş tək fırlanır göylər üzündə.
Dünyanın yükü qaldı, məndən uzaq, bixəbər,
Adım bir xatirə tək itdi qum izlərində.

Yalcın PƏHAH.
BİA.az
скачать dle 12.1