Bia.Az

Göyün payı... - Ədalət Qarabuludun şeirləri

Ədəbiyyat
 22-06-2025, 01:50     900

Göyün payı...

Vəli Dərvişin 70 illik yubileyinə həsr olunur.

Səni göydən yerə salıblar,
ayağın toz içində,
amma ruhun hələ də ucalarda –
Tanrının nəfəs aldığı qatlarda dolaşır.
Sən gəlməmisən, Vəli –
səni göndəriblər.
Haqqın adından danışmağa,
susanların səsini eşitdirməyə,
unudulmuş vicdanı oyatmağa
gəlmisən sən.
Baxışlarında mələk qanadından qopan
bir işıq sızıntısı var,
sükutun – sözlərdən dərin,
sözlərin – susqunluqdan aydın.
Könlündə kərbəla yanğısı
ağlayır içini –
sənə toxunan yanır
çünki sən haqqın təmasıyla gəlmisən.
Bizim kimisən,
amma biz sənin kimi deyilik.
Əllərin çörəklə doyar,
amma qəlbin yalnız həqiqətlə.
Qulaqların sükutu dinləyir,
çünki bilirsən –
haqq səs salmaz.
Sözsüz danışan bir haqsan,
addımların dua,
nəfəsin zikr.
Tanımırıq səni –
çünki tanımaq üçün
içimizdəki sükutu eşitməliyik.
Sən – unudulmuş bir ayə kimisən,
Qurandan, İncildən, Zəburdan –
hələ oxunmamış,
amma mövcudluğu ilə bizi silkələyən
göyün gizli kəlamı kimisən.
Zaman sənə toxunmur.
Sən bir anda donmuş əbədiyyət övladısan.
Doğulmamısan –
göndərilmisən.
Və bir gün
geri çağırılacaqsan.
O gün anlayacağıq ki,
bir insan getmədi –
vicdanımız tərk etdi bizi.
Unudulmuş dəyər,
unudulmuş qurtuluş
göyə qalxdı.
Və biz –
yerdə qaldıq.
Səni dua saxlayır bu dünyada.
Yoxsa çoxdan
yerin ağır yükünü atıb
ucalara dönərdin.
Dərdin dibinə kök salmısan –
bir ağac kimi.
Səni kəsən də,
səni görməyən də
səndə kölgə axtarır.
Göz yaşların
min yetimin ağlamamış yuxusudur.
Əfv eləmək –
sənin həyat tərzindir.
Yaxan tutulsa da,
qarğış dilinə gəlməz.
Sən göy adamsan,
yer səni tanımır.
Sənin baxışlarında
göyə dönmək istəyən
bir ruhun qırışığı var.
Yer səni anlamır –
amma ulduzlar hər gecə
sənin adınla düşür torpağa.
Sən haradasa
bir dua kimi dolaşırsan –
səssiz,
gizli,
amma dərin.
Gün gələcək,
adın çəkiləcək
və hamı susacaq.
Çünki sənin yoxluğun
sözün yoxluğudur,
qədrin bilmədiyimiz yeganə
adamlığın özüdür.
İlahi, əlin bu adamın üstündən çəkilməsin.
Çünki o,
sənin göndərdiyin
sonuncu dərvişdir –
səninlə danışmayan
amma səni yaşadan...

Bir cüt ayaqqabı...

Vaqif Səmədoglunun ad gününə

Məzarıma nə başdaşı qoyun,
nə adımı yazın parıldayan mərmərə,
nə illərlə toz basacaq heykəl.
Bir cüt ayaqqabı yetər.
Köhnə.
Susqun.
Toz içində.
Çünki mən
bu dünyadan ayaqyalın keçmişəm –
çınqıllar içində,
sükutun dərinliyində,
yolların ahını daşıya-daşıya.
Qoy ayaqqabılar dursun kənarda.
Heç nə deməsinlər,
heç nə izah eləməsinlər.
Sadəcə orada olsunlar –
bir cüt şahid kimi.
Kim baxsa,
anlasın ki, bu yerin altında
bir ömür yatır –
ağrılı,
uzun,
amma ayaqda.
Qoy bir uşaq gəlib
əlinə alıb baxsın:
“Bu kimindir?” – desin.
Heç kim cavab verməsin.
O özü tapacaq hekayəni –
çünki ayaqqabılar danışa bilir,
əgər qulaq asmağı bacarsan.
Bəlkə bir yolçu oturacaq yanlarında,
dincələcək.
Ayaqlarını uzadacaq onların kölgəsinə.
Və bir anda anlayacaq –
bu dağlar, bu yollar,
bu bitməyən axtarışlar
hamımızı bir ayaqqabıya çevirir.
Daha yazmayın adımı daşlara.
Adlar unudulur.
Daşlar çatlayır.
Qoy ayaqqabılar qalsın.
Qoy bir ömürlük səssizlik daşısınlar.
Mənim heykəlim – o cüt ayaqqabıdır.
Əgər bir gün
kimsə onları geyib
bir addım belə atsa –
bilin ki, mən də onunla gedirəm.
Ayaqqabılarımı geyib gedin.
Bu torpaq sizindir.
Bu yol sizindir.
Mən yalnızca
ayaqlarınıza kölgə olmaq istədim.
Sonda...
Heç kimə yük qoymaq istəmədim –
Nə yas, nə daş, nə əbədi ad.
Bir cüt ayaqqabı – həyat qədər sadə,
Ölüm qədər azad.


Ədalət Qarabulud.
BİA.az
скачать dle 12.1