Bia.Az

Səsini susdur, İlahi! - Ədalət Qarabulud

Ədəbiyyat
 14-06-2025, 01:20     563

(Muğamlarla mənalandırılmış şeir)

Rast kimi başlayır
Enişli-yoxuşlu bir yol üstə.
Sanki ilk dəfə oxuyur Alim –
səsini yox, ruhunu açır.
Bu "Rast" – yəni başlanğıc,
Sənin dərgahına aparan
ilk addımın titrək sədası.
"Alim oxuyur...
Sanki səma yırtılır,
ulduzlar silkələnir..."
Rastda dünya yerində durur,
səsin içində nizam var,
amma dərinlikdə bir çağırış:
səni tapmaq istəyən bir ruhun
sakit, lakin dönməz niyyəti.

Sonra "Segah"a keçir
bir könül narahatlığı,
bir yanğı var orda.
Sevən, amma yanaraq sevən ruhun səsi.
Alimin səsi titrəyir –
yalnız notlar deyil,
çəkdiyi ahlar, keçdiyi izlər oxunur.
"Oxuyur…
və birdən dünya durur,
quşlar unudur oxumağı..."
Artıq pərdənin titrədiyi andır...
Segahda sevda –
yalnız insana deyil,
Sənə olan eşqə çevrilir.
O pərdə –
sanki yanır,
sanki yox olmaq istəyir
Alimin səsində.

Və bir an gəlir – "Şur" baş qaldırır
qəmli, ehtiraslı, bir az da təhlükəli...
Çünki Şur – duyğuların sərhədidir.
Orda artıq söz yox, səda danışır.
Orda Alimin özü də yox –
bir əli yedə, bir əli göydə
özüylə əlləşir...
"Qorxuram…
qapı açıla,
və içindəki sonsuzluğu görüb
bu dünyaya dönmək istəməyək."
Bu Şur – artıq bir yalvarışdır.
Səni bu qədər yaxından görmək –
dünyanı itirməkdir bəlkə də.
Sənin işığında
gözlər kor ola bilər, İlahi...

Və sonunda – “Bayatı-Şiraz”
Bir yas tutmaq kimi,
sakitcə bitir səs...
Alim susur –
və biz geriyə qayıdırıq yolu,
əllərimiz boş,
amma qəlbimiz dolu.
"Ona de…
bir az ara versin,
bizi tərk etməsin
o səsi ilə,
səni tapıb…
bizi unudar."
Bayatı-Şiraz – yəni başa düşmək:
Sənin yanında olmaq gözəldir,
amma hələ yaşamalıyıq,
ölmədən əvvəl...
muğam kimi,
nə başlayıb, nə bitmiş bir həyatla...


Ədalət Qarabulud.

BİA.az
скачать dle 12.1