Səsini susdur, İlahi... - Ədalət QARABULUD

Alim oxuyur...
sanki səma yırtılır,
ulduzlar silkələnir,
qərib bir nur süzülür səsinin içindən.
Muğam –
yerdə deyil bu,
göyün səsini əyib gətirib
insan dilinə salmaq kimi bir şey.
Səsi qalxır –
zilin zirvəsində
bir pərdə titrəyir
Səninlə bizim aramızda.
O pərdə ki,
qalındır,
nəhəngdir,
hər şeyi örtdüyü üçün
dünya gözəldir bir az.
Amma Alim oxuyanda
o pərdə kövrəlir,
elə kövrəlir ki
külək keçir arasından,
və mən qorxuram…
ya tam çəkilərsə bir gün?
ya Sənin üzünü görsək,
və daha heç nə cazibəli olmasa?
Nə işıq,
nə qaranlıq,
nə sevgi,
nə göz yaşları…
Səni görəndən sonra
dünya kiçilər, İlahi.
Səni eşidəndə
dünyanın musiqisi susar.
Ona de…
ürəyinə rəhm sal,
bir az sakit olsun.
Bir az susun səs telləri,
bir az dincəlsin kainat.
Çünki biz hazır deyilik, hələ
Səni bu qədər yaxın duymaga.
Səsi…
yalnız bir səs deyil,
bir dua kimi,
bir ah kimi düşür torpağa.
Oxuyur…
və birdən dünya durur,
quşlar unudur oxumağı,
küləklər nəfəsini kəsir,
su belə axmaqdan utanır.
İnsan ruhu titrəyir,
çünki o səsin içində
yalnız bir sənətkarın yox,
bir bəndənin iztirabı var.
Səni sevir –
elə çox, elə dərindən ki,
bizim sevgimiz ona bənzədəndə
utanırıq özümüzdən.
Biz dua edəndə
söz axtarırıq.
O isə susanda belə,
sənə bir yol açılır.
İlahi,
bu qədər yaxın olmamalıyıq hələ.
Hələ biz bu sirrə hazır deyilik.
Alim oxuyanda,
bir addım da Sənə yaxınlaşırıq,
amma o bir addım –
bəlkə də əbədiyyətin qapısıdır.
Qorxuram…
qapı açıla,
və içindəki sonsuzluğu görüb
bu dünyaya dönmək istəməyək.
Ona de…
bir az ara versin,
bir az yer üzündə qalsın.
Bizi tərk etməsin
o səsi ilə,
Səni tapıb…
bizi unudar...
Ədalət QARABULUD