Bia.Az

Bir şairi öldürdülər bir ölkənin ortasında... - Eldar BAXIŞ

Ədəbiyyat
 30-08-2024, 16:34     827

Eldar Baxış 1947-ci il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Diləli Müskanlı kəndində kəndli ailəsində doğulmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə onbirillik məktəbi bitirib ADU-nun tarix fakültəsində təhsil almışdır (1965-1969). Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor (1972-1988), televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru (1988-1990) vəzifələrində çalışmışdır. "Səs" və "Nəfəs" qəzetlərini yaratmış, "Səs" qəzetinin baş redaktoru olmuşdur (1990-1992). Yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri işləmişdir (1992-1993). Radionun bilgi və uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur (1993-cü ildən).

"Köynək" adlı ilk şeiri 1966-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

1996-cı il mayın 22-də zəhərlənərək Bakıda vəfat etmişdir, Xırdalan qəbristanlığında dəfn olunmuşdur.


BİA.az şairin bir necə şeirini oxuculara təqdim edir:

Həsrət

 Nə oldu, ayrıldıq bir-birimizdən?
 Dərə bir tərəfdə, dağ bir tərəfdə.
 Ayrılıq ələdi saçlarıma dən,
 Qara bir tərəfdə, ağ bir tərəfdə.
 Həsrət də alovdu, yandırdı, yaxdı,
 Ürəkdə, könüldə neçə iz qalıb.
 Mənim qollarımın yiyəsi yoxdu,
 Sənin incə belin kəmərsiz qalıb.
 Nəsə çatmır, çatmır nəsə bu yer üzündə
 Elə şəhər var ki, küləyi çatmır,
 Elə nəğmə var ki, ürəyi çatmır,
 Elə xəstə var ki, xörəyi çatmır,
 Elə urva var ki, ələyi çatmır,
 Elə körpə var ki, bələyi çatmır,
 Nəsə çatmır, çatmır, bu yer üzündə.
 Dərəsi olan var, düzə həsrətdi,
 Meşəsi olan var, izə həsrətdi.
 Kötüyü olan var, közə həsrətdi,
 İpəyi olan var, bezə həsrətdi,
 Qulağı olan var, sözə həsrətdi.
 Lap belə hər şeyi bol eləsək də,
 Zəhəri döndərib bal eləsək də,
 Kolpanı böyüdüb kol eləsək də,
 Yamacı dəyişib yal eləsək də,
 Günəşə, ulduza yol eləsək də,
 Nəsə çatmır, çatmır, bu yer üzündə.
  Hər yerə günəşin işığı çatmır,
 Hamıya zəminin başağı çatmır.
 Aşıq istəyinin aşığı çatmır.
 Qaşov istəyənin qaşovu çatmır.
 Livanda Fələstin qaçqınlarının
 Çörəyi, bıçağı, qaşığı çatmır.
 Bir günün içində, ayın içində,
 Ölən görmürükmü sağ adamları,
 Aran adamları dağ istəyirlər,
 Aran istəyirlər dağ adamları.
  Hərdən olan yerdən, olmayan yerdən
 Könlümüz nəsə bir pay arzulayır.
 Yayda ürəyimiz qışa can atır.
 Qışda ürəyimiz yay arzulayır.
 Arzunun özü də uzaq mənzildi,
 Sən gedib çatırsan, ayrısı çatmır.
 Arısı bol yerin çiçəyi çatmır,
 Çiçəyi bol yerin arısı çatmır.
  Çatmır dəsmalımız, çatmır neyləyək
 Açıq yaramızı bağlamaq üçün.
 Çatmır göz yaşımız, çatmır, neyləyək,
 Bütün ölüləri ağlamaq üçün.
  Çatmır ümidimiz, çatmır əlimiz,
 Çatmır yerin, göyün hər tərəfinə.
 Ümid neyləsin ki, ürək ürəkdi
 Sığınıb sinənin bir tərəfinə.
  Sözün tutanı var, tutmayanı var, –
 Tutmayan hansıdı, tutan hansıdı?
 Gözün yatanı var, yatmayanı var, –
 Yatmayan hansıdı, yatan hansıdı?
 Nəsə çatmır, çatmır bu yer üzündə, –
 Çatmayan hansıdı, çatan hansıdı?
 Ulduz bölünməyib, Ay bölünməyib,
 Günəş bölünməyib, bölünmür yenə.
 Nə çatır, nə çatmır hardan biləsən?
 Heç vaxt bilinməyib, bilinmir yenə...
 ...Bir usta əl gərək, usta dil gərək,
 Sınıq könülləri tikə, yamaya.
 Nəsə çatmır, çatmır bu yer üzündə,
 Ölüm-itim çatır ancaq hamıya.
 Mənim də havamı aldı bu dünya
 Mənim də havamı aldı bu dünya,
 Görməli işləri görə bilmədim.
 Yığıb, toparlayıb sevinci mərdə,
 kədəri namərdə verə bilmədim.
 Bəslədiyim arzu gözümdə qaldı,
 arzumu gözümdə heç elədilər.
 Mənim arılarım öldü acından,
 Mənim ağrılarım beçələdilər.
  Oynaq-oynaq sular zarıdı getdi,
 yaşıl-yaşıl otlar qurudu getdi.
 gözəl-gözəl qızlar qarıdı getdi,
 Mən də baxa-baxa qaldım dünyada.
 Huşlu adam vardı, huşunu yedi,
 Dəyirman acıxıb daşını yedi,
 cücə qarışqanın başını yedi,
 mən də baxa-baxa qaldım beləcə.

 Qələm

 Olanım qələmdi vardan, dövlətdən
Dövlətdən uzağam, vardan uzağam.
 Özüm öz nökərim, özüm öz bəyim,
 Özüm öz qulluqçum, özüm öz ağam.
 Qaşımı qaldırıb baxan deyiləm,
 Dövlət sümürənə, var udana mən.
 Yeməyə bir loxma çörək tapanda
 Min şükür deyirəm yaradana mən.
 Qızılla, gümüşlə, ipəklə, tüllə
 Xurcunum, fərməşim basılı deyil.
 Asılı deyiləm mən bir adamdan,
 Bir adam da məndən asılı deyil.
 Məni düz yolumdan döndərə bilməz
 Beş adam, on adam, yüz adam, canım.
 Uçan bulud kimi, axan su kimi,
 Əsən külək kimi azadam, canım.
 Elə bu azadlıq bəsimdi mənim,
 Neynirəm dövləti, neynirəm varı?
 Neynirəm dilimi gödək eləyən
 Qızılı, gümüşü, malı, davarı?
 Bəsimdi, şeytana deməli sözü
 Şeytanın üzünə şax deyirəmsə.
 "Hə” deməli işə "hə” deyirəmsə,
 "Yox” deməli işə "yox” deyirəmsə.
 Mənə qələm verib bu azadlığı,
 Elə bu əlimdə tutduğum qələm.
 Hərdən qadın kimi, hərdən qız kimi
 Dizinə baş qoyub, yatdığım qələm.
 Qələmin dizində yata-yata mən
 Yuxular görmüşəm, dürlü yuxular.
 Köhnə qala kimi, qalacaq kimi
 Sehirli yuxular, sirli yuxular.
 Ruhum uçub mənim, ruhum qovuşub
 Avara, Xəzərə, Huna, Oğuza.
 Qələmə demişəm dərdim olubsa,
 Qələmim də açıb, deyib kağıza.
  Qələmim olanda güclü oluram,
 Çaşmayan adamı mən çaşdırıram;
 Bu gidi dünyanın pişiyini mən
 Ağaca, divara dırmaşdırıram.
 Qələmim olanda qorxu bilmirəm,
 Niyə qorxmalıyam mən axı, niyə?
 Olanım qələmdi vardan, dövlətdən,
 Onun da qiyməti otuz qəpiyə.
 Nə yaxşı ki, qələm otuz qəpikdi,
 Nə yaxşı ki, deyil od qiymətinə.
 Nə yaxşı ki, qələm bazarda getmir,
 Maşın qiymətinə, at qiymətinə.
 Axı, otuz qəpik otuz min deyil,
 Kiməsə borclu da qala bilmərəm.
 Bu yazdığım qələm əlimdən çıxsa,
 Gedib ayrısını ala bilərəm.

 Yaşayış

 Gedə bilirəmsə getməli yerə,
 Gecikməli yerə gecikirəmsə,
 Çörək yeyirəmsə gündə üç dəfə,
 Üstündən qayıdıb su içirəmsə,
 Bu çörəyə şükür, bu suya şükür.
 Çörək tapıramsa, su tapıramsa,
 Hava tapıramsa… bəsimdi bunlar…
 Bir qələm, bir dəftər, bir barmaq kağız
 Bu dünyadan umu-küsümdü bunlar.
  Umacağım yoxdu bunlardan ayrı:
 Yıxılıb həmişə ağac torpağa,
 Kəpənək çiçəyə, arı çiçəyə,
 Şair də dəftərə-qələmə sarı…

Oğlum Andayın itkisinə yazdığım şeir  

 Ay ölüm, ağlama sən də
 Gözlərində yaş görməyim.
 Didib-dağıtma sinəni
 Sinən daşdı – daş görməyim.
 Sən də bir tale qarğışı
 Qapıda dolanma, yaxşı?
 Düşüb üzüyümün qaşı
 üzüyündə qaş görməyim.
 Keç içəri... dərd dərində
 Dərd mənim can dəftərimdə.
 Uzan Andayın yerində,
 Mən o yeri boş görməyim!

 Ümid bilmədiyim günlər

 Yuxanı, qalını dürməkləyəndə
 qatını, sicimi kürməkləyəndə,
 yüyürəndə dana, buzov dalınca
 küləklər telimi küləkləyəndə,
 bilməzdim ümidin nə olduğunu.
 Qoruqçu uzaqdan əl eləyəndə,
 gözümün yaşını sel eləyəndə,
 uşaqlar tezcənək tökülüb – gəlib
 yoncamı, otumu şələləyəndə,
 anşıra bilməzdim ümid nə şeydi...
 Ümid nə deməkdi bilməzdim onda,
 aranda quş kimi ötmək bilərdim,
 dağda sütül yığıb, mərövcə yığıb
 ocağın gözündə ütmək bilərdim,
 bilməzdim ümidin nə olduğunu.
 Atam kərəntimi itiləyərdi,
 anam paltarımı ütüləyərdi,
 mən də danışardım – üdüləyərdim,
 başıma girməzdi ümid deyilən.
 Gecənin yarısı durub istəsəm
 Cırtdanı yolundan döndərərdilər,
 İt hürən tərəfə göndərərdilər,
 ümidi neynirdim, neynirdim onda?
 Haçan istəsəydim cici-bacılar
 çörək verərdilər, çay verərdilər,
 almadan, armuddan pay verərdilər,
 Ümidi  neynirdim, neynirdim onda?
 Hələ at minməyi tərgitməmişdim,
 şəhərli qızları ürkütməmişdim,
 Bakının adını  eşitməmişdim,
 umidi neynirdim, neynirdim onda?!
 Mənə adam ol deyənlər
 Adam ol dedilər özləri mənə,
 özləri də biri beş elədilər,
 günah ləyənində, günah suyunda
 dünyanı qaz kimi pörşələdilər.
 Dünyanı ütdülər ütüm-ütümcə,
 yaxşı demədilər, pis demədilər...
 Yığıb götürdülər sevinci bol-bol,
 Kədərdən bir çimdik istəmədilər.
 Kədər mənə qaldı, dərd mənə qaldı,
 hırıltı onlara, gülüş onlara –
 vəzifə üstündə, maşın üstündə,
 qab-qacaq üstündə dalaşanlara.
 Pula nə gedirsə onlara qaldı,
 Havayılar mənə, pulsuzlar mənə
 Qaldı yer üzündə çiçəklər, otlar,
 qaldı göy üzündə ulduzlar mənə...

 Mən ayrı adamam

Bəri bax, bazarda kirlənən gədə,
Paltarı, köynəyi kirlənən gədə,
kartofun başına hərlənən gədə,
niyə yuxarıdan baxırsan mənə?
Bəri bax, dalanda əlləşən oğlan,
 zil qara maşında əyləşən oğlan,
 o qızla, bu qızla iyləşən oğlan,
 niyə yuxarıdan baxırsan mənə?
 Bəri bax, meymuna oxşayan kişi,
 eyvanda qarnını qaşıyan kişi,
 arvad hesabına yaşayan kişi,
 niyə yuxarıdan baxırsan mənə?
 Sizə nə, alışsın, yansın bu dünya,
 Nə amanı görün, nə ahı görün.
 Aşağı baxınca yuxarı baxın.
 Məni görmürsünüz, Allahı görün.
 Tərəzi gözüdü Allahın gözü,
 namərdini çəkər, mərdini çəkər.
 Adam var həmişə öz hayındadı,
 adam var, dünyanın dərdini çəkər.
 Mən ayrı adamam, siz ayrı adam,
 Mən öz cızığımdan çıxan deyiləm,
 Mən yumurtadan yun qırxan deyiləm,
 O ələ, bu ələ baxan deyiləm...
 Uşaqla uşağam, böyüklə böyük,
 Mən ağacla ağac, mən quşla quşam.
 Bu yaşa gəmişəm, hələ ömrümdə
 bircə qarışqanı tapdamamışam.
 Dünyanın işini nə bilmək olar,
 Kimi gedəsidi, kimi qalası...
 Mənə belə baxma, a zalım oğlu,
 Mənə belə baxma, dədəm balası.

ZORİ BALAYANA MƏKTUB

O nədir yazmısan Zori Balayan?
Kür-Araz deyirsən-kəkələyirsən.
Xırda budaqların üstə oturub,
Böyük budaqları silkələyirsən.
Böyük budaqların böyük qolu var,
O qolun önündə qol dura bilməz.
Atandan,dədəndən,babandan soruş,
Hər adam hər daşı qaldıra bilməz.
Daş daşa söykənib, qaya qayaya,
Söz şerə bu daşdan, qayadan gəlir,
Azar var, adamın öz azarıdı,
Azar var,toxumdan,mayadan gəlir.
Tamam unutmusan vaxtı,zamanı
Bir də görmüsən ki,iş işdən keçib.
Bu azar tək sənin azarın deyil,
Bu azar hampadan,keşikdən keçib.
Nə isə,
Sənə bir qarmaq atıblar,
Nə isə
Sənə bir yanaşan olub,
Yazıq Araz çayı nə vaxtdan axı,
Erməni dilində danışan olub.
Suyun su dili var,adamın adam,
Tənək yaranıb ki,qora yaranıb.
Adamın ki dili,suyun dilindən,
Küləyin dilindən sonra yaranıb.
Hələ biz doğulub dil açmamışdan,
Ayaq açmamışdan,qol açmamışdan,
Xetlər dənizlərə,Hunlar dağlara,
Şumerlər düzlərə yol açmamışdan.
Ağaclar küləklə danışırdılar,
Arılar çiçəklə danışırdılar,
Durnalar lələklə danışırdılar,
Qartallar fələklə danışırdılar...
...O nədir yazmısan,Zori Balayan,
Kür-Araz deyirsən-kəkələyirsən.
Xırda budaqların üstə oturub,
Böyük budaqları silkələyirsən.
Böyük budaqları silkələməklə
Könlün istəyəni ala bilməzsən.
Bircə qanadımı bircə çöpümü,
Bircə yarpağımı sala bilməzsən.
Böyüyün dünyada böyük dərdi var,
Xırda gərək dura xırda yerində.
Dəniz gərək dura dəniz yerində,
Ada gərək dura ada yerində.
Dəniz qala-qala dənizliyində,
Adalar döyməyə döşünə gərək.
Heç vaxt qarışmaya xırda budaqlar
Böyük budaqların işinə gərək.
Böyük budaqların böyük işi var,
Bu dünya bu saat od içindədi,
Silah düzəldirlər silah dalınca,
Azot içindədi,yod içindədi.
Bu dünya bu saat hər həftəsinin,
Gününün,ayının dərdini çəkir,
Kökünün,soyunun dərdini çəkir,
Qışının,yayının dərdini çəkir,
Otunun,suyunun dərdini çəkir...
Dünya nə haydadı,sən nə haydasan,
A köhnə palazı sırıyan oğlan.
İrəvan dilində xoruzlanırsan,
Moskva dilində zarıyan oğlan.
Havayı axıtma göz yaşlarını,
Yaş görən adamlar yaşı tanıyır.
Moskva min ilin Moskvasıdır,
Səni də,mənidə yaxşı tanıyır.
Sən Zori Balayan,
Mən Eldar Baxış,
Baxıram eləcə zoğallayırsan,
Keşiş zurna çalır,səndə keşişin,
Qara zurnasını sığallayırsan,
Sığalla,sığalla-qara zurnalar,
Yastı balabanlar yatır sığala.
Deyəsən,bir azca qolun ağrıdı,
Allahın altında kərə yağ ola.
Günah məndədi ki,”Kiçiyim”-deyib,
Durub oynayıram hər havana mən,
Sevan söyləyirəm Göyçə gölünə,
Yerevan deyirəm İrəvana mən.
Qaxdan İrəvana,Qaxdan Qafana
Fındıq göndərirəm,qoz göndərirəm.
Mənim kəndlərim var odun yandırır,
Sənin kəndlərinə qaz göndərirəm.
Hələ yüzdən biri,mindən biridi
Bu mənim dərdimin,mənim sərimin,
Samvel Azərbaycan xalq şairidir,
Ancaq adı yoxdu Əli Kərimin.
Bax bir ürəyimin genişliyinə,
De kimə lazımdı bu haray-həşir?..
Sənin ürəyinə bir ovuc torpaq,
Mənim ürəyimə dünya yerləşir.
O nədir yazmısan Zori Balayan,
“Bala” da bizimdi.
“zor” da bizimdi.
Ölmək istəyirsən gəl Qarabağa,
Kəfən də bizimdir, gor da bizimdir.
Ordan apararam öz kəndimizə,
Tutub apararam göyə çıxasan,
Ancaq qorxuram ki,gedəsən ora
Mənim kəndimə də yiyə çıxasan.

MƏHƏMMƏD HADİYƏ

1.
Qərib nar əkər, nar əkər,
Narı nar olmaz, nar olmaz.
Qərib deyər: qərib qızdan
Mənə yar olmaz - yar olmaz:
Sünbülü qıçada qalar,
Buğdası puçada qalar,
Alması taxçada qalar,
qalar, saralmaz-saralmaz.
Kim qəribə arxa çıxar,
Qərib birdən yoxa çıxar,
Dərd əlindən dağa çıxar,
dağda qar olmaz - qar olmaz
2.
Tək dedilər - təklədilər,
qanına yeriklədilər.
sonra da dərdini alıb
dağa-daşa yüklədilər,
çəkə bilmədi-bilmədi.
Əsim-əsimcə əsdilər,
öldürməyə tələsdilər,
günün günorta çağında
ağacı elə kəsdilər, -
kölgə bilmədi-bilmədi.
Xallandı gül - butasında.
nər qarnında -qartasında.
bir şairi öldürdülər
bir ölkənin ortasında, -
ölkə bilmədi-bilmədi.

 Sərçə balası...

İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.
Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.
Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri…
Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.
Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir gün məndə yoxdu.
Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərim.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərim.
Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?
Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.
Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.
O qanad,
o inad,
o istək hanı,-
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.
Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.
Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.
…Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.
Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın…
Gecənin bir aləmi
Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, qanım qaynadı.
Onu bilirəm ki, ruhum oynadı,
Sonra nə oldusa, yadıma gəlmir.
Tez durub geyindim, çıxdım küçəyə,
Küçə sizə sarı çəkirdi məni.
Ulduz sizə sarı, ay sizə sarı,
Gecə sizə sarı çəkirdi məni.
Gecədən, ulduzdan, aydan da betər,
Ürək sizə sarı çəkirdi məni.
Fələyə nə deyim, tutub qolumdan,
Fələk sizə sarı çəkirdi məni.
Küçənin, gecənin, ulduzun, ayın,
Ürəyin sözündən çıxa bilmədim.
Tanrının sözündən çıxa bilmədim,
Fələyin sözündən çıxa bilmədim.
Alnıma toxundum, gördüm tərləyib;
Dodağıma baxdım, uçuqdu gördüm.
Bütün darvazalar gördüm bağlıdı,
Sizin darvazanız açıqdı gördüm.
Keçdim darvazadan, çıxdım həyətə,
Arzu, istək məni yaxalamışdı.
Ulduz oyaq idi, ay oyaq idi,
Tanrı oyaq idi göyün üzündə...
Qapınızın zəngi yuxulamışdı.
Qapını oyatdım, zəngi oyatdım,
Oyatdım yuxudan zəngin səsini.
Daha düşünmədim, fikirləşmədim
İşin avandını, işin tərsini.
İş belə oldu ki, zəngin harayı,
Yuxudan yarımçıq qaldırdı səni.
Durna qatarında uçub gedirdin,
Durna qatarından saldırdı səni.
Sən oyanan kimi, sən duran kimi,
Əllərin oyanıb qalxdı yuxudan.
Yastığın üstünə sərilib qalan,
Tellərin oyanıb qalxdı yuxudan.
Çiyinlər oyandı -pambıq çiyinlər;
Addımlar oyandı- kövrək addımlar.
Nə gözəl olurmuş, Allah, yuxudan
Yarımçıq duranda gözəl qadınlar.
Həmişəki kimi "eşş” eləmədin,
Bir sözü çevirib beş eləmədin,
Sağını-solunu eşələmədin,
Yüyürdün qapıya, çatdın qapıya.
Uzandı işığa süd barmaqların,
Evin süd işığı alışdı, yandı.
Sonra nə oldusa, yadıma gəlmir,
Sonra vaxt dayandı, zaman dayandı.
Sonra söndü evin süd işıqları,
Elə bil əridi, çürüdü, getdi.
Ulduzun yanına, ayın yanına,
Tanrının yanına yeridi getdi.
O süd işığından nə qaldı bizə?
Ağ yastıq, ağ döşək, ağ yorğanüzü.
Sənin baxışının odu, alovu,
Mənim baxışımın çınqısı, közü.
Od-oda qarışdı, alov-alova,
Köz-közə qarışdı, çınqı-çınqıya.
Əl ələ qarışdı, barmaq barmağa,
Dil dilə qarışdı, yanğı yanğıya.
Sən mənə dedin ki, lap elə belə?
Mən sənə dedim ki, lap elə belə.
Bu mənim telimdi, bu sənin telin.
Axtara bilirsən, tapa bilirsən,
Axtar elə-belə, tap elə-belə.
Gecə çırpınırdı, gecə əsirdi,
Gecə titrəyirdi, nə titrəyirdi,
Sinəmiz gecəni: -bu xoş keçəni
Bir daş ütü kimi ütüləyirdi.
Gecənin sümüyü sürmə olmuşdu,
Dişinə dəyirdi dişi gecənin.
Bütün qitələri bölüşdürmüşdük,
Biri bizim idi, beşi gecənin.
Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, səhər açıldı.
Onu bilirəm ki, əlim səyridi,
Açıq pəncərədə baxdım səmaya
Tanrı bizə baxıb gülümsəyirdi...

Eldar BAXIŞскачать dle 12.1