Bia.Az

Cümhuriyyət uğrunda savaşan vətən aşiqi

Ədəbiyyat
 26-03-2024, 00:58     505

Azərbaycan aşıq sənəti böyük və zəngin bir tarixə malikdir. Bu tarixin kökləri qədim türklərin ortaq dastanı olan "Kitabi-Dədə Qorqud"dan da uzaqlara gedib çıxır. Əsrlər boyu xalqın ən gözəl duyğu və hissələrini yaşadan aşıq sənətinin görkəmli nümayəndələrindən biri də XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış aşıq Molla Cümədir. Molla Cümə incə zövqlü, lirik şair olub. Savadlı olduğu üçün ona "Molla" təxəllüsü verilmişdir. O, əsasən qoşma, gəraylı və müxəmməslər yazmışdır. Aşığın şeirlərinin çoxu məhəbbət və vətənpərvərlik mövzusunda olub.

Molla Cümə haqqında ədəbi-tarixi qaynaqlarda səhih məlumat olmasa da, onun 1854-cü ildə Şəkidə, Göynük mahalında anadan olduğu təxmin edilir. Molla Cümə özü şeirlərinin birində bu barədə belə deyir:

Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyada divanə təki.
Mahalım Göynükdür, şəhərim Şəki,
Layisqi kəndinin binasıyam mən.

Göründüyü kimi, Molla Cümə Şəki rayonunun Layisqi kəndində anadan olmuş və ömrünün sonuna qədər də burada yaşamışdır.
Molla Cümə geniş dünyagörüşlü şair, Azərbaycan klassik poeziyasının kamil bilicisi olub. Ərəb və fars dillərini mükəmməl bilib. Erkən yaşından şeiriyyata, yazı-pozuya maraq göstərib. Qaynar və coşqun təbi onu oxumağa, aşıqlıq etməyə sövq edir. El şənliklərində şeirlərinin oxunması, özünün aşıq kimi dinlənilməsi rəğbətlə qarşılanır. Həyatının gənclik çağlarında eşqə düşür, varlı və mömün bir ailədən qız istəyir. Lakin bu istəyinə qovuşa bilmir. Nakam məhəbbətini ömrünün sonuna kimi unutmur. İsmi Pünhan adı ilə qovuşa bilmədiyi qızı yorulmadan, usanmadan vəsf edir. Adını, tərifini ellərə yayır.

İsmi pünhan, niyə məndən küsübsən?
Yaxşı yaman ya bir olar, ya iki.
Bu gün ölsəm hamı deyər yazıqdır,
Canı yanan ya bir olar, ya iki.
Sən şöləsən dörd yanında fanaram,
Bülbülünəm, gülşən ondən kənaram.
Hər məclisdə od tutuban yanaram,
Dərdim qanan ya bir olar, ya iki.
"İsmi-Pünhan" aşiqi...

Molla Cümə ilahi eşq odu ilə yanıb-yaxılan aşiqdir. O, özünü ən məşhur, cəfakeş, əzabkeş aşiqlərin cərgəsində sayır. Qeys, Fərhad, Yusif, Tahir, Kərəm, Qərib, Vərğa, Qənbər, Şeyx Sənan kimi aşiqlərlə özünü müqayisə edir.

Molla Cümə hələ gənc yaşlarından ustad sənətkarların ədəbi irsini dərindən öyrənmiş yaradıcılığını zənginləşdirmişdir.

Molla Cümə gözəllik aşiqi idi. Elə bir aşiq ki, eşqində hər zaman sadiqdir. O ayrılıqda keçən ömrü bihudə sayır. Çünki onu yaşadan, onun həyatına rövnəq verən İsmi-Pünhan eşqidir:

Səndən ayrı ömür sürüb neylərəm,
Molla Cümə istər ölsün səninlə.

Molla Cümənin ədəbi irsi içərisində qədim şərq, Azərbaycan əfsanə və əsatirləri, xüsusilə islam dünyası ilə əlaqədar çoxlu şeirlər var. Aşığın islam mövzusunda olan şeirlərindən aydın olur ki, o, hər şeydən əvvəl "Qurani-Kərim"ə, yer üzünə gəlmiş məşhur peyğəmbərlərin, islam dünyasının şöhrətli şəxslərinin həyatına, fəaliyyətinə çox gözəl bələd imiş.

Böyük ustad sənətkar heç bir şerində islamı təbliğ etmir, insanları dinə çağırmır. Ancaq islamın böyüklüyünü, müqəddəsliyini və toxunulmazlığını ürəkdən gələn sözlərlə bədii şəkildə ifadə edir. Molla Cüməyə görə islama hörmət və məhəbbət bu dünyadan əl çəkmək demək deyil. Bu mövzuda şeirləri oxuyanda aydıncasına görürsən ki, islamın müqəddəs qanunlarını, Quranı əlində tutub bu dünyada ömür sürməyə, gözü açıq olmağa, halal zəhmətlə yaşamağa, düzlüyə çağırır.

"Mədəd", "Bax", "Dünya", "Qalacaqmı", "Yarəb" və başqa şeirlər, Aşıq Könül ilə deyişmələri aşığın islam dünyasına dərindən bələd olduğunu nümayiş etdirməkdədir. Xüsusilə dünyaya müraciətlə söylədiyi bir neçə şeir bu cəhətdən çox səciyyəvidir:

İslamın çırağı, haqqın həbibi,
Məhəmməd Mustafanı neylədin, dünya?

Aşığın yaradıcılığında nə qədər tarixi, əfsanəvi, dini şəxslərin adları məlum olur ki, onlar haqqında olan əfsanə və xatirələrin hamısı aşığa bəlli olmuşdur: Habil, Qabil, Mənsur, Davud, Süleyman, İsa, Musa, İbrahim Xəlil, Əyyub, Yunis, Adəm, Nuh, Yəqub, Şəddad, Firon, İsgəndər, Nuşirəvan Keykavus, Xosrov Pərviz, Namrud və b.

Xain bolşeviklərin qurbanı

Bəzən bir-iki misra ilə böyük bir hekayətə, yaxud dini-fəlsəfi adlara işarə olunur. Molla Cümə bunların hamısını təkbaşına öyrənmişdir. Bunları oxuduqca onun bilgisinə heyran qalmamaq olmur:

Yüz iyirmi dörd min Nəbi
Dünyaya qılmış zühur,
Yeddi qat yer, yeddi qat göy,
Ərş, kürs, Qafin, Tur.
Şəms, Qəmər, mələk, nücum,
Insi, cins, mari, mur,
Yüz sühufnan endi Tövrat,
Furqani, İncil, Zabur,
İxlasnan Yasin, maha
Oxuyan dildən mədəd.

Molla Cümə həyatı, ömrü, dərin və ziddiyyətli yaradıcılığı ilə sirli bir xəzinədir. Bir əlində insanı ucaldan, yaşadan, həyata bağlayıb qanadlandıran, bəşəri məhəbbəti vəsf edən şeirləri, o biri əlində isə həmin insanı ruhən, daxilən təmizləyən, xeyirxahlığa, əliaçıqlığa, comərdliyə, mənəvi təmizliyə çağıran Quran surələrindən süzülüb gələn minacat və surələri. Hər iki əlinin işığı aşıq insanlığa xidmət etmişdir.

Molla Cümənin həyatı acı bir sonluqla bitib. O, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarlarından olub. Həmin dövrdə Qarabağda, Zəngəzurda erməni quldurları dinc azərbaycanlı əhaliyə divan tutarkən, digər bölgələrdə olduğu kimi, Şəkidə də Milli Orduya kömək məqsədilə könüllü dəstələr yaradılırdı. Həmin dəstələrdən birini aşıq Molla Cümə və onun əmisi oğlanları yaratmışdı. 1920-ci ilin mayında, Azərbaycanın sovetləşməsindən sonra bolşeviklərin həyata keçirdiyi repressiyada onun bütün qohumları həbs olunub. Bu haqsızlıq şairə pis təsir edib. O, ömrünün ixtiyar çağında çox sarsılıb. Bunun ardınca 1920-ci ilin iyununda isə şairin özü öldürülüb.

Molla Cümənin yaradıcılığı haqqında bəzi araşdırmalar aparılıb. Onun şeirlərinin bir hissəsini 1930-cu illərdə tədqiqatçı Hümmət Əlizadə toplayaraq "Aşıqlar" kitabında nəşr etdirib. 1966, 1983 və 1995-ci illərdə aşığın üç kitabı çap olunub. Son nəşrdə aşığın əksər şeirləri toplanıb. Molla Cümənın bir neçə saz havası da məlumdur: "Molla Cümə gözəlləməsi", "Molla Cümə gəraylısı", "Şəki dübeyti", "Molla Cümə müxəmməsi" (yaxud Cığalı müxəmməsi).

Milli.Azскачать dle 12.1