Bia.Az

Putin Navalnıdan qorxurmu? - Kitabdan seçmələr

Dünya
 27-10-2021, 09:18     17

Rusiyanın hazırda həbsdə olan müxalif lideri Aleksey Navalnı haqda ingilis və alman dillərində kitab çıxıb.

“Navalnı: Putinin barışmaz düşməni, Rusiyanın gələcəyi?” adlı kitabın müəllifləri Almaniyanın Bremen Universitetinin Rusiya üzrə ixtisaslaşmış elmi işçısi Yan Matti Dollbaum, Böyük Britaniyanın Kent Universitetində Navalnı və Rusiya müxalifəti haqda tədqiqatlarla məşğul olan fəlsəfə doktoru Morvan Lallue və London Universitetində Rusiya siyasətindən mühazirələr söyləyən, “Chatham House” Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Ben Nobldur.
ABŞ-ın “The Daily Beast” internet nəşri kitabdan parçalar dərc edib. Novator.az saytı həmin nəşrə istinadla “Navalnı: Putinin barışmaz düşməni, Rusiyanın gələcəyi?” kitabından bəzi hissələri ingilis dilindən çevirərək oxucuların diqqətinə çatdırır.
Navalnı inqilabçıdırmı?
2020-ci ilin mart ayının sonlarıdır. Gənc fəal Yeqor Jukov ”Exo Moskvı” radiostansiyasının studiyasında Aleksey Navalnı ilə üz-üzə gəlir. Jukov bir çoxlarının fəal kimi yetişməsinə səbəb olmuş Navalnıya ictimai-siyasi fəaliyyətdə ona da ilham verdiyi üçün təşəkkür edir.
Bu gün Jukov hücum vəziyyətindədir. O, əminliklə deyir ki, mitinqlər böyük planın bir hissəsi olmayanda çox vaxt hədəfə çata bilmir. İki saat etiraz aksiyası keçirib sonra dağılışmaq səlahiyyətliləri narahat etmir. Jukov təkidlə bildirir ki, bunun əvəzində daha dağıdıcı – dinc, amma şiddətli aksiyalar təşkil etmək lazımdır. Məsələn, yolları bağlamaq və ya hökumət binalarını tutmaq kimi işlər həyata keçirilməlidir.
Navalnının cavabı aydındır. Konstitusiyaya görə, insanların dinc toplaşmaq hüququ var və Navalnı rəsmilər icazə verməsələr belə, bu hüququ müdafiə etməyə hazırdır. Navalnı deyir: “Mən etiraz etməyə çağırıram, Moskva meriyasının dediklərinə isə zərrə qədər də əhəmiyyət vermirəm”. Buradan belə anlaşılır ki, Navalnı kifayət qədər radikaldır.
Navalnının inqilaba allergiyası olduğunu demək mümkün deyil. Məsələn, 2011-ci ildə Navalnı Yaxın Şərq və Şimali Afrikadakı rejimləri yıxan “Ərəb baharı” zamanı baş vermiş qarşıdurmanın – “korrupsiyaya uğramış elitalar və geniş xalq kütlələri arasında qarşıdurma”nın Rusiyada da ola biləcəyini düşünürdü. O, 2016-cı ildə də Rusiyada bu cür qarşıdurmanın olacağına ümidlənmişdi. Bu xüsusiyyəti Navalnını rus liberallarının köhnə qvardiyasından fərqləndirir.
Amma Navalnı Jukov kimi daha radikal tədbirlərə əl atan gənc nəslin nümayəndələrindən seçilir. Kreml tərəfdarı olan kütləvi informasiya vasitələri daima Navalnını Ukraynanın meydan hərəkatını Rusiyaya gətirmək cəhdində ittiham edir. Putin Navalnının keçirdiyi etiraz aksiyalarını bolşevik inqilabına, aksiyaların təşkilatçılarını isə terrorçulara bənzədir.
Navalnı Jukova məhz bu ittihamları nəzərə alaraq cavab verir: “Mən realistəm. Bilirəm ki, yolları bağlama aksiyasına çağırış edən kimi mənim ölkədəki bütün ofislərimdə çalışan hər kəsi dərhal həbs edəcəklər. Məqsədim etiraz fəallığını artırmaq və rejimi stresə salmaqdır. Amma bütün bunlar konstitusiya çərçivəsində olmalıdır”.
Navalnının insanları barrikadalar qurmağa cəlb etmək arzusunda olub- olmadığını bilmirik. Amma danışığından və hərəkətlərindən onun nə vaxtsa belə bir plan qurduğu hiss olunmur. Navalnını inqilabçıdan çox əyilməz realist adlandırsaq, daha doğru olar.
Putin Navalnıdan qorxurmu?
Navalnı və onun Kremlə münasibəti haqda ortaya çıxan sualların əksəriyyəti cavabsız qalıb. “Putin Navalnıdan qorxurmu” sualı bu qəbildəndir. Bu suala cavab tapmaq üçün ya gərək Putinin ürəyini oxuyasan, ya da ən azı onun çox yaxın sirdaşından söz alasan.
Belə maneələrlə üz-üzə qaldığımız üçün fərqli bir addım atası olduq. Rusiyanın hakim dairələrinin sözüylə əməli çox zaman bir-birinə zidd gəlir və buna görə də biz sistemin müəyyən hadisələrə necə reaksiya verdiyini araşdırdıq.
Putinin Navalnı haqqında nə düşündüyünü dəqiq bilmirik. Ancaq prezidentin ictimaiyyət arasında Navalnının adını heç vaxt çəkməməsindən, 2020-ci ilin avqustunda Navalnı xəstələnməmişdən əvvəl onun təhlükəsizlik xidməti əməkdaşları tərəfindən təqib edildiyini etiraf etməsindən və Navalnının Qərb qüvvələrinin agenti olduğunu israr etməsindən nəticə çıxara bilərik.
Hakim dairələr Korrupsiya ilə Mübarizə Fondunun araşdırmalarından nə dərəcədə narahat olur, deyə bilmərik. Ancaq “YouTube”da videoların silinməsi haqda rəsmi göstərişlərdən, hüquq mühafizə orqanlarının fonda tez-tez basqın etməsindən və nəhayət, Korrupsiya ilə Mübarizə Fondunun ləğv edilməsindən nəticə çıxara bilərik.
Kremlin “Ağıllı səsvermə”yə (Navalnı komandasının koordinasiyası ilə həyata keçirilən və hakim Vahid Rusiya Partiyasına qarşı hədəflənmiş taktiki səsvermə layihəsi) nə dərəcədə ciddi yanaşdığını söyləyə bilmərik. Ancaq seçiciləri çaşdırmaq üçün “Ağıllı səsvermə” adlı oxşar layihənin işə salınmasının, 2021-ci ilin martında bələdiyyələrdə fəalların kütləvi şəkildə həbs olunmasının və Navalnının bütün ölkədəki seçki məntəqələrinə hücum təşkil edilməsinin şahidi olmuşuq.
Putinin şəxsi fikrini bilməsək də, baş verənlər göstərir ki, Kreml Navalnıya son dərəcə ciddi yanaşır, Navalnı və onun komandasının fəaliyyətini mövcud siyasi duruma açıq təhdid kimi görür. Ancaq Kreml onu da bilir ki, Navalnı hökumətin yeganə problemi deyil.
Navalnı insanların diqqətini hakim dairələrin korrupsiyasına, ölkədəki bərabərsizlik probleminə yönəltmək, cəmiyyəti səfərbər etmək bacarığına malik olduğunu sübuta yetirib. Onu təcrid etməklə Kreml Rusiya cəmiyyətində etiraz ocağını zəiflədə bilər. Kreml buna nail ola bilər, ancaq maaş azlığı, qiymətlərin artması, məmur rüşvətxorluğu kimi vətəndaşları narazı salan başlıca problemlər yerində qalır.

Mənbə:
Thedailybeast.comскачать dle 12.1