Bia.Az

Vərəmdən ölüm artır – baiskar koronavirusdur

Dünya
 22-10-2021, 11:46     16

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Vərəmdən ölüm sayı yenidən artır – baiskar koronavirusdur” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.

Koronavirus infeksiyasına görə indiyədək dünyada 4,9 milyondan artıq insan həyatını itirib. Bu, Los-Anceles əhalisinin sayından çoxdur.
Ancaq bu da hələ son deyil. İnfeksiyanın getdikcə üzə çıxan yeni-yeni fəsadları insan itkisinin sayını daha da artıracaq, o biri yandan rifah səviyyəsini də aşağı salacaq.
Yeni statistika göstərir ki, 2020-ci ildə vərəm xəstəliyindən ölənlərin sayı əvvəlki dövrə nisbətdə azalmayıb, artıb. Bu isə son 15 ildə ilk belə hadisədir.
Ölümlərin çoxuna xəstəliyin vaxtında aşkarlanmaması və müalicəsiz qalması səbəb olub.
Məsələ aydındır: bütün dünyada səhiyyə sistemini sıxışdırmış COVİD-19 infeksiyası başqa xəstəliklərə diqqəti azaldıb.
Klinikalar koronavirus xəstələri ilə aşıb-daşdığından başqa xəstələrə xidmət göstərilmir, uşaqların planlı şəkildə peyvəndlənməsi təxirə salınır, nəticədə insanlar pandemiyanın dolayı qurbanlarına çevrilirlər.
Koronavirusa qədər insanları öldürən əsas infeksiya vərəm idi. Hər il vərəmdən ölənlərin sayı HİV/QİÇS və malyariyadan ölənlərini sayını keçirdi. Ancaq pasiyentlərin əsasən öskürəklə havaya yaydığı bakteriyalardan çoxalan vərəm xəstəliyi hər halda müalicə olunan, qarşısı alına bilən bir xəstəlikdir.
Mühüm şərtlərdən biri diaqnozu vaxtında müəyyənləşdirmək, vərəm xəstələri haqda məlumatları zamanında əldə etməkdir. 2019-cu ildə vərəm diaqnozu qoyulan yeni xəstələrin sayı 7,1 milyon nəfər olub. 2020-ci ildə isə bu göstərici 5,8 milyona düşüb. Bu o deməkdir ki, 2020-ci ildə vərəm diaqnozu qoyulan yeni xəstələrin sayı doqquz il əvvəlki səviyyəyə qayıdıb. Amma bu, vərəmli xəstələrin sayının azalmasının yox, vərəmə tutulsa da vaxtında müayinədən keçməyən və müalicə almayan insanların sayının artmasının nəticəsidir. Deməli, xeyli adam koronavirus pasiyentləri ilə yüklənmiş səhiyyə sistemindən kənar gəzir, vaxtında müayinə olunmur.
2020-ci ildə dünyada ümumilkdə 10 milyon vərəmli xəstə olub.
Dünya Səhiyyə Təşkilatı bildirir ki, vərəmdən müayinə olunmayan və qeydiyyata düşməyən pasiyentlərin əksəri 16 ölkədə yaşayır. Belə pasiyentlərin 93 faizi həmin 16 ölkənin payına düşür. Bu sırada Hindistan, İndoneziya, Filippin və başqa ölkələrin adları çəkilir.
Müayinə və müalicə imkanlarının əlçatan olmaması isə ölüm sayının artmasına gətirib çıxarır.
Dünya Səhiyyə Təşkilatının bugünlərdə açıqladığı illik hesabata görə, 2020-ci ildə dünyada vərəm xəstəliyindən 1,3 milyon ölüm qeydə alınıb.
2005-ci ildən bəri vərəmdən ölənlərin sayı hər il azalırdı. İndi ilk dəfədir ölənlərin sayı artıb: 2020-ci ildə vərəmdən ölüm sayı 2017-ci ildəki səviyyədə olub.
Vərəmin dərmanlarla davamlı müalicəsinin, bu xəstəlik üzrə digər profilaktik tədbirlərin azalması ciddi narahatlıq doğruran faktdır. Dünyada vərəmlə bağlı müayinə, müalicə xərclərinin, xəstəliyin qarşısının alınmasına ayrılan vəsaitlərin də həcmi aşağı düşməyə başlayıb.
Çox güman, bütün bunlar səhiyyə sistemində vərəmlə bağlı tarixin təkrar olunmasına, poliomielit, malyariya, HİV/QİÇS və digər xəstəliklər kimi vərəmə qarşı da qlobal kampaniyaların baş qaldırmasına gətirib çıxaracaq.
Dünya Səhiyyə Təşkilatının və UNİCEF-in hesabatına əsasən, 2020-ci ildə 23 milyon uşaq əsas peyvəndlərdən (hər il uşaqlar üçün planlı şəkildə aparılan vaksinasiyadan) kənarda qalıb. Bu, 2019-cu illə müqayisədə 3,7 milyon nəfər çoxdur.
2020-ci ildə əsas peyvəndlərdən kənarda qalan uşaqlardan 17 milyon nəfərinə il ərzində ümumiyyətlə heç bir peyvəndin vurulmadığı ehtimal olunur.
Pandemiya təkcə koronavirusa yoluxanların həyatını məhv etmir. Bir gün COVİD infeksiyası səngiyəndə o vaxt koronavirusdan da, başqa xəstəliklərdən də əziyyət çəkənlərin müalicəyə və qayğıya xeyli ehtiyacı olacaq.
Mənbə: Washingtonpost.comскачать dle 12.1