Bia.Az

Maska taxmağı xoşlayan adamlar – “Vaşinqton Post”

Dünya
 18-03-2021, 19:20     495

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Maska taxmaqdan xoşu gələn insanlar. Səbəb təkcə COVİD-19-dan qorunmaq deyil” başlıqlı məqalə dərc olunub.

Məqalənin müəllifi Petyula Dvorakdır.

Novator.az saytının məlumatına görə, məqalədə deyilir ki, koronavirus pandemiyasının başlanmasından bir il ötür və bu müddətdə həyatımızda çox şey dəyişib: “Hər dəfə küçəyə çıxanda yadımıza maska düşür. Evdən çıxanda açar, pul, telefon götürmək kimi adətimiz var. İndi maska götürmək ənənəsi də yaranıb və deyəsən, bu yeni ənənə hələ xeyli davam edəcək.
Elə adamlar var ki, maskadan zəhləsi gedir, onu taxanda nəfəsi daralır və bunu siyasi zülmkarlıq hesab edir. Ancaq elələri də var kütləvi maskalanma onlar üçün qurtuluşa çevrilib”.
Daha sonra müəllif yazır: “Məsələn, maskalı vəziyyətdə ərzaq mağazasında öz-özünə rahatca zümzümə edə bilərsən. İdman zalında arxayınca gülümsəyə, küçədə öz-özünə danışa bilərsən. Dişinə ilişib qalmış ispanaq yarpağından, ağzından gələn qəhvə qoxusundan heç kimin xəbəri olmayacaq. Heç pomada vurmaq da lazım gəlmir. Bu bir ildə əvvəllər təravətləndirici və kosmetik məhsullara xərclədiyimiz nə qədər pula qənaət eləmişik!”
Müəllif bildirir ki, sosial şəbəkə istifadəçiləri arasında maskaya tərif yağdıranlar var: “Sosial şəbəkə istifadəçilərindən biri yazır: “Mən maska taxmağı sevirəm. Ömür boyu maska geyinmək istəyərdim. Bu mənim sosial narahatlığımın qarşısını alır”.
Başqa birisi yazır: “Maska taxmaq mənə çirkin qalmağa və rahat yatmağa imkan verir. Üzümdə maska olanda xoşum gəlir”.
ABŞ-da yaşayan, uşaqların sevimlisinə çevrilmiş bir kitabxanaçı qadın deyir ki, iş dalınca gedəndə maskada olmaq ona sərf eləyir, çünki bu vəziyyətdə kiçik yaşlı fanatları onu tanımır.
Yaşı 40-ı haqlamış “Twitter” istifadəçisi Donna Bauer haçansa maska taxmayacağına inanmadığını bildirir: “Maska taxmaq məni soyuqdan qoruyur, makiyajsız gəzməyimə, diqqətdən kənarda qalmağıma imkan verir. Bütün bunalara görə maskadan xoşum gəlir. Hətta peyvənd olunandan, kollektiv immunitet yaranandan sonra da maskada gəzəcəm”.
Üzündəki fərqli cizgilərə görə həmişə başqalarının diqqətini çəkən, indisə onu ilk dəfə görən adamların qəribə baxışlarından canını qurtarıb rahatlıq tapan insanlar var.
San-Dieqodan olan 19 yaşlı tələbə Petra Pereyra maska taxdığına görə insanların onun üzündəki sızanaqları görmədiyini deyir. Petra Pereyra buna sevinir: “Mən uşqalıqdan dilimi çeynəyirəm. Həm də sifətimdə çoxlu sızanaq var. İndi maska bütün bunları gizlədir. Sızanaqlar məni elə pis göstərir ki, hətta tanımadığım adamlar üzümə baxanda mənə məsləhət verməyi özlərinə borc bilirlər. Danlayırlar, guya yaxşı dəri həkimi tapmağa çalışmıram. Ona görə maskada olanda cəmiyyət içində özümü daha sərbəst hiss edirəm”.
Kəllə-beyin travması səbəbindən üz-gözü əyilmiş Ariel Henli pandemiya dövründə maska taxmaq ənənəsinin onun həyatını dəyişdiyini bildirir: “Üzümü örtməklə insanların mənə münasibətini dəyişmişəm. Bu yaxınlarda poçtda tanımadığım adamların cərgəsində növbəyə durmuşdum. Onlar da maska taxmışdılar. Məni fərqləndirən cəhət daha həmişəki kimi deformasiyaya uğramış gözlərim deyil, sadəcə parlaq rəngli maskam idi. Mən anonimlik hissindən və maskalı izdihama qaynayıb-qarışmaq imkanından məmnun idim”.
Nyu-York ştatının 66 yaşlı sakini Konni Ballok da üzünün yarısını örtmək şansından təsəlli tapır və bu vəziyyətdə daha ona heç kimin baxmadığını deyir. Konni Ballok bildirir ki, ABŞ-ın baş infeksionisti doktor Entoni Fauçi əhaliyə maska taxmağı məsləhət görən andan maska taxır.
Konni Ballok dördüncü dərəcəli döş xərcəngi xəstəliyindən əziyyət çəkir. Kimya terapiyası prosesində ürəkbulanmaya qarşı qəbul etdiyi dərmanlar onda sinir siteminə təsir edən daha bir xəstəlik – gecikmiş diskineziya (qeyri-ixtiyari hərəkətlər) yaradıb: “Mənim daima ağzım əyilir, dilim dolaşır. Adam içinə çıxmaqdan dəhşətli dərəcədə qorxurdum”.
Bu, çox kədərlidir, çünki Konni Ballokun gözəl təbəssümü və parlaq gözləri var. İndi maska taxmaq onun insanlar arasında özünü rahat duymasına kömək edir. Bu, 66 yaşlı qadın üçün böyük təssəli olub. İnsanlar hələ də Konni Ballokun gözqamaşdıran təbəssümünü görə bilərlər – onun gözlərində”.скачать dle 12.1