FETÖ-nün SENSASİON Türkiyə planı: Onu hansı rəhbərlər dəstəkləyirdi?

“Uzun illərdir Türkiyə daxilində bütün sahələrə sızan, qeyri-hökumət təşkilatları və dini vəqflərdən orduya kimi əli uzanacaq dərəcədə gücə malik olan FETÖ təşkilatı həm də “Güləncilik” adı ilə tanınırdı”.
Bu sözləri Globalinfo.az-a politoloq Ramiyə Məmmədova deyib.
O bildirib ki, 1960-cı illərin sonunda İzmirdə din adamı Fətullah Gülənin təkidi ilə bir araya gələn təşkilat üzvləri, daha sonra casusluqla məşğul olmağa başladılar:
“İcma öz mahiyyəti və hədəfi etibarilə anti-dünyəvi, şəriətə dəstək verən quruluşa, mötədil və zərərsiz zahiri görünüşə malik idi. Təşkilat dini fəaliyyətləri ilə yanaşı Türkiyə Cümhuriyyətinin konstitusiya qurumlarında da qanuni və qeyri-qanuni yollarla üstünlük əldə etmişdi. Bununla ölkənin idarəsini öz ideologiyalarına uyğun dizayn etməyi hədəfləyirdilər.
FETÖ ilk zamanlarda başda Türkiyə olmaqla müxtəlif ölkələrdə fəaliyyət göstərən ictimai hərəkat olaraq ortaya çıxdı. Digər tərəfdən uzun illər ərzində xüsusilə Türkiyə polis bölmələrində, məhkəmə orqanlarında, orduda, mediada, siyasətdə və Məclisdə təşkilatlanaraq üstün mövqelərə hakim oldu. Hərəkat cəmiyyətdə siyasət, hökumət, təhsil, media və biznes sahələrində, hətta insanların düşüncə tərzi üzərində üstünlüyünü təmin edə bildi. Beləlikə, Türkiyəni öz siması ilə yenidən formalaşdırmağı hədəfləyən mühafizəkar bir quruluş olaraq fəaliyyət göstərməyə başladı. Zamanla böyük maliyyə üstünlüyünə sahib olan Gülən cəmiyyətinin gücü Türkiyədə daha da dərinləşdi. FETÖ etdiyi yardımlar, açdığı məktəblər vasitəsilə maddi və mənəvi bağlılıqlar qazanır, həm yüksək iyerarxiyada, həm də sadə insanlar arasında böyük qüvvə və dəstəkçilər toplamağı bacarırdı”.
Politoloq bildirib ki, hətta ayrı-ayrı vaxtlarda Türkiyədə hakimiyyətdə olmuş şəxslər belə təşkilatın digər ölkələrdə güclənməsinə yardım ediblər:
“FETÖ-nün sıralarına toplanan minlərlə gəncə “Gülənçilik” ideologiyası aşılanıb. Həmin şəxslərə təhsil verib, onların hökumətdə yuxarı vəzifələrə təyinatı üçün şərait yaradıblar. Beləliklə zamanı gələndə o gənclərdən öz məqsədləri üçün istifadə edirdilər. Təşkilat üzvləri ölkənin bütün partiyalarına sızıb, istənilən siyasi qərarın qəbuluna təsir göstərməyi bacarırdılar.
Ramiyə Məmmədova
Türkiyədə bu vəziyyət 1990-cı illərə qədər davam etdi. Təşkilat daxilində çəkişmələr, üzvlər arasındakı narazılıqlar, pul və vəzifə təyinatına nəzarətin ələ keçirilməsi uğrunda mübarizələr FETÖ-nün parçalanmasına səbəb oldu. Bu zaman Fətullah Gülən ölkədən ABŞ-a qaçdı və fəaliyyətini oradan davam etdirdi”.
Ekspertin sözlərinə görə, onun olmadığı illər ərzində FETÖ-nün əli ilə Türkiyə ordusu daxilində vətənpərvər hərbçilərə qarşı qarayaxma kampaniyaları həyata keçirildi:
“Bu günə kimi skandallarla xatırlanan “Ergenekon”, “Balyoz”, “Poyrazköy”, “Hərbi Casusluq” və digər bənzər hadisələrdə hədəf Türkiyə ordusunda “təmizlik” idi. Nəticədə saxta sənədlər, səs yazıları və yalançı şahidlər vasitəsilə bir çox yüksək rütbəli ordu nümayəndəsinə və hərbçilərə “vətən xaini” damğası vuruldu. Beləliklə minlərlə insan Silahlı Qüvvələrdən kənarlaşdırıldı. Təşkilatın son həmləsi “15 Temmuz” adı altında yadda qalan və çox insanın həyatına son qoyan Türkiyə Cümhuriyyətinin demokratiyasını ABŞ-ın yardımı ilə hədəfə alan dövlət çevrilişinə cəhd idi. Bu hadisədən sonra FETÖ və onun arxasında dayanan qüvvələrə qarşı əməliyyatlar başladı”.
R.Məmmədova qeyd edib ki, Gülənin ABŞ-ın layihəsi olduğu və bu ölkənin kəşfiyyatı tərəfindən idarə edildiyi artıq hər kəsə məlumdur:
“Yaşananlardan sonra Ankara Vaşinqtondan dəfələrlə Fətullah Gülənin təhvil verilməsini tələb etdi. Amma Ağ Ev razılaşmadı. Bundan sonra FETÖ daha əvvəlki gücündə olmayacaq. Çünki Gülənin ölümü təşkilat daxilində çəkişmələri başlatdı. Hazırda üzvlər arasında növbəti rəhbərin kim olması, geriyə qalan pul və mülklərin ələ keçirilməsi uğrunda gərgin mübarizə gedir.
Turan Rzayev
Globalinfo.az