Bia.Az

"Paşinyan Ermənistanın xarici siyasətində bəxtə-bəxt deyil, praqmatik addımlar atmağa çalışır"

Dünya
 13-03-2024, 19:25     375

Ermənistanın Paşinyanın rəhbərliyi altında xarici siyasət təşəbbüsləri praqmatikdir. İrəvan ölkədəki problemləri Qərb və ya Rusiya arasında ox seçməkdənsə, çoxölçülü xarici siyasət yanaşması ilə həll etməyi hədəfləyir.
Bizimyol.info xəbər verir ki, York Universitetində doktorantura təhsilini davam etdirən Burak Çalışkan "AA" üçün baş nazir Paşinyan dövründə Ermənistanın praqmatik xarici siyasət təşəbbüsləri haqqında yazıb.

2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən 2-ci Dağlıq Qarabağ müharibəsində Azərbaycanın yürütdüyü uğurlu siyasət nəticəsində bölgədəki erməni işğalına son qoyuldu. Bakı rəhbərliyi 1-ci Qarabağ müharibəsində itirdiyi ərazilərin bir hissəsini döyüş yolu ilə, bir hissəsini isə diplomatiya yolu ilə geri almağa nail oldu. İrəvan məğlubiyyəti qəbul etdi.

2023-cü ilin sentyabrında Azərbaycan ordusu Qarabağda fəaliyyətini davam etdirən qeyri-legitim erməni rejiminə qarşı antiterror əməliyyatı ilə bölgəni tamamilə nəzarətə götürüb. Azərbaycan illərdir işğal altında olan torpaqlarını azad edərkən, Cənubi Qafqazda status-kvo da dəyişdi. Müharibə və məğlubiyyətin nəticələri Ermənistanın daxili və xarici siyasətinə təsir etməkdə davam edir.

İrəvan siyasətində balanslar

2018-ci ildə “məxməri inqilab” adlı etiraz aksiyaları ilə hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni korrupsiyadan və köhnə siyasətdən xilas edəcəyini bəyan edib. Lakin Ermənistanın 2-ci Dağlıq Qarabağ müharibəsində ağır məğlubiyyəti Paşinyanı tənqid hədəfinə çevirib. Müxaliflər onu həm vəd olunan islahatları yerinə yetirmədiyinə, həm də Azərbaycana qarşı müharibədə uduzduğuna görə tənqid etməkdə davam edirdilər. Ölkəni müstəqillikdən 2018-ci ilə qədər idarə edən “Qarabağ klanı” Paşinyanı istefaya çağırmaqla etnik millətçi müxalifətə rəhbərlik edir. 2021-ci ilin aprelində istefa verməli olan Paşinyan 2021-ci ilin iyununda keçirilən növbədənkənar seçkilərdə 50 faizdən çox səslə seçkilərdə qalib gəlib.

Müharibədən sonra populyarlığı azalan Paşinyanın aşkar qələbə qazanması Ermənistan xalqı üçün vacib idi. İllərlə Qərbdəki hökmdarları, mediası və diasporu tərəfindən manipulyasiya edilən ermənilər böyük məyusluq yaşadılar. Onların təxminən 30 illik Qarabağ işğalı sona çatdıqda, geriyə çox problemli iqtisadiyyat və xarici mənbələrdən asılı vəziyyətə düşmüş bir ölkə qaldı. Diasporun və Rusiyanın iqtisadi yardımı illər boyu Ermənistanın xarici siyasətinə rəhbərlik etdiyi halda, davam edən müharibə iqtisadiyyatı erməni xalqının həyat şəraitini çətinləşdirirdi. Bu səbəbdən korrupsiya halları davam edən və Moskva tərəfindən dəstəklənən köhnə siyasətin ən önəmli simalarından olan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın seçilməməsi erməni xalqının yeni və təmiz siyasət tələbini ortaya qoydu.

Ermənistanın iqtisadi, siyasi və sosial problemlərindən xəbərdar olan Paşinyan türklərə qarşı nifrət əsaslı düşmənçiliyi ehtiva edən millətçi siyasətə qarşı çıxır. Bu səbəbdən də etnik millətçi “Qarabağ klanı”nın və müharibəyə meylli və regional reallıqlardan uzaq erməni diasporunun ölkə siyasətindəki təsirini qırmağa çalışır. 2020-ci ildə müharibədən sonra əvvəlki illərdə həyata keçirilən siyasəti tənqid edən Paşinyan Qarabağda yeni status-kvonun Ermənistanın gələcəyi üçün daha müsbət olduğunu bəyan etməklə ictimaiyyəti cəlb etməyə çalışır.

Azərbaycan və Türkiyə ilə normallaşmaya ehtiyacı olan İrəvan administrasiyası 1990-cı ildə bu ölkələrə qarşı ərazi tələblərini özündə əks etdirən İstiqlal Bəyannaməsini və konstitusiyanın dəyişdirilməsini də gündəmə gətirib.

Xarici siyasətdə axtarış

Erməni xalqının da istədiyi hüquqi və iqtisadi islahatlar xarici siyasətdə düzgün addımların atılması ilə mümkün ola bilər. Əslində 2000-ci illərdən milli dövlət quruculuğunu yetkinləşdirən, iqtisadiyyatını inkişaf etdirən Azərbaycan çoxtərəfli xarici siyasəti ilə ordusunu modernləşdirərək Ermənistanla güc balansını dəyişməyə nail oldu. Bu proses İrəvanın Rusiyanın bu ölkəyə təsirini qırmağa çalışdığı, qərbyönlü siyasət yeritdiyi bir dövrə başladı. Müxalifətdə olarkən anti-Moskva ritorikası ilə tanınan Paşinyan 2020-ci ildə müharibədən sonra bu fikirlərini daha aydın həyata keçirməyə başlayıb. Xüsusilə ötən ilin fevralında Paşinyanın Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırdıqlarını açıqlaması İrəvanın xarici siyasətində “oxların yerdəyişməsi” ilə bağlı müzakirələri artırıb.

2-ci Dağlıq Qarabağ müharibəsinin gedişatını dəyişən ən mühüm amillərdən birinin regionda Türkiyə-Rusiya münaqişəsi olması Ermənistan ictimaiyyətində Paşinyanın arqumentlərini gücləndirdi. Rusiya silah və texnologiyası ilə təchiz edilmiş Ermənistan ordusu Azərbaycan ordusunun ixtiyarında olan Türkiyə silah və texnologiyaları, xüsusən də pilotsuz uçuş aparatları (PUA) və silahlı pilotsuz uçuş aparatları (SİHA) qarşısında aciz qalıb.

Əslində bu proses Ermənistanı çoxşaxəli xarici siyasət yaratmağa sövq etdi ki, bu siyasətdə həm qonşuları ilə münasibətləri yaxşılaşsın, həm də Qərblə münasibətləri yaxşılaşsın. Bu məqamda 2023-cü ilin iyununda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edən Paşinyan bəyan edib ki, Ankara ilə münasibətlərin normallaşması Ermənistan üçün ən vacib amildir.

İrəvanın qərbyönlü xarici siyasət təşəbbüsünə ən çox maraq göstərən ölkə Fransa olub. İki ölkə arasında müxtəlif təhlükəsizlik sazişləri və hərbi yardımla bağlı danışıqlar aparılıb. Əslində bu yaxınlaşma Fransanın açıq şəkildə anti-Azərbaycan siyasət yürütməsinə səbəb oldu və qısa müddətdə Bakı-Paris münasibətləri pisləşdi. Türkiyənin Afrikada artan təsirindən narahat olan Fransanın geosiyasi cavab olaraq Cənubi Qafqazda yeni tənlikdə rol almağa çalışdığını söyləmək olar.

Bu məqamda Ermənistanın Paşinyanın rəhbərliyi altında xarici siyasət təşəbbüsləri praqmatikdir. İrəvan ölkədəki problemləri Qərb və ya Rusiya arasında ox seçməkdənsə, çoxölçülü xarici siyasət yanaşması ilə həll etməyi hədəfləyir. Ermənistanın qonşularına qarşı atdığı müsbət addımlar, şübhəsiz ki, öz cavabını alacaq və ölkədə sosial-iqtisadi islahatların aparılması üçün mühüm imkan yaradacaq.

Lakin həm daxili müxalifətin təzyiqi, həm də İrəvanın yeni müttəfiqlərinin geosiyasi istəkləri Cənubi Qafqazda gözlənilən regional sülhə mənfi təsir göstərə bilər.
скачать dle 12.1