Bia.Az

Paşinyanın Moskva, Brüssel və Paris qumarı - İNCƏLƏMƏ

Dünya
 2-03-2024, 12:20     236

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı yönəlmiş siyasəti gün keçdikcə aktivləşir, Fransa ilə Ermənistan arasındakı münasibətlər dərinləşir və əlaqələr aktivləşir. Ermənistan Rusiyadan asılılıqdan qurtulmağa çalışdığını, Avropa İttifaqına üzv olmağa namizəd statusuna yiyələnməyə can atdığını da bəyan edir.

Ermənilərin sürətlə Rusiyadan kənarlaşmağa çalışdıqları, İrəvanın Moskva ilə əlaqələri minimuma endirməyə meylli olması və Rusiyanın da mövqelərinin zəiflədiyi barədə şərhlər, bəyanatlar, açıqlamalar və s. sıralanmaqdadır.

Nə baş verir?

Hadisələrin zahiri görüntüləri ilə mahiyyəti arasında həmişə olduğu kimi, ciddi və çox dərin, hətta kəskin fərqlər var.

Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası artıq aylardır ki, açıq-aşkar anti-Rusiya mövqeyi tutduqlarını göstərirlər.

N.Paşinyan müsahibələrində "Rusiya məni devirmək istəyir, ölkədəki proseslərə kobud müdaxilələr etməyə çalışır" deyir, Azərbaycanla və Türkiyə ilə şərti dövlət sərhədində rusiyalı sərhədçilərin Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyasının (EUMA) mənsubları ilə əvəzlənməsinin gərəkli olduğunu vurğulayır.

Ermənistan Fransanın hesabına sürətlə silahlanmaqla yanaşı, əsas və ən etibarlı "hami" qismində Parisi gördüyünü vurğulayır. Daha doğrusu, ermənilər havadar və istinad məkanı qismində Rusiyanı Fransa ilə əvəzləmək niyyətində olduqlarını açıq deyirlər.

Yaşanan proseslərlə bağlı bir sıra suallar var ki, onları cavablamaq gərəkdir.

1. Ermənistan yenə də Rusiyadan asılıdır? 30 il əvvəl, Azərbaycan ərazilərinin 20 faizini işğal edəndə Ermənistan dövlət və milli təhlükəsizliyinin təminatını Rusiya Federasiyasına həvalə etdi. Ermənistanın sərhədlərini rusiyalı sərhədçilər qorumağa başladı, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası gücləndirildi, onun mövcudluq müddəti 40 il uzadıldı. Rusiyadan aldığı enerjidaşıyıcıları, ərzaq, gündəlik tələbat malları və ən əsası - hərbi txnika ilə silah-sursata görə yaranmış borcları ödəyə bilmədiyi üçün Ermənistan rəhbərliyi ölkə iqtisadiyyatının ən önəmli sahələri üzərində nəzarəti Rusiyanın özəl və dövlət şirkətlərinə verdi.

Hazırda Ermənistan rəhbərliyinin bütün anti-Rusiya bəyanatlarına rəğmən, İrəvanın Moskvadan asılılığı azalmayıb. Əksinə, daha da artıb. Məsələn, Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Ermənistanla Rusiya arasında ticari dövriyyənin həcmində 4,3 dəfədən artıq (!) yüksəliş var. Ermənistan rəhbərliyinin "iqtisadiyyatın ciddi yüksəlişi, ÜDM artımı" və s. ilə bağlı bəyanatlarının hamısı məhz Qərbin tətbiq etdiyi çoxsaylı sanksiyalardan yayınmağa çalışan Moskvanın Ermənistandan idxal əməliyyatları üçün məkan qismində istifadə etməyə çalışması ilə bağlıdır. Təbii ki, ermənilər belə gəlir mənbəyini itirmək istəmirlər.

2. Azərbaycan müharibəyə hazırlaşır?

Azərbaycan ordusu ərazilərimizin 20 faizinin 30 illik işğalına son qoymaq üçün 44 günlük İkinci Qarabağ Müharibəsinlə başlayan kimi Ermənistan "Azərbaycan ərazilərimizi işğal edir, təcavüzə əl atır" isterikasına qapıldı.

Ancaq Qərbdə bu bəyanatlar laqeydliklə qarşılandı, çünki Azərbaycan öz ərazisində hərbi əməliyyatlar aparırdı. Belə əməliyyatlar aparan dövlət isə heç bir halda təcavüzkar sayıla bilməz. Ermənilərin bu cəhdləri baş tutmadığı üçün indi yeni ssenari ilə davranırlar. Avropa Parlamenti, Fransa Senatı, ABŞ Konqresi, "Freedom House", "Amnesty İnternational" və s. qurumlar, strukturlar, parlamentlər, beynəlxalq təşkilatların Azərbaycana təzyiq cəhdləri də məhz bu uydurma "Azərbaycan təhlükəsi" narrativinə əsaslanır.

3. Rəsmi İrəvanın "Azərbaycan hər an ərazilərimizə qoşun yeridə bilər" bəyanatının səbəbləri nədir?

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra rəsmi Kiyevin mövcudluğuna real təhlükə yarandı. Daha sonra Moldovanın mərkəzi hakimiyyəti Dnestryanı bölgədəki separatçı rejimin aktivləşdiyini və real təhlükə kəsb etməyə başladığını bəyan etdi.

Kollektiv Qərb də Ukrayna və Moldovanı "Rusiya təhlükəsindən qorumaq üçün" onlara Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusunu verdi.

Gürcüstanda da artıq bu status var: analoji səbəblərdən, yəni Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin real təhdid mənbəyi sayılmasına görə.

Ermənistan da Kiyevin, Kişineunun və Tbilisinin siyasi kursuna nəzərə salaraq prosesləri təkrarlamaq fikrinə düşdü, "Azərbaycandan gələn real təhlükə" adlı narrativi uydurdu. Nikol Paşinyan administrasiyasının məqsədi Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusuna nail olmaq istəyir.

Təbii ki, Brüssel İrəvan qarşısında şərtlər qoyur və şəmin şərtlərin əksəriyyətinə Ermənistan heç bir halda əməl elə bilməyəcək. Daha doğrusu, Ermənistan Azərbaycanla sülh sazişi imzalamasa, münasibətləri normallaşdırmasa İrəvanın arzularının reallaşma şansı sıfıra bərabərdir.

Qərb mediası və İrəvanı dəstəkləyən dövlətlərlə təşkilatlar Ermənistanı "təhlükə kəsb edən ölkələrin arasında qalan demokratiya" kimi qələmə verirlər.

Halbuki Qərb əla bilir ki, əsl belə deyil: Ermənistanda demokratiya ümumiyyətlə yoxdur, zahirən və səthi demokratik təsisatlar təsiri bağışlayan institutların mövqelərisə həddən ziyadə kövrəkdir.

Nikol Paşinyanın «Rusiya məni devirmək istəyir» tipli isterik bəyanatları isə onun hipotetik Rusiya təhlükəsinə Qərbi inandırmağa çalışaraq məqsədinə çatmaqdır.

Qərb tərəddüd edir, çünki Ermənistan Avropanın ən ucqarında, periferiyasında yerləşir və heç bir ölkə onun təhdid etmir.

Ermənistanın xarici siyasəti hazırda uydurma narrativlər və saxta iddialar üzərində qurulduğu üçün real nəticə əldə etmək imkanları məhduddur.

Azərbaycan dəfələrlə bəyan edib və edir ki, Ermənistana qarşı hərbi əməliyyatlar aparmaq planı, belə niyyəti yoxdur.

Paşinyanın ritorikasında yer alan Rusiya məsələsi Azərbaycana qarşı yox, Qərbə yönəlib və məhvərində də “Rusiya ilə Azərbaycan birləşərək Ermənistana qarşı təmərküzləşmiş təhdid yaradır” tezisi durur.

Halbuki, Rusiyanın belə niyyəti yoxdur və səbəb, Ermənistanın bütünlüklə Rusiyanın nəzarətində olmasıdır.

Moskvanın da İrəvanın bütün isterik anti-Rusiya bəyanatlarına laqeyd reaksiya verməsinin səbəbi də odur ki, Rusiya Ermənistandakı mövqelərinə görə ifrat narahat deyil, təlaşa da qapılmayıb.

Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərin geri qayıdış məsələsinə gəldikdə isə, Rusiya bu məsələdən məharətlə istifadə edir, 2025-ci ilədək Azərbaycanda olacaq rusiyalı sülhməramlılar olmadan qayıdışın baş tutmayacağını Avropaya ünvanlayır.

Cənubi Qafqazda sülhün və stabilliyin bərqərar olmasını istəyən, hətta tələb edən Qərbə gəldikdə isə, kollektiv Qərbin özü daim gücdən istifadə edirsə, onun arqumentləri ən azı qeyri-səmimi təsir bağışlayır.

Kapitulyasiyaya uğramış Ermənistanınn sülh danışıqlarında fasiləsiz süni əngəllər yaratmasına, prosesi mümkün qədər uzatmağa çalışmasına gəldikdə isə, bu, yalnız ilk baxışdan qəribə təsir bağışlaya bilər.

Çünki zəif, ordusu dağılmış ölkənin belə davranışı təəccüb doğura bilər.

Belə deyil.

Sadəcə, Ermənistan məğlub olması, zəifliyi, regionda daim müxtəlif qüvvələrin əlində alət funksiyasını daşıması ilə barışa bilmir, bunu qavramaqda çətinlik çəkir.

Problem də budur.

Elçin Alıoğlu - Trend
скачать dle 12.1