Bia.Az

“Sərhəddə hücum” və pakt oyunu – Paşinyanın təşvişinin sirri

Dünya
 29-01-2024, 17:51     144

Ermənistan Baş naziri Nikol Paşinyan qoşunların sərhəddən qarşılıqlı şəkildə geri çəkilməsi təklifindən danışıb. O həmçinin hücum etməməklə bağlı pakt imzalamaqlə bağlı fikir səsləndirib.

“Sülh sazişinin imzalanması gözlənildiyindən çox vaxt apararsa, silahlara qarşılıqlı nəzarət, eləcə də hücum etməməklə bağlı pakt imzalamağı təklif etmişik”, – o deyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, N.Paşinyanın təklifləri, əslində, Ermənistanın sülh sazişini imzalamaq niyyətində olmadığının isbatıdır:

“Çünki qoşunların sərhəddən geri çəkilməsi təklifi Azərbaycan ordusunun 44 günlük müharibədən sonra bərpa etdiyi dövlət sərhədindən çəkilməsi, strateji yüksəkliklərdən imtina etməsi deməkdir. Rəsmi Bakı bunu qəbul etmir, sonuncu dəfə Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsində bunu açıq şəkildə bildirdi. Azərbaycanın təklifi sərhədin delimitasiya edilməsi və yalnız bundan sonra qoşunların dayanma nöqtəsinin müəyyən edilməsi ilə bağlıdır. Ermənistan isə qoşunların geri çəkilməsinə nail olmaqla sərhəddə Azərbaycanın hərbi müstəvidə qazandığı üstünlüyü siyasi yollarla ləğv etməyi planlaşdırır.

Tərəflər arasında ciddi fikir ayrılığının olması sülh sazişinin imzalanmasını çətinləşdirir. Hərçənd Bakı sərhəd məsələsini sonraya saxlamağı, sülh sazişinin indi imzalanmasını təklif etmişdi. Paşinyanın irəli sürdüyü təkliflər İrəvanın razılaşmadığını göstərir”.


Asif Nərimanlı

A.Nərimanlı deyib ki, Nikolun təkliflərində əsas məqam hücum etməməklə bağlı paktın imzalanmasıdır:
“Erməni baş nazir bildirir ki, sülh sazişinin imzalanması gecikərsə, belə bir pakt imzalana bilər. Bu o deməkdir ki, Ermənistan mövcud şərtlərdə sülh imzalamaq niyyətində deyil, amma belə bir razılaşma ilə Azərbaycanın da əl-qolunu bağlamaq istəyir. Çünki İrəvanın iki yolu var, ya Bakının şərtləri ilə sazişi imzalayacaq, ya da “dalan ölkə” olaraq qalacaq. Lakin hadisələrin inkişafı üçüncü versiyanı da aktuallaşdıra bilər. Bu da Ermənistanın həm sərhədin delimitasiyasına, həm də kommunikasiyanın açılmasına məcbur edilməsidir.
Bölgədə situasiya dəyişərsə, xüsusilə Qərbin Ermənistana dəstəyi zəifləyərsə, İrəvan buna məcbur olacaq. Bu baxımdan, Paşinyan çıxış yolu axtarır. Mövcud şərtlərdə sülh sazişi imzalamaq istəmir, eyni zamanda, “hücum etməmək haqda pakt” imzalamaqla Azərbaycanın əl-qolunu bağlamağa nail olmağa çalışır. Paşinyanın təklif etdiyi “silahlara nəzarət” məsələsi də buna hesablanıb.
Lakin İrəvanda da bilirlər ki, Bakı bu təklifləri qəbul etməyəcək. Əslində, məqsəd də budur. Belə təkliflərlə sülhdən yana olduqlarını göstərmək, beynəlxalq ictimai rəyi “Azərbaycan hücum etməyə hazırlaşır” iddiasına kökləmək istəyirlər”.скачать dle 12.1