Bia.Az

Yaxın Şərqdə müharibənin genişlənməsi kimə və niyə lazımdır?

Dünya
 26-01-2024, 17:58     208

İsrail, ABŞ və İngiltərə kimi aktorların Qəzza üzərindən regional manevrləri və münaqişəni daha geniş əraziyə yaymaq istəyi Yaxın Şərq coğrafiyasının siyasi quruluşu üçün həyati risklər yaradır.

Bizimyol.info xəbər verir ki, Dr. Mehmet Çelik "Anadolu" agetliyinə İsrailin Qəzzaya hücumlarının regional müharibəyə çevriləcəyi təqdirdə regional və qlobal güclərin Yaxın Şərqdə necə mövqe tutduğunu yazıb.
Kökləri keçən əsrin əvvəllərində uzanan problem olan İsrail məsələsi, İsrailin 75 illik işğalçılıq siyasətinə müqavimət olaraq 7 oktyabrda HƏMAS-ın həyata keçirdiyi hücumla yenidən beynəlxalq ictimaiyyətin diqqətini çəkib. İsrailin Qəzzada həyata keçirdiyi qeyri-məhdud zorakılıq və qırğın ən əhəmiyyətli gündəm maddəsi halına gəlib.
Siyasətlərini sionist ideologiyasına əsaslandıran Təl-Əviv hökuməti, görünür, Qəzzanı “fələstinsizləşdirməyi” qarşısına məqsəd qoyur. Lakin İsrailin əsas məqsədi Qərb dövlətlərinin, xüsusilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) dəstəyi ilə bütövlükdə Fələstini işğal etmək və Yaxın Şərqdə yeni böhran yaratmaqdır. Sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı İsrailin baş naziri Binyamin Netanyahunun əlindəki xəritənin bu "yanğın üçün qığılcım" olduğunu söyləmək olar.
Qlobal və regional güclər Yaxın Şərqdə nə edir?
Təl-Əvivin hərbi və iqtisadi qüdrəti kifayət qədər yüksək səviyyədə olsa da, qeyd etmək lazımdır ki, İsrailin ABŞ-ın və digər Qərb güclərinin hərbi, siyasi, eləcə də, iqtisadi dəstəyi olmadan, xüsusən də son aylarda hər mənada barbar davranış nümayiş etdirməsi olduqca çətin olardı. Ancaq İsrailin öz məqsədlərinə çatarkən müharibəni regional arenaya daşımaq səyi və bu vəziyyətin bölgədəki digər aktorlar tərəfindən necə qarşılandığı da dəyərləndirilməlidir.
Hazırda regionun ən güclü aktorlarından biri olan ABŞ münaqişələrə qarışaraq öz gücünü bölgədə yenidən hiss etdirməyə çalışır. Digər tərəfdən, ABŞ Ukrayna və Tayvan kimi birbaşa ona aidiyyəti olan müharibə və münaqişə bölgələrində dəstəklədiyi tərəflərə mesaj verməyə çalışır.
Bu kontekstdə İsrailə verilən güclü hərbi dəstək və bölgəyə göndərilən döyüş gəmiləri bölgədə birbaşa İrana qarşı atılan addım kimi qiymətləndirilməlidir. ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyəti dövründə bölgədən çəkildikdən sonra yaranan siyasi boşluq və bunun ardınca regional aktorların öz iradələrini ön planda tutaraq normallaşma cəhdləri ABŞ-ın regiona təsirini nisbətən azaldıb. Ona görə də münaqişə daha geniş əraziyə yayıldıqca ABŞ qeyri-sabit regionda öz gücünü bərpa etməyə çalışacaq.
Böyük Britaniya bu mövzuda ABŞ ilə paralel hərəkət edərkən, hələ də Yaxın Şərqdə təsirli bir güc olduğunu sübut etməyə və qlobal miqyasda hərbi nüfuzunu yüksəltməyə çalışır. Daxili siyasətdə Rişi Sunak hökumətinin müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmaq üçün göstərdiyi səyləri və bu çərçivədə beynəlxalq ticarəti qorumaq üçün Qırmızı dənizdə olduqlarını açıqlamasını nəzərdən keçirə bilərik.
Avropa İttifaqı (Aİ) dövlətlərinin müharibənin daha geniş əraziyə yayılmasını istədiklərini söyləmək olmaz. Çünki regionda münaqişələrə coğrafi yaxınlıq Aİ dövləti üçün həm iqtisadi, həm siyasi, həm də enerji sahəsində yükə çevriləcək. İsraili ritorik şəkildə dəstəkləsələr də, İtaliya, Fransa və İspaniya hazırda regional münaqişə ehtimalından uzaqdırlar.
Hazırda Ukraynada döyüşən Rusiya Suriyada məşğul olmasa da, bölgədəki varlığını qorumaq və xüsusən də ABŞ-la birbaşa qarşıdurmadan qaçmaq üçün müharibənin bölgəyə yayılmasını istəmir. İndiyə qədər Fələstin tərəfdarı kimi çıxış edən Rusiya həm strateji hərbi addımlar, həm də ritorika baxımından münaqişələrə müdaxilə etməkdə tərəddüd edir.
Türkiyə, Səudiyyə Ərəbistanı və Misir kimi digər aktorlarla yanaşı, Körfəz administrasiyaları da münaqişələri mümkün qədər tez bitirmək, humanitar və hərbi böhrana son qoymaq üçün diplomatik şəkildə çalışırlar. Digər tərəfdən, bu aktorlar Qəzzada axan qanların daha böyük bir bölgəyə yayılmasından narahat olduqlarını şiddətlə ifadə edirlər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın az qala hər gün qatıldığı bütün platformalarda bu narahatlığı yüksək səslə dilə gətirərək, medianın diqqətini bölgəyə yönəltmək səyini də bu reallıq çərçivəsində nəzərdən keçirməliyik. Xarici işlər naziri Hakan Fidanın diplomatik təmasları və sonrakı müvafiq açıqlamaları da diplomatik mübarizənin sübutu kimi təqdim oluna bilər.
İran və onun Yaxın Şərqdəki vəkil qüvvələri
Digər tərəfdən, İsrailin Qəzzanı işğal etməsini İran üçün fərqli kontekstdə müzakirə etmək daha doğru olar. İran regionda təsirini artırmaq üçün bir dövlət kimi birbaşa müdaxilə etməkdənsə, qeyri-dövlət aktorları vasitəsilə münaqişələrin tərəfinə çevrilib. Daha əvvəl İraq və Suriyada müxtəlif şiə qruplaşmalarını, Yəməndə Husiləri və Livanda Hizbullahı dəstəkləyən İran; Yaxın keçmişdən bəri Fələstində HƏMAS-a dəstək siyasətini davam etdirib.
İran üçün bu siyasət, bir tərəfdən, ölkə daxilində güclü rejim qavrayışı, digər tərəfdən isə regional aktorlara qarşı ideoloji rəqabət və qarşıdurma meydanı yaradır. Bundan başqa, İran beynəlxalq arenada münaqişədə olduğu İsrail və ABŞ kimi güclərə qarşı mövqe hazırlayır. Ona görə də İran münaqişələrin regiona yayılmasını özünü sübut etmək fürsətinə çevirmək istəyə bilər.
Şübhəsiz ki, İsrail, ABŞ və Böyük Britaniya kimi aktorların Qəzza üzərindən regional manevrləri və münaqişəni daha geniş ərazilərə yaymaq istəyi Yaxın Şərq coğrafiyasının siyasi quruluşu üçün həyati risklər yaradır. İranın istər birbaşa Pakistan və İraqa, istərsə də Qırmızı dənizdəki husilər vasitəsilə ticarət gəmilərinə hücumları, İsrailin Fələstinə hücumlarından qaynaqlandığı bildirilsə də, bölgədəki atəşə yağ tökür.
Xüsusilə ABŞ və müttəfiqlərinin bölgədə yerləşdirdiyi döyüş gəmiləri və hərbi qüdrətlərini nümayiş etdirmək cəhdləri; Münaqişəni Qəzzadan kənara çıxaraq Qırmızı dənizə yaymaqla böhrana beynəlxalq ölçü əlavə etdi.
Nəticədə, Rusiya-Ukrayna müharibəsinin qızışdırdığı qlobal güc münaqişələri oktyabrın 7-dən sonra istər İsrail vasitəsilə Yaxın Şərq regionunda, istərsə də ABŞ və Böyük Britaniya üzərindən Qırmızı dəniz və Babel Mandeb boğazında qlobal siyasi, iqtisadi, hərbi böhrana qapı açdı.
Böhranın kommersiya və iqtisadi ölçüləri
ABŞ, Böyük Britaniya və Husilərlə koalisiya qüvvələri arasında qarşıdurma ilə bölgəyə yayılan böhran enerji qiymətlərinin artması, eləcə də, tədarük zəncirində fasilələrlə yanaşı, xərclərin artmasına səbəb olub. Bu vəziyyət hələ də özünə gəlməmiş inflyasiya böhranını region ölkələri və xüsusilə Avropa qitə dövlətləri üçün daha da uzunmüddətli problemə çevirə bilər.
Münaqişələr beynəlxalq gəmiçilik şirkətlərini dünya ticarətinin təxminən 12 faizinin və Asiya-Avropa ticarətinin təqribən 40 faizinin keçdiyi Qırmızı dənizdən Afrikanın cənubuna keçməyə məcbur edib. İran bir tərəfdən Fars körfəzindən Qırmızı dənizə qədər öz ideoloji yanaşmasını yayarkən, digər tərəfdən Husilərə hərbi dəstək verməklə siyasi təsir dairəsini və uzunmüddətli “müqavimət oxu” strategiyasını daha da genişləndirməyə çalışır.
Yuxarıda adları çəkilən aktorların və münaqişə tərəflərinin bütün bu geosiyasi gedişlərini nəzərə alsaq, yaxın gələcəkdə regionda sabitlikdən danışmaq çətin olacaq. Qəzzada daimi atəşkəs və azad Fələstin dövlətinin qurulması bir çox tarazlığı müsbət mənada yenidən formalaşdıra bilər. Digər tərəfdən, Qəzzada humanitar faciə davam edərkən, ABŞ, İsrail və İranın münaqişə bölgəsində birbaşa qarşıdurması həm regional, həm də qlobal böhranları daha da qalıcı edəcək.скачать dle 12.1