"Pakistanda fəaliyyət göstərən İrana yaxın diaspora, iki ölkə arasında dil tapıb gərginliyə son qoyacaq"

Cənub qonşumuz İranın bir neçə gün öncə özü ilə həmsərhəd üç qonşu ölkəyə - İraq, Suriya və Pakistana ballistik raketlərlə zərbələr endirməsi dünya gündəmində, eləcə də ölkəmizdə bir mənalı qarşılanmadı. İsrail-HƏMAS qarşıdurmasının davam etdiyi, Qəzzada müsəlman əhalinin qanının töküldüyü bir ərəfədə bir müsəlman ölkəsinin digər üç müsəlman ölkəsinin ərazisini raket atəşinə tutması, digər müsəlman ölkələrin də ciddi reaksiyasına səbəb olub. Bəs İranın son zamanlar belə kəskin hərbi-siyasi manevrlər etməsi nə ilə əlaqədardır? Pakistanla mümkün qarşıdurma İrana üstünlük qazandıra bilərmi? Ümumiyyətlə, bu gərginliyin bölgə dövlətlərinə təsiri necə olar? İranın üç ayrı ölkənin ərazisində özünün qeyd etdiyinə görə "hədəflər"i məhv etməsi kimlərə hansı mesajı verir?
Mövzu ilə əlaqədar Bizimyol.info-nun suallarını cavablandıran siyasi şərhçi Turab Rzayev bildirib ki, İranın son zamanlar belə kəskin hərbi-siyasi reaksiyalar verməsinin altında ciddi səbəblər yatır.
Turab Rzayev
"Düşünürəm ki, hər iki dövlət bu böyük hərbi qarşıdurmanın hər ikisi üçün də böyük fəlakətlə nəticələnəcəyini anlayır. Çünki həm Pakistanın, həm də İranın demək olar ki, yüz milyonluq əhalisi var. Hər ikisinin milyonlarla aktiv və ehtiyatda olan hərbçiləri var. Pakistan nüvə dövlətidir və son dərəcə müasir texnoloji silahlara malikdir. İran özü nüvə silahı üzərində işləyir, bununla yanaşı, onun da müasir texnoloji silahları var. Bu iki böük gücün toqquşması, bölgədə qlobal fəlakətə səbəb ola bilər. Hər iki ölkə rəhbərliyi bunun fərqində olduğundan, artıq geri addım atdı. Həm Pakistan, həm də İran artıq öz səfirliklərini bərpa etməyə qərar veriblər. Bundan sonra yəqin ki, diplomatik gedişlər davam etdiriləcək və XİN rəhbərləri qarşılıqlı səfərlər edəcək.
Bu problemin başlamağı haqda düşünürəm ki, İranın atdığı hərbi addım heç bir halda qəbul edilən deyil. Çünki müstəqil, suveren bir ölkənin ərazisinə raket zərbəsi endirmək və bunu hansısa silahlı qruplaşma ilə əlaqələndirmək, heç bir halda qəbul ediləcək açıqlama deyil. Onu da qeyd etmək yerinə düşər ki, Pakistan, İraq və ya Suriya deyil ki, hansısa kənar bir ölkə onların razılığını almadan, bu ölkənin torpaqlarında hərbi əməliyyatlar keçirsin. Ancaq burda xüsusi nüans var ki, İranın əlində bu addımı atması üçün müəyyən məlumatlar olub. Bəlucların önəmli bazası kimi Pakistan ərazisindəki bəluclar əsas götürülür. İranın bildirdiyi silahlı qruplaşmalar orada formalaşıb və İran ərazisində partlayışlar törədirlər. Ən son İran ərazisində yüzlərlə insanın ölümü ilə nəticələnən terror aktları oldu. Bütün bunları İranı daha sərt addımlar atmağa vadar etdi.
Bir də ola bilsin, İranın əlində müəyyən məlumatlar var ki, ABŞ-na və İsrailə yaxın qüvvələr, məhz Pakistan ərazisində hansısa şəkildə hazırlıq içərisindədirlər. Bununla bağlı Pakistan rəhbərliyinə daha öncə xəbərdarlıq olunduğu da qeyd edilir.
Düşünürəm ki, İran Pakistanla heç bir halda qarşı cəbhədə yer almaq istəməz. Çünki Pakistan Türkiyədən sonra İranın parçalanmasının, Qərbin birbaşa hədəfi olmasının - istər işğal, istərsə də hərbi zərbələrin endirilməsi olsun - qarşı qoyulan ölkələrdən biridir. Pakistan isə həmişə buna qarşı çıxıb. İndi İran Pakistanla münasibətləri bu formatda pozarsa, Pakistan növbəti Qərb həmləsində bitərəf qalar, hətta əks tərəfdə yer ala bilər. Fikrimcə, İran bunu nəzərə alıb, uyğun hərəkət edəcək.
İranın xarici siyasətdə son zamanlar sərtləşdiyi hiss olunur. Həm İraqa zərbələr endirdi, bununla yanaşı, eyni zamanda Suriya və Pakistana da zərbələr endirdi. Ola bilsin, İran Qərb və ABŞ-ın ona qarşı hərbi əməliyyatlara başlayacağını güman edir. Beləliklə, İran öz ətrafından gələ biləcək bütün təhdidləri qarşı mübarizə apara biləcəyini göstərir. Bununla yanaşı, İranla Pakistan arasında ortaq bir yolun tapılacağını düşünürəm. Çünki bu iki ölkə arasında həddindən artıq güclü siyasi və diplomatik əlaqələr var. Eyni zamanda, Pakistanda İrana çox yaxın diaspora var. Bu vasitə ilə İran Pakistan rəhbərliyi ilə dil tapıb, yaranmış gərginliyi yoluna qoyacaq" - deyə, siyasi ekspert qeyd edib.