Bia.Az

Pensiya növbəsində ölən Qrişin – 18 il Moskvaya rəhbərlik etdi, yığdığı pul 18 aya çatmadı

Dünya
 24-05-2023, 12:28     229

Sovet dövründə kompartiyanın Moskva şəhər komitəsinin birinci katibi vəzifəsi ən prestijli və ən perspektivli vəzifələrdən biri sayılıb. SSRİ-nin mövcud olduğu 70 il ərzində bu vəzifəni Vyaçeslav Molotov, Lazar Kaqanoviç, Nikita Xruşov, Yekaterina Furtseva, Aleksandr Şerbakov, İvan Kapitonov, Pyotr Demiçev, Boris Yeltsin kimi tanınmış siyasi simalar tutublar. Moskvanın ən uzunömürlü “sahib”i isə Viktor Qrişin olub. O, 1967-ci ildən 1985-ci ilə qədər, 18 il ərzində SSRİ-nin paytaxtının birinci kürsüsündə əyləşib.
Viktor Qrişin istər siyasi fəaliyyətində, istər vəzifəsinin icrasında, istərsə də şəxsi həyatında bir çox hadisələrlə özündən əvvəlki və sonrakı birinci katiblərdən fərqlənib.
grisin.jpg (129 KB)
Qrişin böyük siyasi səhnəyə Nikita Xruşovun dəstəyi ilə gəlib. Məhz 1952-ci ildə Xruşovun təklif və təşəbbüsü ilə Qrişin Moskva vilayət partiya komitəsinin ikinci katibi seçilib. Amma Qrişin bu dəstəyi tez unudub. 1964-cü ildə Kreml çevrilişi zamanı Xruşovun fəaliyyətini alt-üst edən məruzənin müəlliflərindən biri Qrişin olub və bu məruzənin müəllifi kimi Leonid Brejnevin yaxın ətrafında özünə yer edib, “qonorar” qismində ona 1967-ci ildə Moskva şəhər partiya komitəsinin birinci katibi vəzifəsi verilib.
Qrişinin birinci katib kimi iş prinsipi də digər birinci katiblərdən fərqlənib. O, paytaxtın ayrı-ayrı sahələrində vəziyyətin necə olması ilə bağlı keçiriləcək reydləri əvvəlcədən planlaşdırmayıb. Yoxlamalar qəfil keçirilib və Qrişin reydlərdə özü iştirak edib. Bu “qəfil”lər haqqında uzun illər Qrişinin köməkçisi işləmiş Yuri İzyumov öz xatirələrində təəssüratlarını aşağıdakı kimi bölüşüb:
48da83c737db45b202c6511235453974 (1).jpg (159 KB)
“Viktor Qrişin Tolstoy küçəsində yaşayırdı. İşə gedib-gələrkən onu heç kim müşayiət etmirdi. Bəzən o, yarıyolda sürücünü buraxıb müəyyən bir məsafəni piyada qət edirdi. Bəzən isə maşını saxlatdırıb ətrafdakı mağazalara girirdi. 1971-ci ildə isə onun qəfil maşını saxlatdırıb mağazaları gəzməsi daha böyük səs-küyə səbəb olmuşdu. Kutuzov prospektində ət mağazasına girən birinci katib mağazada yalnız bir çeşiddə dondurulmuş ət görəndə satıcıya narazılığını bildirmişdi. Satıcı da onu tanımayaraq “xoşunuz gəlmirsə, gedin, başqa yerdən alın” deyə ona kobud cavab vermişdi. Bu kiçik insidetin səs-sorağı Mərkəzi Komitəyə kimi gedib çıxmışdı...”
Məhz həmin reyd zamanı Qrişin mağazanın müdirini çağırtdırıb. Müdirin iş vaxtı işdə olmaması birinci katibi daha da qəzəbləndirib. Mağaza müdiri təcili tapılaraq Qrişinin kabinetinə dəvət olunub və onların arasında “maraqlı” bir dialoq yaranıb:
RIAN_29442.HR_.ru_.jpg (275 KB)
- Sizin mağazadakı vəziyyət məni çox təəccübləndirdi. Sahəsi heç də kiçik olmayan mağazada cəmi bir çeşiddə 5-10 kilo ətin olması məni təəccübləndirməyə bilməzdi.
- Viktor Vasilyeviç, bizə nə verirlərsə, onu da satırıq.
- Yalan danışırsınız, iki gün əvvəl Moskva şəhər ticarət idarəsi şəhərin bütün ət mağazalarına çatacaq qədər məhsul paylayıb.
- Yəqin bizə çatmayıb.
- İndi sizə çatıb-çatmayacağını biz araşdırarıq.
Qrişin məsələnin kökünə qədər gedib. Ticarət idarəsi ilə əlaqə yaratdıqdan sonra məlum olub ki, bölgü zamanı sözügedən mağazaya altı çeşiddə məhsul verilib. Amma bu da azmış kimi Qrişin Moskva şəhər milisinin rəisindən iki nəfər əməkdaşın onun yanına göndərilməsini xahiş edib. Həmin əməkdaşlar gəldikdən sonra birinci katib öz köməkçisini də onlara qoşaraq mağaza müdirini evinə göndərib. Müdirin evindəki iki soyuducuda 12 kiloqram ət “aşkar” edilib. Sonra o da məlum olub ki, müdir mağaza üçün ayrılan məhsulu qara bazarlarda satdırıb. Müdir haqqında cinayət işi açılıb.
2ba51935e3f0ddd9c11f6f02568597e2.jpg (153 KB)
Qrişin bu cür “reyd”ləri təkcə mağazalarla deyil, mərkəzləşdirilmiş böyük anbarlarda, vağzallarda, zavod və fabriklərdə, ittifaq miqyaslı müəssisələrdə də keçirib və bu “reyd”ləri hüquq-mühafizə orqanlarının rəhbərləri, xüsusilə də daxili işlər naziri və DTK sədri onların xidməti səlahiyyətlərinə müdaxilə kimi qiymətləndiriblər. Yuri Andropov 1975-ci ildə Mərkəzi Komitədə keçirilən iclasdan sonra Qrişinə bununla bağlı kiçik bir xəbərdarlıq da edib: “Siz şəhər partiya komitəsinə rəhbərlik edirsiniz. Təcrübəli kommunist kimi yəqin ki, səlahiyyətlərinizə nələrin daxil olduğunu da yaxşı bilirsiniz. Sizi hər hansı bir şübhəli məsələ narahat edəndə bizə rəsmi qaydada müraciət edə bilərsiniz...”
Bu söhbətin şahidi olan Yuri İzyumov xatirələrində qeyd edib ki, Andropovun “irad”ı Qrişinə sillə kimi dəyib və o, “mən bu şəhərin taleyinə cavabdehəm” deyərək DTK sədrindən uzaqlaşıb.
owl_wide_1200_707513b21d038ea24be03183988a02ca.jpeg (155 KB)
Qrişinlə Andropovun münasibətlərindəki gərginlik 1977-ci ildə özünü daha qabarıq biruzə verib. Həmin ilin fevralın 25-də Moskvada “Rossiya” mehmanxanasında 43 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi Mərkəzi Komitədə müzakirə ediləndə Andropov Qrişini də ittiham edib: “Moskvanın taleyinə cavabdehlik daşıyan Viktor Qrişin birinci katib kimi şəhərin bütün sahələrinə partiya nəzarətini lazımi səviyyədə həyata keçirsəydi, bu cür hadisələr də baş verməzdi...”
Qrişin birinci katib olduğu illərdə öz ziddiyyətli və mürəkkəb xarakteri ilə SSRİ-nin birinciləri, Leonid Brejnev, Yuri Andropov, Konstain Çernenko ilə hətta aralarında konfliktlər yaransa belə dil tapmağı bacarıb. Onun adı Moskvanın ticarət şəbəkələrindəki korrupsiyada, mənzil bölgülərində, rüşvət almaqda hallansa da, Qrişin bütün bu “qara” işlərdən təmiz çıxıb. Birinci katib yalnız Mixail Qorbaçovun tələsindən çıxa bilməyib.
Çernenkonun vəfatından sonra Qrişin baş katib postuna əsas namizədlərdən biri saylıb. Ancaq onun siyasi müstəvidəki çoxillik təcrübəsi Qorbaçovun hiyləsinə tab gətirə bilməyib. Birinci katib siyasi mübarizədən geri çəkilib.
owl_wide_1200_02be44af15c3a7484a8ea1f3efb77d49.jpeg (117 KB)
 
Qorbaçov Qrişini təkcə vəzifədən kənarlaşdırmaqla kifayətlənməyib. Sabiq birinci katibin bağ evi və şəhərin mərkəzindəki geniş mənzili də əlindən alınıb, əvəzində ona kiçik bir mənzil verilib. Artıq iki ildən sonra, 1987-ci ildə vaxtilə paytaxtın sahibi olan Qrişin entiyat pullarını xərcləyib bitirərək, aldığı pensiyanın ümidinə qalıb. Elə 1992-ci ildə də pensiyasının artımını almaq üçün rayon sosial təminat şöbəsində gedən 77 yaşlı Siyasi Büronun sabiq üzvü elə həmin şöbədə də ürəktutmasından vəfat edib.
İlham Cəmiloğlu, Musavat.comскачать dle 12.1