Bia.Az

“Bloomberg”: Ukrayna NATO-nundur

Dünya
 19-05-2023, 15:55     218

Novator.az saytı ABŞ-ın “Bloomberg” agentliyinin internet səhifəsindəki “Ukrayna NATO-nundur, geci-tezi var” adlı redaksiya məqaləsini ingiliscədən çevirib oxucuların diqqətinə çatdırır.

Rusiyanın Ukraynada apardığı müharibənin necə bitəcəyini kimsə bilmir. Həm də Ukrayna rəhbərliyi döyüşlər səngiyəndən sonra da hələ uzun müddət Rusiya təcavüzü təhlükəsinin qalacağını vurğulayır. Prezident Vladimir Zelenski deyir ki, təhlükəsizliyi təmin etməyin yeganə yolu Ukraynanın NATO-ya qəbuludur. O, iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək zirvə toplantısında Ukraynanın alyansa qəbul olunması üçün qrafikin müəyyənləşdirilməsini istəyir.
Belə bir ağır vəziyyətdə yaxşı ideyadır. NATO üzvlərinin müharibə gedə-gedə Ukraynanın alyansa qəbulu qrafikini müzakirəyə çıxarıb vəziyyəti daha da gərginləşdirmək istəməməsi də anlaşılandır. Ancaq Ukraynanın NATO-ya üzvlüyü bir strateji hədəf kimi gündəlikdə durmalıdır. Bu, Ukraynanın müstəqilliyini qorumaq, bütövlükdə Avropada sabitliyi gücləndirmək və Rusiya prezidenti Vladimir Putini qonşu dövlətlərə nəzarət cəhdlərindən çəkindirmək baxımından zəruridir.
2008-ci ildə NATO ölkələri Rusiyanın təzyiqi altında olan iki keçmiş sovet respublikasını – Ukrayna ilə Gürcüstanı nə vaxtsa alyansa qəbul etmək vədini verdi. Bu, quru vəd idi, çünki alyans üzvləri heç bir öhdəlik götürmürdü. Xeyli vaxt ötüb, bu günədək NATO Ukrayna ilə Gürcüstana alyansa qəbul prosedurunun işə salınması üçün lazım olan fəaliyyət planını təqdim etməyib.
Üstəlik, NATO və quruma üzv ölkələr Ukraynanın alyansa qəbulunu Rusiyanın varlığına təhlükə kimi qiymətləndirən Vladimir Putini qıcıqlandırmamaq üçün daha ehtiyatlı mövqeyə keçib, beləcə Ukraynanın NATO-ya qoşulması perspektivi bir az da zəifləyib. Hətta iş o yerə çatıb ki, 2022-ci ilin yanvarında ABŞ prezidenti Cozef Bayden rus işğalının qarşısını almaq üçün yaxın gələcəkdə Ukraynanın NATO-ya qəbulunun “çətin məsələ” olduğunu bəyan edib.
Bütün bunlara baxmayaraq Putin dayanmadı, hücuma keçdi, deməli, onu sakitləşdirməyə çalışmağın mənası yoxdur. NATO-nun qarşılıqlı müdafiə doktrinasına (alyansın bir üzvünə hücumun bütün üzvlərə hücum kimi təsbit edilməsinə) gəlincə, Ukrayna müharibəsi bu doktrinanın yetərincə işlədiyini, Rusiyanı təcavüzdən çəkindirən çox güclü vasitə olduğunu sübuta yetirir. Ukraynaya qarşı son dərəcə amansız davranan Rusiya Polşa və Baltik ölkələri ilə silah gücünə danışmır, çünki NATO-nun cavab verəcəyini bilir.
Rus təcavüzünün NATO-ya üz tutmaq məcburiyyətində qoyduğu Finlandiya ilə İsveç alyansa qəbul olunmaq məqsədilə birgə müraciət imzalayanda Putin xəbərdarlıq etdi ki, NATO-nun irəliləməsi pis nəticələr doğura bilər. Lakin 2023-cü ilin aprelində Finlandiya rəsmən NATO-ya qəbul ediləndə Kreml eləcə “məsələni diqqətlə izləyəcəyini” bəyan etməklə kifayətləndi.
Sözsüz, Ukraynanın alyansa üzvlüyü Moskvanı yerindən oynatmaya bilməz. Amma NATO qərarını öz marağına uyğun verməlidir, Rusiyanın marağına uyğun yox.
Ukraynaya qucaq açması yekunda NATO-nun Kiyevə hərbi yardımını, kəşfiyyat məlumatı mübadiləsini də asanlaşdırardı. Ukrayna ordusu artıq Avropanın döyüş meydanında sınaqdan üzüağ çıxmış qüvvədir, NATO ona təlim keçmək, onu hərbi texnika ilə təchiz etmək üçün Qərbin ayırdığı sərmayələrdən yararlana bilər.
NATO-ya üzvlüyün gətirdiyi təhlükəsizlik təminatları Ukrayna iqtisadiyyatını da sabitləşdirə, xarici sərmayələrin cəlbini stimullaşdıra, qaçqınların evə qayıtmasına təkan verə bilər. Ukraynanın müharibədən qurtulması, özünə gəlməsi və dirçəlib ayağa durması üçün bunlar çox vacibdir.
Ancaq tələsmək də olmaz. Ukraynanı hələ işğal olunmuş torpaqları uğrunda çarpışdığı bir zamanda alyansa qəbul etmək həm praktiki cəhətdən mümkün deyil, həm də təhlükəlidir. Belə bir addım NATO-nu Rusiya ilə birbaşa hərbi toqquşmaya apara bilər. Amma məsələni çiy saxlamaq da məqbul deyil. Ona görə ABŞ prezidenti Cozef Bayden və onun həmkarları Vilnüs sammitində konkret addım atmalıdırlar. Onlar bəyan etməlidirlər ki, vəziyyət sabitləşən kimi, Kiyev üzvlük şərtlərini yerinə yetirən kimi Ukraynanı NATO-ya qəbul etmək fikrindədirlər.
Putin buna sülh danışıqlarından imtina etməklə, hücumu gücləndirməklə reaksiya verə bilər. Lakin onun ordusu hərbi əməliyyatlara axıradək duruş gətirmək iqtidarında deyil. Ukraynanın statusunun qeyri-müəyyən saxlanması isə Putinin işinə yarayır: o, rahatca münaqişəni dondurmağa razılıq verə, sonra güc toplayıb yenidən hücuma keçə bilər. Ukrayna qeyri-müəyyən statusda qalandan sonra Putinə nə mane ola bilər ki?..
MənbəBloomberg.com
Hərbi-siyasi ittifaq olan NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 31 üzvü var. Mənzil-qərargahı Brüsseldə yerləşən qurumu 1949-cu ildə ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya yaradıb.
Türkiyə və Yunanıstan quruma 1952-ci ildə qoşulublar. Qərbi Almaniya (1990-cı ildən Almaniya) 1955-ci ildə NATO-ya üzv olub. İspaniya hərbi-siyasi ittifaqa 1982-ci ildə girib. Çexiya, Macarıstan və Polşanın NATO üzvlüyü 1999-cu ildə rəsmiləşib.
Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya 2004-cü ildən NATO-da təmsil olunurlar. Albaniya və Xorvatiyanın üzvlüyü 2009-cu ildə başlayıb. Monteneqro 2017-ci ildən ittifaqdadır. Şimali Makedoniya NATO sıralarına 2020-ci ildə əlavə edilib.
Finlandiya 2023-cü il aprelin 4-dən NATO üzvüdür.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib. Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
скачать dle 12.1