Bia.Az

Məktəblərimizdə nədən ƏSƏBLƏR TARIMA ÇƏKİLİB? - Ekspert danışır

Cəmiyyət
 18-10-2022, 11:30     267

Son dövrlərdə məktəblərdə aqressiya hallarının artması təbii ki, narahatedici məqamdır. Etiraf etməliyik ki, bu cür davranışlar əvvəllər də olub. Nədənsə, əvvəlki illərlə müqayisədə biz bu cür davranışları son dövrlərdə daha çox görürük. Buda daha çox onunla bağlıdır ki, biz övladlarımızı düzgün tərbiyə edə bilmirik. Ya da….
BİA.AZ-ın məlumatına görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əksər ailələrdə uşaqlarla rəftarı aşılayan, uşaqlarla rəftarı öyrədən ədəbiyyatlar oxunmur. Valideynlər xüsusilə bu məsələdə böyük səhlənkarlıq edirlər. Onlar valideynlik məsuliyyətlərinin fərqində deyillər.

“Çox təəssüf edirəm ki, cəmiyyətdə də xeyli aqressiya var və uşaqlar bu aqressiyaların daşıyıcılarıdır. Əvvəlki, illərdə cəmiyyət daha humanist idi və xüsusilə son dövrlərdə tərbiyə məsələsinin ikinci plana keçməsi, bütövlükdə valideynlərin övladlarına az zaman ayırması, bu aqressiya və şiddəti daha da artırır. Xüsusilə problemli ailələr Azərbaycanda xeyli saydadır. Problemli ailələrdə böyüyən uşaqlar təbii ki, davranışlarında daha çox o aqressiyanı nümayiş etdirirlər” - deyən ekspert hesab edir ki, bu aqressiyanın yüksək səviyyədə olmasının günahkarı heç də məktəb və müəllim deyil. Çünki hər bir müəllim istəyir ki, onun dərs dediyi və tərbiyə etdiyi şagird nümunəvi olsun. Təəssüf ki, son dövrlərdə müəllim nüfuzunun aşağı salınması istiqamətində biz müəyyən müşahidələri görürük. Bu da ona gətirib çıxarır ki, cəmiyyətdə çətin tərbiyə olunan uşaqlar böyüyür. Bu vəziyyət cəmiyyəti narahat etməlidir.

İlqar Orucov hesab edir ki, bu istiqamətdə, eyni zamanda ideoloji iş düzgün qurulmalıdır. Aidiyyəti qurumlar bu istiqamətdə mütləq şəkildə işləməlidir. Kütləvi informasiya vasitələri, xüsusilə televiziyalar, bayağı verlişlərə ayırdıqları vaxtı maarifləndirmə işlərinə həsr etsələr, onlar daha az gəlir əldə edərlər. O verlişlərə baxanlar az olacaq, amma, zaman-zaman bu nümunələr cəmiyyətdə oturacaq.

“Müəllimlik bir peşədir, bir sənətdir. Bu müəllimlik insanın canında və qanında olmalıdır. Yoxsa, mən müəyyən bal topladım. Bu peşəyə həvəsim olmadı, deyə mən gedim oxumaq xətrinə müəllimlik oxuyum. Təbii ki, bu yanlışdır. Biz müəllimləri işə qəbul edərkən təbii ki, şəffaflığı təmin etmək məqsədi ilə “MİQ” imtahanları keçiririk. Amma, bunlar testolojidir. Eyni zamanda, müsahibə mərhələsinin özü də kifayət qədər bütöv deyil. Biz bir çox hallarda müəllimin psixoloji halını düzgün müəyyənləşdirə bilmirik. Müəllim eyni zamanda, pedaqoqdur, psixoloqdur. Biz onların bu keyfiyyətlərindən daha çox testoloji biliklərini yoxlayırıq. Buda ona gətirib çıxarır ki, bəzən müəllim kifayət qədər savadlı olur, amma, onun sinifi idarə etməklə bağlı bilikləri yetərincə güclü olmur. Artıq təhsil dedikdə, daha çox şəxsiyyət yönlü təhsildən danışırıq. Məktəb şəxsiyyət yetişdirməlidir deyə, şagirdə kifayət qədər sərbəstlik verilir.

Ümumiyyətlə, ölkəmizdə tətbiq olunan kurikulum sisteminin özünün mahiyyətində bu durur. Müəllim fənnini şagirdlərə sevdirərək öyrətməlidir. Şagirdlər birlikdə bu biliklərə can atmalıdırlar. Dərsin maraqlı keçməsi müəllimdən asılıdır. Hətta, yaxşı müəllim dərsi elə təşkil edə bilər ki, ən aqressiv uşaq belə o müəllimin dərsinə hörmət edər. Əlbəttə, çətin tərbiyə olunan uşaqlar da çoxdur. Onların idarə edilməsi, onlarla işin təşkil olunması hansısa formada olmalıdır. Təbii ki, bu ayrı bir mövzudur. Amma, kifayət qədər bu istiqamətdə normalarımız var və yetər ki, müəllim yerində olsun, müəllim dərsi yaxşı keçsin, müəllim dərsi şagirdlərə sevdirə bilsin. Şagird həmdə bütövlükdə təhsil prosesində tərəf olaraq yalnız öyrənən tərəf olmalı deyil” - deyə Orucov əlavə edib. Onun sözlərinə görə, burda, çox vacib məqam müəllimin səriştələridir. Hansı ki, öyrətmə səriştəsini müəllim düzgün tətbiq etməyi bacarmalıdır. Bir çox hallarda biz müəllimlərin səriştəsizliklərinin şahidi oluruq.

Ekspertin sözlərinə görə, bəzi məktəblərdə müəllimlər savadlı olsalar belə, dərsə dırnaqarası baxırlar.

“Bu, doğru deyil və həm də burda məqsəd ondan ibarətdir ki, şagird daha az öyrənsin və repetitorluq xidmətindən istifadə etsin. Əlbəttə ki, bu da yanlışdır. Biz bu istiqamətdə çox işləməliyik. Əlbəttə ki, bu cür müəllimlərə qarşı ciddi addımlar atılmalıdır. Demirəm ki, repetitorluq olmasın. Amma, 45 dəqiqəni müəllim səmərəli keçirməlidir. Ən azından 45 dəqiqə ərzində şagirdə elə bilik verməliyik ki, oxumaq istəyən uşaq həmin məktəbdə qazandığı biliklər əsasında ali məktəbə qəbul oluna bilsin. Amma, biz bunu edə bilmirik. Burda məsuliyyət məsələsi müəllimin üzərinə düşür” - deyən Orucov bildirib ki, biz yüksək bal toplayan şagirdlərə baxsaq, onların çoxu repetitorluq xidmətindən istifadə edir. Məktəb bu gün həmin bilikləri yetərincə verə bilmir. Əlbəttə ki, bu məsələdə biz müvafiq mərkəzi icra hakimiyyəti orqanı olaraq Təhsil Nazirliyini günahlandırsaq, bu da doğru olmaz.

Ekspert qeyd edib ki, bu məsələdə cəmiyyətin baxışı da dəyişməlidir. Daha çox müəllim o məsuliyyəti dərk etməlidir. Bunun yazılmamış normaları var. Ola bilsin ki, hər hansı bir normalar sənəddə öz əksini tapmayıb, amma, əlbəttə ki, müəllim onları bilməlidir. Müəllim bu baxımdan da nümunə olmalıdır. Müəllim dərsi düzgün idarə edə bilmirsə, problem müəllimin özündədir. Sinifdə şagird dəcəllik edirsə və müəllimin dərsini pozursa, müəllimin də bu məsələdə böyük məsuliyyəti var.

“Bir çox hallarda burda valideynlərin də günahını qeyd etmək lazımdır. Valideyn var ki, ömründə bir kitab oxumayıb, təhsili yoxdur və yalnız özündən razılıq ifadə olunur. Yekəxanalıq onun davranışında açıq aşkar özünü biruzə verir. O, məktəbə gəlir və deyir ki, kimsə mənim övladıma güldən ağır heçnə deyə bilməz. Müəllim də burada o valideynin tərbiyə etdiyi uşaqla məşğul olmalıdır, onu sakitləşdirməlidir, ya dərs prosesinə keçməlidir? Bu məsələdə ailələrin məsuliyyətlərini unutmalı deyilik. Ailələr normal olsa, müəllimin zamanı tərbiyəyə getməz. Hansı ki, tərbiyədən məhrum şagirdlərin özbaşınalığına zaman sərf etməz. O, daha çox dərsinə zaman ayırar. Amma, bütün hallarda burda bir yanaşma ortaya qoysaq, dərsin boş keçməsinin günahı həm müəllimdədir, həm valideyndədir, həm də vəziyyətə nəzarət etməli olan məktəb rəhbərliyindədir” - deyən İlqar Orucov bildirib ki, seçim zamanı müəllimin biliyi düzgün yoxlanılmalıdır. Biz də müəllimi seçərkən çox diqqətli olmalıyıq.
скачать dle 12.1