"Əli Həsənov heç vaxt mənə səsinin tonunu qaldırmayıb" - Rəşad Məcid
BİA.AZ Mətbuat Şurasının İdarə Heyətinin sədri, “525-ci qəzet”in rəhbəri Rəşad Məcidin İndex.az-a müsahibəsini təqdim edir.
– Rəşad bəy, müsahibəyə hamının vermək istədiyi sualla başlamaq istəyirəm. 1 aydır hamı yazırdı ki, Rəşad Məcid Mətbuat Şurasının İdarə Heyətinin yeni sədri olacaq. Bu necə seçkidir ki, nəticələri əvvəlcədən bəllidir?
– Əvvəla onu deyim ki, sən məni təbrik eləmədin. Yəqin nəticələrə sənin də şübhən var…
– Təbriki sona saxlayaq…
– Seçki Komissiyasının iki üzvü var idi ki, onlar da israr edirdi, onların da fikirlərini oxudum. Etiraf etdilər ki, biz bütün səsləri bir-bir saymışıq, seçkinin nəticələrinə heç bir şübhə yoxdur. Açığı, nəticələr məni də təəccübləndirdi. Çünki bir neçə arzuladığımız və tanınmış media nümayəndələri səs yığa bilmədi. Avqustun 28-də “Unikal” yazdı ki, Rəşad Məcid gətirilir, amma Əflatun Amaşov təkzib eləmişdi. Mən də demişdim ki, qurultayın, yəni jurnalistlərin qərarı ilə olacaq. Düzdür, Əflatun müəllim getmək istədiyini bildirdi… Yeri gəlmişkən, mən heç bir təbliğat kampaniyası aparmadım. Onsuz da jurnalistlərin mənə münasibəti bəllidir. Azərbaycan jurnalistlərinin hələ ilk qurultayında ən yüksək səs toplayanlardan olmuşam və demək olar ki, qurultayı əvvəldən sonadək mən idarə etmişəm. Növbəti qurultayları da mən idarə etmişəm. Yeganə qurultay bu idi ki, mən aşağıda oturmuşdum və Əflatun Amaşovun idarəçiliyinə baxırdım. Hətta hərdən əsəbləşirdim, amma qarışmırdım. O ki qaldı nəticələrin öncədən bilinməyinə… Görünür, çoxunda əminlik var idi… Çünki həm jurnalistlərin mənə münasibəti, həm neçə illik İdarə Heyətindəki təcrübəm, idarəçilik qabiliyyətim ümumi rəyi formalaşdırdı.
– Avqustun 28-i məlum xəbər dərc olunanda mətbuat sanki səhvini anladı və maraqlı formada malalamağa başladı… Yazdılar ki, düzdür, sədri qurultay iştirakçıları seçir, amma Rəşad Məcid ən real namizəddir. İstehzasız soruşuram, Rəşad Məcidin şanslarını artıran nə idi?
– Qurultay günü sosial şəbəkələrdə xeyli təbrik aldım və onlara münasibət bildirərkən də yazmışdım ki, heç özüm də bilmirəm bu qədər hörməti necə qazanmışam. Bəziləri də bunun izahını yazırdı ki, siz sadəliyinizlə, hamıya xoş münasibətinizlə bunu qazanmısınız. Mətbuat işçiləri yaxşı bilir ki, mənim xarakterimdə heç bir kin-küdurət yoxdur. Heç bir qruplara da qoşulmamışam. Hamı ilə xoş münasibətim olub. Çalışmışam ki, insanlara öz istedadına, qabiliyyətinə görə dəyər verim. Nəzərə alın ki, mənim gənc yazıçılarla da münasibətim əladı. İş elə gətirib ki, onların əksəriyyəti həm də jurnalistdir. Ona görə qurultayın nəticələri təəccüblü deyil. Mən əvvəllər də Mətbuat Şurasının sədrliyinə namizəd olmuşam. İlk qurultay ərəfəsində, yəni 2003-cü ildə mən bir məqalə yazmışdım – “Öz haqqından imtina edən adam”. Həmin məqalədə mən Arif Əliyevi (tanınmış jurnalist, “Yeni Nəsil” İctami Birliyinin sədri – red.) mədh eləmişdim və demişdim ki, Mətbuat Şurasının sədri olmaq onun haqqıdır. Yazmışdım ki, biz onu razı salmalıyıq. Amma Arif Əliyev razı olmamışdı. 2008-ci ildəki növbəti qurultayda nizamnamə dəyişdi (sədr iki dəfədən artıq seçilə bilməzdi – red.) və Əflatun Amaşov sədr olaraq qaldı. Həmin qurultayda da mənim namizədliyim irəli sürülmüşdü. Tale belə gətirdi ki, Əflatun davam elədi… Bu dəfə isə mənim namizədliyim üzərində dayanıldı. Mən bilmirəm, siz nəyə işarə edirsiniz…
– Dedim axı, istehzasız soruşuram…
– İlkin, əvvəl bütün qurultaylarda əvvəldən axıradək Əli Həsənov otururdu. Bu dəfə isə Prezident Administrasiyasından heç kim yox idi. Hökumət qurultayın işinə qarışmayıb. Media İnkişaf Agentliyinin bir neçə nümayəndəsi gəlmişdi, bir az oturdular, müşahidə elədilər və getdilər. Aqil Ələsgərin (“Yeni Çağ” Media Qrupunun rəhbəri – red.) İdarə Heyətinə seçiməsi mənə təəccüblü gəldi…
– Niyə?
– Axı mən də təcrübəli adamam, təxminlərim var idi… Bir də mənim üçün ən sürpriz Ceyhun Musaoğlu oldu. Yəni əvvəldən bilirdim ki, Ceyhun seçiləcək. Media nümayəndəsi qalmamışdı ki, onlara deməsin, xahiş etməsin, “Facebook”da təbliğat aparmışdı… Və nəticə də bu oldu ki, ən çox səs yığanlardan biri oldu, hətta köhnələrdən də irəli keçdi. Onda mən fikirləşdim ki, deməli, Ceyhunun qarşısını almaq mümkün deyil. Amma haqqını verək, çalışdı və səsləri yığdı. Amma Aqilin məsələsinə təəccübləndim. Neçə adam dedi ki, müxtəlif qruplaşmalar var idi, hətta bəziləri deyir ki, Aqil özü də qurultay vaxtı bəzi adamlara deyirdi ki, mənə səs verin. Amma mən bunlara faciə kimi baxmıram, təbiidir.
İlk qurultayda Qənimət Zahid aləmi qatmışdı bir-birinə. Bütün günü “Azadlıq” qəzeti qurultayın əleyhinə yazırdı. Nəhayət Qənimət seçildi, mən də sual verdim ki, bəs nə istiyirdin? Dedi ki, elə İdarə Heyətinin üzvü olmaq istəyirdim. Yəni o hay-küylərə normal baxıram. Bu, özünü təsdiq etməyin bir formasıdır… Amma rəqsabətin, mübarizənin olması xoşdur.
– Kəramət Böyükçölə müsahibənizdə arzularınızdan danışmışdınız. Demişdiniz ki, mən bütün arzularıma çatmışam. İndi də demək olar ki, arzunuza çatdız?
– Açığı, bu vəzifəni arzulamırdım. Mənim Kəramətlə çox davam olub, amma son vaxtlar bir neçə dəfə məndən müsahibə alıb. O müsahibədə mən uşaqlıq arzularımı demişdim. Yəni uşaqlıqda mən şeir yazırdım və jurnalist olmaq istəyirdim. Sovet vaxtında jurnalistin ən böyük arzusu redaktor olmaq idi. O vaxt indiki kimi deyildi, cəmi 4-5 qəzet var idi…
Etiraf edim ki, Mətbuat Şurasına sədr olmaq mənim üçün bir az da gözlənilməz oldu.
– Rəşad bəy, neçənci vəzifənizdir?
– İctimai vəzifəm həddindən artıq çoxdur. Məndən soruşurlar ki, hansı vəzifəndən daha çox zövq alırsan? Mənim ən çox zövq aldığım iş “525-ci qəzet”in baş redaktoru olmaqdı. O qəzeti vərəqləyəndə zövq almışam. Həmişə də demişəm, cəmiyyətimizin ziyalıları bu qəzeti oxumalıdırlar, çünki maarifçi nəşrdir. Amma qəzet dövrü ötür. Elə mənim özüm də qəzet yazılarının çoxunu telefondan və saytdan oxuyuram. Yazıçılar Birliyindən də zövq aldığım vaxtlar olub. Uzun illər gənc yazarlarla işləmişəm. Hansısa gəncə dəstək vermək, onda özünəgüvən yaratmaq mənim də enerjimi atrırır.
– Onların da bəziləri sonradan sizə üsyan ediblər…
– Bəli, üsyan edənlər olub çox. Bilirsən, o vaxt mənə rəhmətlik Fikrət Qoca bir uşağı gətirirdi… Mənim işə yanaşmam belədir ki, birinə dəstək verirəm və onu qədər qaldırıram ki… Qulu Ağsəs deyirdi ki, Rəşad Məcid cavanları yetişdirmir, cavanları qudurdur! Hər nə qədər kobud olsa da! Mən inandığım cavanı gətirirdim böyük məclislərdə düz Anar (Yazıçılar Birliyinin sədri – red.) müəllimlə bir yerdə oturdurdum. Fikrət Qoca da deyirdi ki, yaxşı cavandı, təki korlanmasın. Mən də deyirdim ki, niyə korlanmalıdır axı? Sonra gördüm ki, gənc yaşında ulduz xəstəliyinə tutulanlar çox oldu. İnsan xislətidir, nə edə bilərik?
– Niyaz Niftiyev də İdarə Heyətinə seçildi. Heç 1 gün tamam olmamış istefa verdi. Dedi ki, vaxtım işlərim çoxdur. Niyaz Niftiyev bilmirdi ki, işləri çoxdur?
– Onun seçilməyi də mənim üçün sürpriz oldu. Təbii, bilirdi ki, işləri çoxdur. Məncə bu, bizim ümumi səhvimiz oldu. Görünür, Niyazın həyatındakı gərginlik davam edir. Amma Niyaz üçün də nəticələr hər halda bir sürpriz oldu, özünə güvən yarandı ki, jurnalistlər onu dəstəklədilər. Niyaz sonra belə bir qərar qəbul elədi və məncə düzgün qərar idi. Niyazın həyatında nə baş verdiyini bilirik. Niyaz doğrudan dəyərli insandı, hamının ona münasibəti yaxşıdır.
– Niyaz üçün gərgin bir dönəmdə belə bir pozitiv hadisənin baş verməsi əslində onu stimullaşdıra bilərdi…
– Yox, Niyazın mənəvi və digər problemləri var idi ki, onun üçün bu narahatlıq yaradacaqdı. Şəxsən mən Niyaza təşəkkür edirəm ki, çox düzgün qərar qəbul etdi. Yaxşı olardı ki, bunu səsvermədən əvvəl deyərdi. Ola bilsin ki, özünə heç inamı yox idi. Görünür, Əflatun Amaşov da Niyazın səs yığacağını gözləmirdi, yoxsa əvvəlcədən onunla söhbət edərdi.
– Azər Həsrətlə və Azər Həsrətə münasibətiniz necədi?
– Azər Həsrət çox səs yığdı. Ən çox səs yığanlardan biri o idi…
– Rəşad bəy, mən şəxsən o təbliğat kampaniyalarını, “WhatsApp”da yaradılan qrupları görmüşəm…
– Təbii, qruplaşmalar var idi ki, nəticə belə oldu. Amma Azər hansısa qruplaşmalar vasitəsilə o qədər səs yığıbsa, deməli, fəaldı, işləyir… Azər Həsrətə münasibətim necədi? O vaxt belə bir şey demişdim – Azər Həsrət o vaxt Mətbuat Şurasının sədri ola bilər ki, sədri qışqırmağa görə seçsinlər. O vaxt Azər daha gənc idi, səsi gur çıxırdı. Mövqelərimizdə çox fərq var idi. Biz Azərlə, Qulu Məhərrəmli ilə 3 gün ABŞ-da olmuşuq. Azəri yaxşı tanıyırdım və həmişə arzu edirdim ki, zaman Azəri yetkinləşdirsin. Hətta qurultayların birində dedim ki, zaman öz müdrik təsirini Azərə göstərib.
Yaş artdıqca insan bir az rahatlıq, sakit həyat istəyir. Məsələn, mən 10-15 il bundan qabaq Azərin bir etirafı yadımdadır. Deyirdi ki, mənim arzuladığım bir şey var: Bakıda bir evim olsun, bir də səhər 9-dan axşam saat 6-dək bir işim olsun. Fikirləşdim ki, o üsyankar, ABŞ-da hər addımda Azərbaycan hökumətinin əleyhinə danışan, inqilabçı Azər belə sakit bir həyat arzulayır? Hər insanın üsyankar dövrü olur.
– Mövqeyini belə tez-tez dəyişən insanlarla işləmək sizi narahat etmir?
– Mövqeyini dəyişən deyəndə ki, indi Azərbaycanda üzdə olan adamların çoxuna demək olar ki, mövqeyini dəyişir…
– Bu məsələ ilə onların rəhbərləri məşğul olsun. Siz sədr seçilmisiniz. Azər Həsrət də sizin rəhbərliyiniz altında işləyəcək.
– Bəziləri deyirdi ki, İdarə Heyəti təzələnsin. Necə təzələnsin? Axı bu insanların təcrübəsi var. Müşfiq Ələsgərli, Azər Həsrət, Umud Rəhimoğlu, Vüqar Rəhimzadə – bu insanların hər biri xeyli səs yığıb. Texnologiyanı da bilirlər, insanlarla da münasibətləri var. Mənə elə gəlir ki, İdarə Heyətində “yeni nəfəs” var. Azər Həsrətin beynəlxalq əlaqələri də yaxşıdı, təcrübəsi var. Azərin yaxşı keyfiyyətləri var. Kimlərinsə xoşuna gəlməyə bilər. Düzdür, mən özüm də həmişə Azərə qarşı olmuşam.
– Belə başa düşdüm ki, sizin Azər Həsrətə bayaq çəkdiyiniz misala görə yazığınız gəlib… Yəni adam xudmani ev və stabil iş istəyib, ona görə, sizin təbirinizcə desək, hay-küy salıb…
– Yox, yazığım gəlmiyib. Ümumiyyətlə, Azər daha mübarizdi, daha fəaldı. Zaman ötdükcə insanın alovu da səngiyir. Məmməd Arazın “Mehmanxana xidmətçisi” şeiri var. Şeirin axırında deyir ki, “tale sənə bir süpürgə verib bu gün, bax beləcə təmiz saxla otaqları”. Yəni iş var ki, elə onunla həyatını sakit yaşayırsan. Azərin sərt, qeyri-adi, özünəməxsus fikirləri də olur. Bəzən mən də Azərin dediyi sözlərin əleyhinə çıxıram. Amma hesab edirəm ki, Azər sadə adam deyil. Bugünkü cavan jurnalistlər Azəri bəyənməsə də, o, yenə də aktivdir. Azər fikri deyir, sonra da izah edir. Azər “Əməkdar jurnalist” adı aldı. Millət vəkili olmaq istədi, alınmadı. İndi deyəcəkər ki, sən hakimiyyətin və yaxud hansısa qrupun məddahı olmusan. Amma millət vəkili olmadı axı.
– Azər Həsrət etiraf edib ki, Əli Həsənovun “trol”u olub. Düzdür, buna başqa don geydirdi…
– Əgər sən düşüncəsiz olaraq kiminsə sifarişini yerinə yetirirsənsə, deməli, təhlükəli trolsan. Amma sənin öz düşüncən varsa və ona inanaraq edirsənsə, bu, “trol”luq deyil. Hesab edirəm ki, Azərin düşüncəsi odur. Azərin 2003-cü ildəki düşüncəsi başqa idi, Azər gənc, çılğın idi. Zaman öz müdrik təsirini Azərə göstərdi, Azər daha soyuqqanlı oldu.
– Zaman təsirini göstərdi, yoxsa Azər Həsrət nəyinsə müqabilində soyuqqanlı oldu?
– Azərin nəyi var ki? Kənddə bir dənə kərəntini götürüb, ot çalır. Dədəli kəndində sadə bir evi var. Azər elə də böyük bir şey əldə etmiyib axı…
– Yeri gəlmişkən, Əli Həsənovla münasibətiniz necə olub?
– Hökumət və Əli Həsənov mənə həmişə hörmətlə münasibət göstərib. Əli Həsənov heç vaxt mənə səsinin tonunu qaldırmayıb. Hətta bəzi məsələlərdə çəkiniblər, hesablaşıblar. Hətta yadımdadır ki, bir dəfə Arif Əliyevgil dedi ki, Əli Həsənovla Mətbuat Şurasının sədri vəzifəsinə mənim namizədliyimi müzakirə ediblər. Əli Həsənov isə deyib ki, Rəşad bizim adam deyil, ipə-sapa yatmaz, üsyankar adamdı. İlk qurultayda, yadımdadır ki, Əli Həsənovun heç o qədər də geniş səlahiyyətləri yox idi. Amma o qurultayı əvvəldən axıradək izlədi. Düzdür, onda hələ təsir imkanları o qədər də deyildi, amma qurultay nümayəndələrinə təsir edə bilirdi. Əlbəttə, Əli Həsənovun səhvləri oldu.
Ad çəkmək istəmirəm, məsələn, KİVDF yarananda mən dedim ki, mətbuata maliyyə yardımı məsələsində ədalət prinsipi pozulub. “525-ci qəzet”ə az maliyyə ayırmışdılar. Bizim qəzeti həftədə 3 dəfəyə keçirəndə dişim dilimi kəsirdi. Az qalmışdı ki, prezidentə müraciət edib deyim ki, hanı obyektivlik? Bir insan öz rəhbəri olduğu və heç kimin vərəqləmədiyi qəzeti gündəlikdə saxlayır, amma neçə ilin tanınmış və insanların qəbul etdiyi “525”-i həftəliyə keçirir.
Bir də bu ev məsələsində… İndiyədək şübhələndiyim məqamlar var. Həmin il 31 baş redaktor ev almışdı. Mən prezidentin qarşısında çox təsirli çıxış etdim. Səhəri gün mənə mətbuatın münasibəti dəyişdi. Hansısa jurnalist mənə zəng vurdu, hirsli vaxtıma düşmüşdü, dedim ki, “3 oğlum var, 3-nə də ev alacam”. Hamı bilir ki, bu sözləri hirsimdən demişəm. Sonradan təsdiqini tapdı ki, bu, təşkil olunmuş bir proses idi. Tapşırıq verilmişdi ki, Rəşadı dilə-dişə salın, hörmətdən salın. Niyə? Sırf prezidentin yanındakı çıxışıma görə.
İlkin, bax, sən bayaqdan Azər Həsrətdən danışırsan. Amma bu gün özünü müstəqil jurnalist adlandıranlar var ki, o vaxt həmin tapşırıqları icra edirdi, məni hörmətdən salırdı.
– Belə başa düşdüm ki, ad çəkməməkdə israrlısınız…
– Onların arasında xanımlar da var, ona görə, ad çəkməyəcəm.
– Həmin xanımlar Mətbuat Şurasının İdarə Heyətində yer alıb?
– Yox! Onlar heç vaxt İdarə Heyətində olmayıblar.
– TV və idman mediasından qurultayda niyə heç kim yox idi? Halbuki, orada da jurnalistikamızın “ağır artilleriyası”nın nümayəndələri var.
– Düzü, “idman jurnalistlərindən də İdarə Heyətinə kimsə düşməlidir” fikri bir neçə dəfə səsləndi. Mən hətta müzakirələr apardım, gördüm, 1-2 nəfərin adı çəkildi. Amma bunu tək biz arzulamalı deyilik axı, gərək özləri də həvəs göstərin. Həvəsli adam Aqil Ələsgər kimi olmalıdı. Bu adam əzmkarlıq nümayiş etdirdi və seçildi. Mən neçə dəfə bu sözü demişəm: “Ən ədalətsiz cəmiyyətdə də bir insan sevdiyi işlə davamlı məşğul olursa, mütləq o nəyəsə nail olur”.
– Yeni sədr kimi, nə edəcəksiniz ki, məsələn, jurnalist özü mənzil və ya ev ala bilsin, dövlətdən ummasın?
– Yaralı yerimə toxundun. 1998-ci ildə “525-ci qəzet” hələ həftədə 3 dəfə çıxırdı, o vaxt qəzetin qiyməti 1 manat 50 qəpik idi. Həmin il bizim qəzetin dövriyyəsi təxminən 700 000 dollar idi. Ayda 30 000 dollarlıq reklam alırdıq, satış əla gedirdi…
– Amma onda rəqabətsiz mühit idi.
– Bazarda qəzet az idi, amma sağlam rəqabət var idi. Fikirləşirdim ki, gələn il dövriyyəmiz 1 milyon olsa, öz işçilərimə ev tikəcəm. Həmin ilin avqust ayında Rusiyada böhran oldu, sonra Azərbaycanda prezident seçkiləri keçirildi, reklam gəlirlərimiz 10 dəfə azaldı. Monopoliya oldu, reklam şirkətləri yarandı, pul parçalana-parçalana getdi. Qəzetin satışında da problmlər yarandı. Biz elə bir vəziyyətə çatdıq ki, nəinki işçilərimizə ev tikməyə, heç özümüzü maliyyəşdirməyə imkanımız qalmadı. Başladıq Mətbuat Şurasında müzakirələr aparmağa ki, vəziyyətdən necə çıxmaq olar. Dövlətə təkliflər verdik. Nəticədə KİV-ə dövlət dəstəyi konsepsiyası qəbul olundu. Ardınca KİVDF yarandı. Onun hesabına, qəzetimiz yaşadı. Dövlət dəstəyi olmasaydı, qəzet olmazdı.
Həmişə demişəm, bizim ən böyük problemimiz Azərbaycanda reklam bazarının olmamasıdır. Yadındadı, o vaxt tikinti bumu yaşandı. Gündə bir şirkət bina tikirdi və mən də fikirləşirdim ki, necə olur axı bu qədər iş gedir, biri də bizə reklam vermir, ancaq 1-2 televiziya ilə işləyirlər.
O vaxt Türkiyənin “Sabah” qəzetində qonaq olduq. Mən reklam müdiri ilə görüşdüm. Duyğu adında gənc bir xanım idi. Dedi ki, 40 işçim var. Həmin il Türkiyədə 1.7 milyard dollarlıq reklam bazarı var idi. Soruşdum ki, Duyğu xanım, bu məbləğin neçə faizi “Sabah” qəzetinin payına düşür? Düşündüm ki, 50 milyon dollar deyər. Dedi ki, 200-250 milyon dollar!
– Neçənci il idi?
– 10-15 il bundan qabaq. Həmin il Aərbaycanda toplamda 20 milyon manatlıq reklam bazar var idi. Təsəvvür edin, “Sabah” qəzeti bizdən 10 dəfə çox reklam cəlb edir. Düşündüm ki, əşşi, biz iş görmürük ki, biz evcik-evcik oynayırıq! Bizdə qəzetlər biznes strukturuna çevrilə bilmədi. Türkiyədə o qəzetlərin ənənəsi var idi, çox reklamlar verirdilər. Ən zəif qəzet 15 milyon dollarlıq reklam cəlb etmişdi!
– Rəşad bəy, siz hamımızın yarasını daha da qanatdınız, amma suala cavab ala bilmədim. Mətbuat Şurasının yeni sədri olaraq siz konkret nə iş görəcəksiniz ki, media dövlətə yük olmasın?
– Məsələyə iqtisadi baxımdan yanaşsaq, reklam bazarında vəziyyət gərgindir. Çox elə bilir ki, Mətbuat Şurası Mətbuat Nazrliyidir, bütün mətbuatın problemini biz həll etməliyik.
– Bunun günahkarı elə mətbuat deyilmi ki, reklam bazarı onlardan üz döndərib?
– Yox! Mətbuatın nə günahı var ki? Reklam vermirlər, a kişi, monopoliyadı. Üstəlik, SSRİ vaxtından qalan bir ənənə var ki, qorxub reklam verənlər var. Ya da başqa tərəfdən yanaşaq, reklam versək, bəzi qurumlar deyəcək ki, deməli, pulunuz çoxdur, sıxma-boğmaya salacaqlar.
Əsas məsələ odur ki, monopoliya var, onların da həvəsi yoxdur reklam verməyə, heç ehtiyacları da yoxdur.
Biz “Etik davranış qaydaları”nı qəbul etdik. Bu əsas işimiz odur ki, bu qaydaları Mətbuat Şurasının üzvü olan və olmayan media qurumları qəbul eləsin. Bütün dünyada bu qaydalar var. Hazırda informasiya məkanı genişləndiyi üçün bizim bir müraciətimiz olacaq. Biz ictimaiyyətə və sosial media nümayəndələrinə çağırış edəcəyik ki, bu etik davranış qaydalarına riayət edin. Məsələn, söyüş söyməyin, insanlara şər atmayın, intiharla bağlı, uşaq hüquqları ilə bağlı həssas olun və s. Bu, adi prinsiplərdi! Özünü media adlandıran xeyli qurumlar, “Instagram” səhifələri bunu bilmir. Onlarda məsuliyyət hissi yoxdur.
– Əflatun Amaşov niyə bu illər ərzində bunu edə bilmədi?
– Əflatun Amaşov çox yaxşı işləyirdi. Amma son vaxtlar ruhdan düşdü, millət vəkili seçilmədi, pessimistlik yarandı. Pandemiyadan sonra da həvəssizlik yarandı. Bir jurnalist var – Əlisəttar Hüseynov, 6 aydır onun diplomu imzalı şəkildə masanın üstündə durub, hələ də onu verməyib. Yəni o dərəcədə heç nəyə həvəsi qalmamışdı. Amma qurultay öncəsi Əflatuna bir enerji gəldi, “Xalq qəzeti”nə redaktor təyin olundu. Üstəlik, cənab prezident ona fəxri diplom verdi. Əflatun vaxtilə “Azərtac”da işləyib. Əflatun qəzet işinin nə dərəcədə ağır olduğunu indi biləcək. Biləcək ki, gecə saat 2və ya 3-ə qədər qəzetdə işçilər necə əziyyət çəkirlər.
– (Sədr kürsüsünü göstərək) Problem elə bundadır, Rəşad bəy! Orada oturan işləmək istəmir!
– Mən həmişə demişəm ki, bizim jurnalistlər Sovet vaxtındakı pambıqçılar kimidir! Səhərdən axşamadək işləyir və qəpik-quruş qazanır. Hansı jurnalistlə göüşürəm, deyir ki, maaşımız ipoteka ilə ev almağa imkan vermir. Cənab prezident də jurnalistlərə ev verəndə bunu demişdi. Dedi ki, bilirəm, jurnalistlərin maaşı azdır, onlar öz maaşı ilə ev ala bilmirlər, ona görə, bu cür addım atdıq. Təəssüf edirəm ki, bu cür savab işi də bəzi jurnalistlər bulandırdılar, bir-birlərinə qarşı kin-küdurət püskürdülər…
– Jurnalistlər bulandırdı, yoxsa bölgünü aparanlar? Yazılanların və deyilənlərin əksəriyyəti haqlı idi…
– Haqlı ola bilərlər. Bir dəfə Elxan Şükürlüyə dedim ki, tutaq ki, 450 evdən 250-si, lap 50-si kimlərəsə ədalətsiz verilib, amma qalanının haqqı idi axı. Elə adamlar alıb ki… Vallah böyük savabdı! Bunun üzərində dayanmaq lazımdır. Mənim orada oğlum yaşayır. O gün evinə getmişdim, o mühiti görəndə kövrəldim, həm də bir az rahatladım ki, bu qədər insan necə ev alacaqdı?
Bilirsən, jurnalistləri bulandıran nə idi? Mən dedim ki, bir-birimizə qarşı bu kin-küdurəti yığışdırın. Bir tərəfdən jurnalist adına iddia edən nadanlar var ki, kameranı qoyur qabağına, ağzına gələni danışır. İctimaiyyət də ona jurnalist deyir. Bir də ki, bir-birimizin qanını içməyə hazır olanlar var. Niyə? Elə yazıçıları da nəzərdə tuturam, gənc jurnalistləri də. Siz cəmiyyəti yönəltməlisiniz, yüksək intellekt göstərməlisiniz. Bunun əvəzində siz hamınız bir-birinizin ətinizi yeyirsiniz.
– Üçüncü “Jurnalistlər binası”nın aqibəti nə olacaq? Belə başa düşdüm ki, məsələ gündəmdən çıxarıldı…
– Hansı televiziyaya gedirəm, hansı mediayaya müsahibə verirəmsə, bütün jurnalistlər deyir ki, Rəşad bəy, çalışın o məsələni gündəmə gətirin. Mən o vaxt da demişdim ki, ilk iki binada yaşayanların əksəriyyəti baş redaktorlar və redaktorlardı. Yəni üst qurumda olanlar ev alıb. İndi növbə çatıb sıravi jurnalistlərə və bunlar ala bilmir. Məsələn, mənə o vaxt dedilər ki, məlum müraciəti imzala, mən imzalamadım. Sual verdim ki, necə imzalaya bilərəm axı? Deməli, özüm ev almışam, amma illərdir ev arzusunda olana deyim ki, sənə ev verilməyəcək? Bu hansı mənəvi əxlaqa sığır?! Ona görə, qol çəkməmişdim.
Düzdür, imzalayanların içində elələri var ki, əvvəldən bunun əleyhinədir, deyirlər ki, dövlət jurnalistə ev verməmilidir.
– Səhv düşünürlər?
– Bəs jurnalist necə ev alsın? Bu, indiki situasiyadan çıxmağın bir yoludur. Mən də sən yaşda olanda qəzetimin 700 000-lik dövriyyəsi var idi, göylə gedirdim. Məsələn, Eynulla Fətullayev deyir ki, reklam alıram. Sən ola bilsin ki, sayta reklam tapa bilirsən, nəyə görəsə yığırsan. Amma söhbət ümumi reklam bazarından gedir axı. Üstəlik, son illərdə sosial şəbəkələr reklamı bizdən qoparıb.
– “525-ci qəzet” Media İnkişaf Agentliyindən qrant alır?
– İlk gündən alıb. Çünki “525-ci qəzet” məhv olurdu. Amma dediyim kimi, birinci dəfə halallığı pozdular. Digər qəzetlərə çox verdilər, bizə az. Media İnkişaf Agentliyi gələndən sonra bərpa olundu. Biz nə qədər alırıq? Qəzetə görə 15 min + sayta görə 3 min manat. Qəzetin aldığının təxminən 10 min manatı nəşriyyat və kağıza gedir. Bizim də indi məhdud sayda reklamımız var. Ayda 2 min manatlıq satış olar, ya olmaz. Bunun vergisi var, sosial ödənişləri var. Mən utanıram ki, mənim işçim 400-500 manat alır.
– Nə edək ki, media dövlətə yük olmasın, qrant almasın, əksinə, vergi ödəsin?
– Bu sual üzərində biz 20 ildir baş sındırırıq. Vəziyyətdən çıxmağın yollarını axtarmışıq. Vaxtilə mən təklif etdim ki, dövlət qurumlarının elanlarını yalnız 1-2 qəzetdə yox, bir neçə qəzetdə dərc edək.
– Görürsünüz, burada da monopoliya var…
– Mən nə qədər əlləşdim, yenə də alınmadı. Orada yazılmışdı ki, bu qurumların tender elanları rəsmi qəzetlərin birində dərc etməlidir. “Rəsmi” sözü var idi. Rəsmi qəzetlər deyəndə “Azərbaycan”, “Xalq” və “Respublika” nəzərdə tutulur. Biz heç olmasa onu ala bilərdik. Özü də xeyli puldu ha! Məsələn, Türkiyədə bu cür yanaşılır. Türkiyədə bölgə qəzetləri necə yaşayır? O elanların hesabına!
– Belə başa düçdüm ki, Əflatun Amaşov yaxşı yerə gedib. Pullu elanlar öz ayağı ilə gəlir “Xalq” qəzetinin redaksiyasına.
– Bəxtiyar Sadıqov deyirdi ki, mən “Azərbaycan” qəzetini başsağlıqlarının hesabına saxlayıram. Başsağlığının biri 50 manatdandı, otur, özün hesabla. Zarafat bir yana, heç “Azərbaycan” qəzetinin, “Xalq” qəzetinin də vəziyyəti yaxşı deyil.
– Mətbuatın durumu sizi qane edirmi?
– Əlbbəttə ki, qane etmir. Nə mətbuatın iqtisadi durumu, nə ümumi mətbuatın səviyyəsi, nə jurnalistlərimizin səviyyəsi… Heç biri məni qane etmir. Üstəlik, belə bir xaotik durumda, hər tərəfdə jurnalist adı ilə meydan sulayanların olduğu vaxtda mətbuatın vəziyyətindən razı ola bilmərəm. Bu durum mənə əzab verir! Çünki jurnalistika mənim ən çox zövq aldığım işdir. Elə yazılar olub ki, mən onları oxuyanda gözlərim dolub. Söhbət istedadlı yazıdan gedir. O qədər yazı olub ki, məndən xoşu gəlməyən bir insan olsa da, özünə demişəm ki, əla yazıdır.
– Mətbuatın bu durumda olmasının məsuliyyəti kimin üzərindədir?
– Çətin sualdı. Burada dövrün, zamanın da günahı var. Bunu Əli Həsənovun, redaktorların üstünə yıxırlar. Amma zaman da dəyişir axı. Yeni texnalogiyaların gətirilməsi klassik mediaya zərbə vurdu. Dövlət də çalışdı ki, bizə dəstək olsun. Amma dövlət də dəstək olanda azadlığımıza məhdudiyyət qoyur. Ona görə də, məncə zaman gətirib bu vəziyyətə çıxartdı. Amma yenə də tam pessimist deyiləm. Düşünürəm ki, bu situasiyanı qismən də olsa, qarşısını alarıq.
– Bu, sonuncu sualı idi. Əvvəldə dediyim kimi, təbriki sona saxlamışdım. Şəxsən Rəşad Məcidi Mətbuat Şurasının İdarə Heyətinin sədri seçilməsi münasibəti ilə təbrik edirəm. İdarə Heyətindəki bəzi adlara görə, ümumi İdarə Heyətini təbrik etməyəcəm. Əla, səmimi müsahibə üçün təşəkkürlər!