Bia.Az

Arif Həşimov keçmiş ADP-çini niyə müdafiə edir? – AMEA-da Ramiz Mehdiyevin “irsi” davam etdirilir

Cəmiyyət
 1-09-2022, 11:31     1 001

Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsindən uzaqlaşdırılıb bu postun müvəqqəti akademik Arif Həşimova tapşırılması Azərbaycan elmi ictimaiyyətində bir ümid işığı yandırmışdı. Hər kəs Arif Həşimovun müsbət imicindən danışır, onun AMEA-dakı neqativ halları tezliklə aradan qaldıracağına inanırdı. Zaman keçdikcə AMEA-nın əməkdaşları müsbətə doğru heç nəyin dəyişmədiyini, Ramiz Mehdiyevin “ənənəsinin” davam etdirildiyini, onun kadrlarının Arif Həşimov tərəfindən ciddi şəkildə müdafiə olunduğunu gördülər.

Akademik Arif Həşimovun Ramiz Mehdiyevlə bağlılığını, onun Mehdiyev tərəfindən idarə olunduğunu Milli Məclisin sədr müavini Adil Əliyev bu yaxınlarda mətbuata verdiyi müsahibədə açıq şəkildə bəyan edib. Adil Əliyevin həmin müsahibəsindəki Arif Həşimovla bağlı səsləndirdiyi fikirləri bir daha oxuculara təqdim edirik:

“Korrupsioner məmurları öz ətrafında cəmləşdirən Ramiz Mehdiyev Prezident Administrasiyasından qovulduqdan sonra da rahat dayanmadı. AMEA-nın prezidenti işlədiyi zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki, Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib”.
arif_hsimov_1650698804_f25b5ef0-1885-3582-8249-11db748cf0ee[1]
Arif Həşimov
AMEA barədə son vaxtlar redaksiyamıza daxil olan məlumatları təhlil etdikdən sonra bu qənaətə gəldik ki, Adil Əliyev tamamilə haqlıdır, Arif Həşomov hələ də Ramiz Mehdiyevin diqtəsi ilə hərəkət edir. Üstəlik, o, tək deyil. AMEA-da Mehdiyevin tapşırıqlarını qeyd-şərtsiz icra edən başqa yüksək vəzifəli şəxslər də vardır. Onlardan biri də AMEA-nın vitse-prezidenti İradə Hüseynovadır ki, onunla bağlı digər yazımızda ətraflı məlumat verəcəyik.
p1e9367nq1fr81k0ssfms7m19tv5
Ramiz Mehdiyev və İradə Hüseynova
Ramiz Mehdiyev Azərbaycan elminin məbədgahını elə kökə salıb ki, Akademiyadakı problemləri həll etməyə görünür uzun vaxt lazım olacaq. Son vaxtlar aparılan islahatlar, AMEA-nın əksər institutlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi də bu problemləri həll etməyə yönəlib.
Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə “islahat” adı ilə tətbiq etdiyi qaydalar elmi müəssisələrin fəaliyyətini iflic vəziyyətinə salıb. Mehdiyevin dövründə AMEA-nın institutlarında guya islahatlar aparılıb, elmi müəssisələrin idarəetmə sistemində “yeniliklər” edilib. Bu islahatlardan biri də Akademiyanın institutlarında baş direktor və icraçı direktor vəzifələrinin təsis edilməsidir. Halbuki, bu yeni idarəetmə sistemi AMEA-nın Nizamnaməsi ilə ziddiyyət təşkil edir. Nizamnaməyə görə, Akademiyanın elmi müəssisəsinə onun direktoru başçılıq edir. Akademiyanın elmi müəssisəsinin direktoru elmi müəssisənin tərkibində olduğu elmi bölmənin ümumi yığıncağında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir və Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq olunur. Nizamnamədə icraçı direktor anlayışı yoxdur. Sabiq prezident AMEA-nın Nizamnaməsinə zidd şəkildə islahatlar apararaq “özünəməxsus” idarəetmə forması tətbiq edib, beləliklə, institutlarda yeni intriqa ocaqları yarada bilib.
İnstitutlara təyin edilən icraçı direktorların mütləq əksəriyyəti məhz Ramiz Mehdiyevin kadrlarıdır. Həmin icraçı direktorların əksəriyyəti bu gün elmi müəssisələrin baş direktorları ilə hesablaşmır, onları saymır, institutların işini pozurlar. Arif Həşimov isə onlara “gözün üstə qaşın var” deyə bilmir. Ona görə ki, onlar Ramiz Mehdiyevin kadrlarıdır və Mehdiyev bu gün də onları ciddi müdafiə edir. Görünür, Ramiz Mehdiyevin hələ başqa planları var.
TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, AMEA-nın bir sıra institutlarında baş direktorlarla icraçı direktorlar arasında mübahisə yaranıb. Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru Yasin Rüstəmov institutun baş direktoru Əlövsət Quliyevin xidməti otağına hücum çəkib, idarəçilik prinsiplərinə zidd şəkildə kobudluq nümayiş etdirərək baş direktoru təhqir edib və hədələyib. Təəssüf doğuran hal odur ki, AMEA-nın rəhbərliyi bütün bunlara göz yumub, Ramiz Mehdiyevin kadrı olan icraçı direktoru cəzalandırmayıb.
IMG_20220319_171126
Əlövsət Quliyev
Əslində Əlövsət Quliyevə hücum çəkən Yasin Rüstəmovu cəzalandırmamaqla Arif Həşimov ondan Mehdiyevin qisasını alır. Bildiyimiz kimi, Ramiz Mehdiyevə ilk qarşı çıxan alimlərdən biri məhz AMEA-nın müxbir üzvü Əlövsət Quliyevdir. Alim haqsız yerə işdən uzaqlaşdırılması ilə razılaşmamış, Mehdiyevin qılıncının dalının da, qabağının da kəsdiyi zamanlarda onu məhkəməyə verərək işinə bərpa olunmuşdu. Bundan sonra Ramiz Mehdiyev institutda intriqa yaratmaq, Əlövsət Quliyevi oradan uzaqlaşdıra bilmək üçün keçmiş ADP-çi Yasin Rüstəmovu icraçı direktor təyin etmişdi. Mehdiyevin istefası bu işi yarımçıq qoydu. Amma görünən odur ki, Arif Həşimov bu planın başa çatdırılması üçün Mehdiyevin tapşırıqlarını yerinə yetirir.
Maraqlıdır, Ramiz Mehdiyev keçmiş ADP-çini niyə bu institutun icraçı direktoru təyin etmişdi və nəyə görə müdafiə edir? Əlbəttə ki, biz Mehdiyevin planları barədə dəqiq informasiyaya malik ola bilmərik. Amma Yasin Rüstəmov kimi keçmişi qaranlıq birinin AMEA-da vəzifəyə gətirilməsi, institutda heç kimin onu qəbul etməməsinə, rəhbərliyə qarşı saymazlıq nümayiş etdirməsinə, hətta baş direktora hücum çəkməsinə, onu təhqir etməsinə baxmayaraq, müdafiə olunması ciddi suallar yaradır.
Yasin Rütəmov 1993-2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Kommunikasiya Komitəsinin sədri olub. Komitə sədri vəzifəsindən azad edildikdən sonra müxtəlif siyasi partiyalarda Azərbaycan iqtidarına qarşı aparılan şər-böhtan kampaniyasında aktiv iştirak edib. O, əvvəlcə Azərbaycan Demokrat Partiyasında, sonra Ədalət Partiyasında fəaliyyət göstərib.
yasin_rus
Yasin Rüstəmov
Hələ 2003-cü ildə Prezident İlham Əliyevə qarşı aparılan kampaniyada fəal iştirak edən Yasin Rüstəmov gəncləri aldadarq İlham Əliyevə qarşı qaldırmağa cəhd edib, Azərbaycan hakimiyyətinə indiki söyüş bloqerlərindən fərqli münasibət göstərməyib.
2003-cü ildə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) bir qrup gəncin müraciəti yayılıb. Həmin gənclər Yasin Rüstəmovun onları aldatdığını etiraf edib, onun xəyanətkar mövqeyindən danışıblar: “Biz aşkar surətdə görürük ki, bu cür şər və böhtançı adamlarla uzağa getmək olmaz. Ona görə də bu cür üzdəniraq demokratlarla, boş vəd sahibləri ilə bir mövqedə dura bilmərik. Yasin Rüstəmov kimi xəyanətkarlar indidən öz aralarında hay-küy salır, məğlubiyyətin qorxusunu hiss edərək beynəlxalq təşkilatlara məktublar hazırlamaqla Azərbaycanın uzun illər ərzində qazandığı nüfuzu hörmətdən salmaq üçün start xəttinə çıxmağa hazırlaşırlar. Vallah, adam xəcalətindən yerə girir. Ehtiyatda olan bu demokrat “silah”ı da artıq qəbul edilən variant deyildir. Biz gənclər səhv etdiyimizi dərindən dərk edərək, Rəsul Quliyev “işığına” yığışıb qaranlıqda səadət və xoş gün axtaran yarasalardan birdəfəlik ayrılır, onların dövlətçiliyimiz əleyhinə olan mənasız fəaliyyətinə “bəsdir, əbəsdir” deyirik”.
Göründüyü kimi, Yasin Rüstəmov o dövrdə radikal müxalifətin aktiv nümayəndələrindən biri olub. “Tövbə qapısı” həmişə açıqdır və Yasin Rüstəmovun da haqq yoluna gəldiyini zənn edək. Amma onun bu gün də müxtəlif yerlərdə Azərbaycan hakimiyyətinin əleyhinə danışması, keçmiş müxalifətçi dostları ilə tez-tez bir araya gəlib xam xəyallar qurması başqa suallar yaradır. Ən böyük sual isə belə bir adamın Ramiz Mehdiyev və Arif Həşimov tərəfindən nəyə görə müdafiə olunmasıdır. Yoxsa, hörmətli Arif müəllim də xam xəyallar eşqinə düşüb? Suallar çoxdur. İnanırıq ki, aidiyyəti dövlət orqanları bu sualllara cavab tapacaqdır.
Yasin Rüstəmovun siyasi mövqeyini bir kənara qoyaq. Onun elmi potensialı da bu institutda işləməyə imkan vermir.
O, 1973-cü ildə Bakı Dövlət Universitetinin (keçmiş Azərbaycan Dövlət Universiteti) Mexanika-riyaziyyat fakultəsinə daxil olub və 1978-ci ildə maye və qaz mexanikası üzrə tam kursu bitirərək "Mexanik" ixtisasını alıb. 1986-cı ildə istehsalatdan ayrılmadan Azərbaycan Hidrotexnika və Meliorasiya İnstitutunun aspiranturasına daxil olub, 1991-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində texnika elmləri üzrə namizədlik dissertasiyası, 2015-ci ildə isə texnika elmləri üzrə doktorluq dissertasiyası müdafiə edib. Göründüyü kimi, Yasin Rüstəmov texnika elmləri doktorudur. Məhz belə bir adam Torpaqşünaslıq və Aqrokomya İnstitutunun icraçı direktoru təyin edilib və ciddi şəkildə müdafiə olunur.
Digər maraqlı bir fakt ondan ibarətdir ki, Yasin Rüstəmovun əmək müqaviləsinin vaxtı bitib. AMEA-nın prezidenti vəzifələrini icra edən Arif Həşimov struktur islahatı aparılmamışdan bir neçə gün öncə Yasin Rüstəmovu tələsik məzuniyyətə göndərib və məzuniyyət əmrində onun sentyabrın 2-də işə başlayacağı göstərilib. Arif Həşimov bilirdi ki, striktur islahatları aparılacaq və bundan sonra Yasin Rüstəmovu işdə saxlamaq mümkün olamayacaq. Çünki Arif Həşimov onun haqqında təqdimat verməyi Əlövsət Quliyevdən tələb etsə də, alim Yasin Rüstəmovun yenidən həmin vəzifəyə təyin edilməsi üçün təqdimat verməyib, onun institutdakı cinayətkar əməlləri barədə rəhbərliyi məlumatlandırıb. Ancaq Arif Həşimov buna heç əhəmiyyət də verməyib, Yasin Rüstəmovun işdə saxlanılması üçün əlindən gələni əsirgəməyib. Yenə o suala qayıdırq. Arif Həşimov Yasin Rüstəmov üçün niyə belə canfəşanlıq edir? Sualın cavabı aydındı. Çünki Ramiz Mehdiyevin tapşırığı belədir.
Bütün bunlara aydınlıq gətirmək üçün Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevlə əlaqə saxladıq. Alim faktları təsdiqləsə də, bu barədə hələ ki danışmaq istəmədiyini, yaxın günlərdə AMEA-da baş verənlərlə bağlı geniş müraciətinin olacağını bildirdi.
Gözləyək görək, bu  dəfə kim qələbə qazanacaq: Əlövsət Quliyev, yoxsa Ramiz Mehdiyev-Arif Həşimov cütlüyü. Hər halda haqlı kimdirsə, o da qələbə qazanacaq. Kimin haqlı olduğunu isə oxucuların ixtiyarına buraxırıq.
Mövzunu davam etdirəcəyik.
TNSскачать dle 12.1