Bia.Az

ÇIRAQ KİMİ ADAM...

Cəmiyyət
 29-07-2022, 14:17     608

Xeyirxah insan və görkəmli ziyalı

Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent İlham Qaraqurbanlının əqidə manifestidir

Həyat ucu-bucağı görünməyən, sirli-sehrli, şəfalı-cəfalı, acılı-şirinli, möhtəşəm və ecazkar bir məkandır. Ömür isə bu məkanda alovlana-alovlana alışıb, yana-yana, əriyə-əriyə sönüb qürub edən bir zamandır. Bu zaman axın-axın illərdir. Bu axının içərisində insan ömrü, insan həyatı da var. Beləcə ulu Tanrının yaratdığı insan öz yaratdıqları ilə əbədi yaşayır. Bu isə insanı tarixə çevirir, zamanın ovcunda əzilən deyil, qalib gələn ziyaya döndərir. Belə ziyalılardan biri də tanınmış alim, dəyərli insan, ləyaqətli və cəfakeş vətəndaş, bacarıqlı və təşəbbüskar rəhbər Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent İlham Qaraqurbanlıdır.

Ömürnaməsindən:

Qaraqurbanlı İlham Səlim oğlu Ermənistan SSR-i Kalinino rayonunun Qızıl Şəfəq kəndində (Qərbi Azərbaycanın Dağ Borçalısı Loru mahalının Cücəkəndində) anadan olmuşdur.
O, 1965-ci ildə kənd orta məktəbini, 1975-ci ildə isə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat təmayüllü orta məktəbini bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin fizika fakultəsinə qəbul olmuşdur.1984-1996-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Radiyasiya Tədqiqatları Bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, qrup rəhbəri vəzifələrində işləmişdir.
İlham Qaraqurbanlı 1985-1988-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Kimyəvi-Fizika İnstitutunda biofizika ixtisası üzrə aspiranturanı bitirərək və “Heyvan və digər bioobyekt toxumalarında sərbəst dəmir və azot oksidinin qarşılıqlı əlaqəsi” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri üzrə fəlsəfə doktoru adını almışdır. Diqqətəlayiq haldır ki, İlham Qaraqurbanlı apardığı elmi tədqiqat işləri 1988-ci ildə Lenin Komsomolu Laureatı mükafatına layiq görülmüşdür.
İlham Qaraqurbanlı elmi fəaliyyəti ilə bağlı 70-ə yaxın elmi məqalə, 1 monoqrafiya, Rusiya Federasiyasında 3 patenti, 25-ə yaxın meyvəçiliyə dair kitab və kitabçası çap edilmişdir. O, 2019-cu ildə Azərbaycan Respublikası Prezindeti yanında Ali Attestasiya Komissiyası tərəfindən aqrar sahə üzrə dosent elmi adına layiq görülmüşdür.
O, 2001-ci ilin mart ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba Regional Aqrar Elm Mərkəzinin direktoru, 2013-cü ilin may ayından Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun direktoru, 2015-ci ildən isə Kənd Təsərrüfatı Nazirliyin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində işləyir.
Aqrar sahəyə verdiyi töhfələrə görə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir

Dosent İlham Qaraqurbanlı haqqında saatlarla, günlərlə danışmaq, haqqında yazmaq olar. Əziz oxucum, bu yazını sadə bir jurnalistin rəhbər işçiyə iltifatı, mədhiyyəsi, təmənnalı münasibəti kimi yox, müşahidələrinin nəticəsi olan səmimi bir yazı kimi qəbul etməyinizi rica edirəm. O, zəngin təfəkkürünün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth edib. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər. O, bir çoxunun dərdinə dərman, ürəyinə təpər, işinə yarayan, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən ziyalımızdır. Belə adamlarla ünsiyyətdə onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olur. O, heç kəsə ağır söz deməz, yaraya köz basmaz. İlham müəllim yaxşı bilir ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi aləmini zədələyir.

Söhbət Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent İlham Qaraqurbanlıdan gedir. O İlham Qaraqurbanlıdan ki, sözünün qədir-qiymətini bilir. O İlham Qaraqurbanlıdan ki, sözü zərgər dəqiqliyi ilə seçir və onu hədəfə vurur. O İlham Qaraqurbanlıdan ki, sözünün ağasıdır. O İlham Qaraqurbanlıdan ki, sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməzdir. Ona görə də İlham müəllim daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir insandır.

Yaxşılıq etmək İlham Qaraqurbanlının əqidə manifestidir

O, hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran ziyalıdır. Bu çeviklik ona cəsarət, güc, şərəf verir. Həqiqətən İlham müəllim sadə, təbii bir insandır. Onun haqqında yazmaq, danışmaq çətindən də çətindir. Cünki onun haqqında deməyə söz həddən artıq çoxdur. Onun şəxsiyyəti haqqında o qədər faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir simadır. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında, ilahilərə məxsusluğu təzahür etdirir.

Burada bir haşiyə çıxmaq istəyirəm. Dahi şairimiz Nizami Gəncəvinin “Xeyir və Şər” mənzum hekayəsindəki ibrətamiz faktlar diqqəti daha çox cəlb edir. Onun “Yeddi gözəl” poemasında Cin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir.

Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir. Lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir. Xeyiri bir kürd qızı xilas edir. Gözlərini isə qızın atası sağaldır. Xeyir bunların yanında qalaraq bir ailə kimi yaşayır. Kürd ona öz doğma övladı kimi münasibət göstərir, qızını da Xeyirə verərək bütün var-dövlətini onun sərəncamına verir. Xeyir, kürd və kürd qızı arasında olan münasibətlər təmənnasız olub, əsl xeyirxahlıq nümunələridir. Onların hər birinin xeyirxahlığı cavabsız qalmayıb, digəri tərəfindən yüksək qiymətləndirilir.

Xeyirin yaxşı işləri bununla bitmir. O, öz ölkəsinə qayıdarkən adına uyğun hərəkət edərək xəstə şah qızını sağaldır, heç bir təmənna güdmür. Ona var-dövlət təklif edən şaha Xeyir belə söyləyir:

Heç şeydə yox gözüm qoca dünyada,
Mənim verəcəyim dərman-dava da
Allah rizasına veriləcəkdir.

Mənfur Şərin isə əsərdə aqibəti öz xasiyyətinə uyğun olur, onun xəyanət üzərində qurulan səadəti heçə dönür, puç olur.

Hekayə şərin, zülmün uzun sürməyəcəyinə, xəyanətkar adamın gec-tez cəzaya çatacağına oxucunu inandırır. İnsan səadətinə yüksək qiymət verən şair xoşbəxtliyin qədrini bilməyi, insanlara bir-birinə arxa, dayaq olmağı, həyatı gözəlliklər və dünya nemətlərindən birlikdə faydalanmağı tövsiyə edir.

Hekayədə bir daha təsdiq olunur ki, xeyirxahlıq, yaxşılıq, düzlük, ədalət zərbələrə məruz qala bilər, əzilə bilər, lakin heç vaxt məhv edilə bilməz. Vicdanı pak, nəfsi təmiz olan insanlar heç vaxt xeyiri məhv etməyə qoymazlar. Bəşəriyyət həmişə insanlığa bəla kəsilmiş şərə qarşı mübarizə aparmalı, xeyirxahlığı, ədaləti yaşatmalı, şəri, zülmü məhv etməlidir.

Həmişə bu məsəli çəkəndə istər-istəməz İlham müəllimin həyatda etdiyi saysız-hesabsız yaxşılığı yada düşür. Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək İlham müəllimin əqidə manifestidir. Onun yaxşılıq etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir. O, insanlara qayğı göstərir, onların işinə yarayır. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldir. İlham müəllim, sözün həqiqi mənasında, bir çox insan üçün ümid və inam yeridir.

İlham Qaraqurbanlının fəaliyyətinin ali məqamı

Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent  İlham Qaraqurbanlı kimi insanlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar. Yaşayırlar… İlham müəllim də bax beləcə ömür sürmüş ziyalıdır.  O, hədsiz dərəcədə alicənab, təvazökar, müdrik insandır, özünü həyatda həddən artıq sadə aparır.

Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”. İlham müəllimin həyatinın, fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.

İlham müəllim bütün zamanlarda öz ləyaqətini, izzəti-nəfsini qoruyub saxlaya bilib. Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də İlham müəllimin etdiyi yaxşılıqları, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.
Təkrarsız İlham müəllim...

İlham müəllim həddən artıq tələbkardır. O, biganəliyi xoşlamır. Elinin-obasının qədrini biləndir, xalqa xidməti həyatının məna və məqsədi hesab edir. İlham müəllim saf əqidəsi və məsləki olan ziyalıdır. Onun əqidəsi həmişə humanizmə, həqiqətə, ədalətə söykənib. O öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə başqalarından fərqlənən vətəndaş-ziyalıdır.

Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə İlham müəllimə aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə İlham müəllimdir! İlham müəllim həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran nadir şəxsiyyətdir. O, özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibidir. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeşdir.

Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri”- deyə cavab verərdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz İlham müəllimlə təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir ilahi fikir nur kimi ətrafa yayılır: “İnsanlar, insan olun, bu Sizin birinci vəzifənizdir!”. İlham müəllimin nəsillərə anlatmaq istədiyi saf əqidə və məslək məhz budur!
Müdrikliklə əməksevər mühitin yaradıcısı

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı el-obanın, xüsusilə gənclərin ehtiyacı olan ziyalıdır. O, məhz bu ehtiyacı duyub dəyərləndirir və onları elmin dərinliklərinə baş vurmaga, dəyərli vətandaş kimi yetişməyə ruhlandırır. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə əsl ziyalılıgını nümayiş etdirir. O, ziyallılıg zirvəsində uca, əzəmətli, qədd-qamətlidir! Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşıb və yaraşır...

Yazıya kicik bir sözardı...

...İnsanın həyatı onun tərcümeyi-halıdır. Hörmətli İlham müəllimin keçib gəldiyi şərəfli ömür yolu qrammatik cəhətdən səlis, cızma-qarasız yazılmış, bədii üslub baxımından məzmunlu, əhatəli, zəngin həyat yolu ilə dolğun olan tərcümeyi-hal kimidir. Ocaqda ağsaqqal olmaq, ağsaqqal yaşına ucalmaq nə qədər şərəflidirsə, cəmiyyətdə ağsaqqal olmaq bir o qədər məsuliyyətli və çətin bir işdir. Onun həyat yolu zəngindir, məzmunludur, oxunaqlı roman kimidir, dəfələrlə varaqlamaq istədiyin kitab kimidir. Gözəl həmsöhbətdir. Yaşından asılı olmayaraq insanı, qarşısındakını dinləmək səbri var. Dinləyib təsəlli vermək, mənəvi dayaq olmaq, atalar misalı ilə öyüd vermək, düz yola çəkmək, Allaha sığınmağı təlqin etmək böyüklüyü var. O qarşısındakının yaxşı keyfiyyətlərini qısqanmır, əksinə uca tutur, əl tutur, büdrəməyə qoymur, gələcəyə qanadlandırır, ruh verir, yeri gələndə ruha dəstək verir.

Günlərin biri Həzrəti Peyğəmbərdən soruşurlar:

-Ya Rəsülallah, insanların ən xeyirlisi kimdir?

Cavab gəlir: -Ömrü uzun, əməli gözəl olandır.

Cox hörmətli İlham müəllim əməli gözəl, sözü bütöv olanlardandır. O dediyi sözün əsl mənada sahibi və əsgəridir. Əsgər vətənin keşiyində durduğu kimi, o da sözünün keşiyindədir. Sözünü əməliynən tamamlayanlardan, sözü hörmətə mindirənlərdəndir.

Mənim yaşım da az deyil, cox kişilər görmüşəm, sözü abırdan salanları da, sözünə sahib çıxmayanları da, sözdən qaçanları da, söz deməyə qorxanları da. Lakin İlham müəllim mənim bu yaşımda tapdığım sözümüzün ağsaqqalıdır...

Allah təaladan istəyimiz odur ki, yüksək təşkilatcılıq qabiliyyəti ilə secilən, gözəl insan, əsl Vətən daşı olan Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru, dosent İlham Qaraqurbanlı kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli insanlara ehtiyacı var. Allah sizi qorusun İlham müəllim. Amin!

BİA.az
скачать dle 12.1