Bia.Az

DÖYÜLƏN, İŞGƏNCƏYƏ MƏRUZ QALAN UŞAQLAR... - Dövlət qurumları üzərinə düşən işi niyə yerinə yetirmirlər?

Cəmiyyət
 21-11-2021, 12:41     280

Azərbaycanda zorakılıqdan daha çox uşaqlar və qadınlar əziyyət çəkir. Son illərdə ölkədə zorakılıq qurbanlarının sayı getdikcə artır. Sosial şəbəkələrdə, internet mediada, televiziyada belə xəbərlərlə tez-tez rastlaşırıq.

11 ildir fəaliyyət göstərən Uşaq Qaynar Xəttinə (11611) 2021-ci ilin 10 ayı ərzində 4 mindən çox müraciət daxil olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artım deməkdir. Müraciətlər isə ailədaxili zorakılıqlar, intihara meyillilik, özünəinam əksikliyi və s. problemlərlə üzləşən uşaqlar tərəfindən edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamıyla 2025 -ci ilədək uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, miqyası, nəticələri və qarşısının alınması istiqamətində problemlərin öyrənilməsi məqsədilə statistik təhlillər aparılmalıdır.
Bu sahədə çalışan ekspertlər bildirirlər ki, problemin ən pis tərəfi zorakılıqla üzləşən uşaqların öz hüquqlarından xəbərsiz olmalarıdır. Yeniyetmələr arasında təbliğatın, maarifləndirmənin aparılmaması, valideyn-övlad münasibətlərinin düzgün qurulmaması nəticədə bir çox zorakılıq faktları gizli qalır.

Azərbaycanda bir neçə qurum uşaqların hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olur. Azyaşlılara cavabdeh olan qurumlar - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Ombudsman, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, icra hakimiyyətlərinin nəzdindəki azyaşlılarla iş üzrə komissiyalardır.
Bu qurumlar ara - sıra iclaslar, tədbirlər keçirərərək problemi müzakirə etsələr də, ölkədə baş verən uşaq intiharlarının, cinsi və fiziki zorakılıqların artması və ya illərlə gizli qalması onların yetərsiz fəaliyyətindən xəbər verir. Bu gün ölkədə yetkinlik yaşına çatmayan minlərlə uşaq ailədaxili zorakılıqları, qarşılaşdıqları problemləri kimə deyəcəyini, hara müraciət etməli olduqlarını bilmir. İnternetin və təhsilin əlçatan olmadığı ucqar kəndlərdə yaşayan uşaqların vəziyyəti isə daha acınacaqlıdır.

Problemlə bağlı psixoloq Gülər Mehdiyeva "AzPolitika.info" ya bildirib ki, azyaşlılar psixoloji, cinsi, fiziki zorakılığa məruz qalırlar: "Son zamanlarda cinsi və fiziki zorakılıqların sayı daha da artıb. Burda əsas məsuliyyət valideyinlərin üzərinə düşür. Çünki maarifləndirmə ilk öncə ailədən başlayır. Uşaq hələ məktəbə getməmişdən əvvəl valideyin onunla danışmalı və bir çox məsələləri başa salmalıdır. Sonra orta məktəblərdə uşaqların maarifləndirilməsi davam etdirilməlidir".
Ekspert vurğulayır ki, bu zaman ən önəmli məqam maarifləndirməni yaşa uyğun aparmaqdır: "Əgər valideyn övladıyla normal əlaqə qura bilərsə, düzgün məlumatlandırarsa, uşaq özünü təhlükələrdən qoruya bilər. Valideyn hər zaman övladına etibar etməli, onu tez-tez danlamamalı, şiddət göstərməməlidir. Bu zaman uşaqlar öz valideyinlərinə qarşı açıq fikrli olar və rastlaşdıqları problemləri gizlətməzlər".
G.Mehdiyeva təəssüflə bildirir ki, ailələrdə maarifləndirmə işi düzgün qurulmayıb. Onun szölərinə görə, xüsusilə ailələrdə cinsi tərbiyə konsepsiyası yalnışdır.
"Valideyinlər övladlarıyla bu mövzuda danışmağa utanırlar. Yalnız onlar bilməlidirlər ki, dünyaya gətirilən hər bir uşağın psixoloji, fiziki və cinsi tərbiyəsi valideyindən aslı olur. Bu tərbiyə ailədə başlayıb, məktəbdə davam etməlidir", - ekspert vurğulayıb.
Bəzən uşaqların təhsil ocaqlarında fiziki və psixoloji zorakılığa məruz qaldıqlarının da şahidi oluruq. Ekspertlər müəllimlər tərəfindən göstərilən şiddətin, gələcəkdə uşaqlarda psixoloji problemlərə səbəb ola biləcəyini deyirlər.

Təhsil eksperti Kamran Əsədov "AzPolitika.info" ya bildirib ki, müəllim təhsil müəssisəsində uşaqların psixologiyasına təsir göstərən əsas fiqurdur: "Ancaq təəssüf ki, son vaxtlar orta məktəblərdə müəllimlər tərəfindən edilən psixoloji zorakılıq faktlarınada rast gəlirik. Şagirdə hədsiz tələblər qoymaq, yaşa uyğun olmayan münasibət, təhqir etmək, şagirdin varlığını və dəyərini qəbul etməmək, şəxsin faydasız olduğunu sözlə bildirmək, onun duyğularını və düşüncələrini dəyərsiz saymaq, ələ salmaq, ad qoymaq, təqlid etmək, qorxu yaratmaq kimi xoşagəlməz tendensiyalar çoxalıb".Ekspert vurğulayır ki, belə nöqsanlara yol verən müəllimlər, şagirdin səhhətində funksional dəyişikliklərə və onun məktəbdən uzaqlaşmasına səbəb olur: "Alimlərin araşdırmaları göstərib ki, müəllim zorakılığına məruz qalan şagirdlər bacarıqlarını daha az göstərirlər və onların sosial səriştəliliyi aşağı düşür. Belə zorakılıqlar azyaşlılarda aqressiya, natamamlıq kompleksi, stress və digər xoşagəlməz halların yaranmasına səbəb olur".
K. Əsədov deyir ki, zorakılıq edən müəllim çox vaxt problemə məhəl qoymur. 
"Hesab edir ki, fiziki zorakılıq uşağa psixoloji zorakılıqdan daha çox zərər vurur. Belə halların azaldılması üçün məktəbdə psixoloji işin düzgün təşkil olunması vacibdir."Təhsil haqqında" Qanunun 32-ci maddəsinə əsasən, təhsilalanlara “sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq” və “insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq” hüququ verilir. Amma bəzi təhsil müəssisələri tərəfindən bu hüquq kobud şəkildə pozulur. Dövlətin təhsil siyasətinin əsası şəxsiyyət yetişdiməkdir. Biz şagirdlərə fiziki zorakılıq etsək, onların cəmiyyətdən uzaqlaşmalarıına, vətəndaş kimi formalaşmalarına mane olacağıq", - ekspert qeyd edib.
Ailə Məcəlləsinin 51-ci maddəsinə əsasən, valideynlik hüquqlarından sui-istifadə halları zamanı, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət edə bilər. Məcəllədə həmçinin qeyd olunur ki, valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yaranarsa, bu zaman müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə etmək üçün nümayəndə təyin etməlidir.скачать dle 12.1