Bia.Az

Orduda cəza tədbirləri

Cəmiyyət
 20-11-2021, 13:27     21

Müdafiə naziri Zakir Həsənov noyabrın 20-si Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib. Nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin cəlb olunduğu müşavirəyə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər video vasitəsilə qoşulublar.

Rəsmi məlumata görə, müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi ərazilərdə vəziyyət, xüsusilə dövlət sərhədinin Kəlbəcər və Laçın sahələrində son döyüşlər təhlil edilib. Qeyd olunub ki, dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyində ciddi narahatlıq doğurub:

“Məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib, həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün toplanan materiallar hüquq mühafizə orqanlarına göndərilib”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları, keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbçiləri yeridilib.скачать dle 12.1