Bia.Az

Zorlanan, işgəncələr görən qadın və uşaqlar üçün mərkəz ... - REPORTAJ

Cəmiyyət
 15-11-2021, 09:52     371

Hər gün mediada qarşımıza çıxan fiziki, cinsi, ekonomik və psixoloji zorakılığa məruz qalan qadın və uşaqlarla bağlı dəhşətli xəbərlərin, yeniyetmələrin intihar hadisələrinin böyük və qabarıq başlıqlarla cəmiyyətə təqdim edilməsi məsələni bir az da dalana dirəyir. Statistikalardan da göründüyü kimi, bu cür xəbərlərin geniş ictimaiyyətə “bəh-bəhlə” təqdim olunması və üzərində dönə-dönə dayanılması vəziyyətdə heç də əncam çəkmir. Bu vəziyyətdən yeganə çıxış yolu paytaxt və regionlarda qadın və uşaqlarla, ailələrlə bağlı mərkəzlərin sayının artırılmasında, ailələrdə bu istiqamətdə müxtəlif maarifləndirmə işlərinin aparılmasında və ödənişsiz psixoloji terapiyaların tətbiq olunmasındadır.

Hazırda bu cür mərkəzlər, sayları az olsa da, var. Sadəcə həmin mərkəzlərin geniş müstəvidə təbliğinə ciddi ehtiyac duyulur...
***

Ölkədə hər dəfə rastımıza çıxan qadına cinayətlər, zorakılıqlar və erkən nikah faktlarına görə ən çox qınadığımı, tənqid atəşinə tutduğumuz qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Bunun əsas səbəblərindən biri sözügedən qurumun son illərə qədər media və ictimaiyyətə indiki qədər açıq olmaması və hadısələrə vaxtında, obyektiv qiymət verməməsi idi. Yəni qurumun həyata keçirtdiyi layihələr, bu cür faktların aşkarlanıb, müdaxilə edilməsi istiqamətindəki fəaliyyətləri yetərli şəkildə işıqlandırılıb cəmiyyətə təqdim olunmurdu. Amma son illər qurumun media ilə əlaqələrini gücləndirməsi ciddi şəkildə nəzərə çarpır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllı rayonunda yeni inşa olunub istifadəyə verilən Uşaq və Ailələrə Dəstək Mərkəzinə təşkil etdiyi mediatur bu baxımdan çox mühüm və vacib bir səfər oldu.

***

Bu cür mərkəzlərin regionlarda açılması və fəaliyyəti xüsusilə vacibdir. Çünki qarşılaşdığımız bir çox zorakılıq, cinsi istismar, erkən nikah, cinayət hadisələrinin çoxu məhz bölgələrdə baş verir.
Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva media nümayəndələri ilə söhbəti zamanı bu gün ailə, qadın məsələlərinin aktual olduğunu vurğuladı: “Ailələrlə işin aparılması, həssas qruplardan olan ailələrin aşkarlanması bizim qarşımızda duran əsas məqsədlərdən biridir və Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri bu istiqamətdə çox uğurla fəaliyyət göstərir”.
Aynur Sofiyeva onu da qeyd etdi ki, İsmayıllı rayonunda bu mərkəz on ildən çoxdur, fəaliyyət göstərir. Ancaq əvvəllər mərkəzin özünəməxsus binası olmayıb. Mərkəz on ildən çox şəraitsiz, məhdud imkanlarla fəaliyyət göstərib.
Ona görə də investisiya layihəsi olaraq mərkəz üçün 2019-cu ildə yeni binanın inşasına başlanılıb:
“Ümumiyyətlə, insanlara bu mərkəzin fəaliyyəti haqqında daha çox məlumat vermək ehtiyacı yaranıb. Bunun üçün də bizə medianın dəstəyi lazımdır. Bizim mərkəzlərimiz fərqli xidmətlər həyata keçirir və igər sosial mərkəzlərin fəaliyyətindən fərqlənir. Biz beynəlxalq təcrübəni öyrənərək, onu Azərbaycanda yerli vəziyyətə uyğun olaraq tətbiq edib, bu mərkəzlərin fəaliyyətinə başlamışıq”.

***

Mərkəz rayonun ən gözəl mənzərəli yerlərindən birində inşa olunub. Son dərəcə müasir üslubda inşa edilən birmərtəbəli binanın fərdi yaşayış evi formasında olması xüsusilə diqqətimi çəkmişdi. İçəri daxil olduqda qarşımıza çıxan ilk otağın rahatlığı və isti ailə mühiti təəssüratı yaratması mərkəzin son dərəcədə həssaslıqla və hər detalın incəliyinə qədər düşünülərək qurulduğunu göstərirdi.



Elə aparat rəhbəri Ceyran Rəhmətullayeva ilə söhbət zamanı da məlum oldu ki, mərkəzdə belə bir guşənin yaradılması mərkəzə müraciət edən həssas qrupdan olan ailələrin özlərini ev ortamında hiss etmələrinə hesablanıb: “Bu otaq bir Goranboydakı mərkəzimizdə var, bir də burda. Otaq “Ana-uşaq klubu” adlanır. Burada icmadan olan hər bir valideyn öz övladı və ailə üzvü ilə gəlib zaman keçirə bilər. Bura onlar üçün özlərini rahat hiss edə biləcəkləri bir məkandır”.


Otağın sadə və rahat dizaynı, divarların rəng seçimi psixoloji rahatlıq yaradır.

Bu arada divardakı kitab rəfləri də diqqətimdən yayınmır . Bu vacib və maraqlı detal haqqında Ceyran xanımın izahı lap ürəyimdən xəbər verdi: “Aynur xanımın “Ailəliklə kitabxana” adlı böyük bir layihəsi var idi. Biz bu layihəni ilk dəfə Goranboy, İsmayıllı və Qəbələdə reallaşdırdıq”.



Ev ab-havalı otağın pəncərələrinin açıldığı geniş və gözəl mənzərəli eyvan və eyvanda yaradılan istirahət guşəsi də müraciət edənlərin tam rahatlığına xidmət göstərir. Mərkəzdə icmada olan uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi daha çox təşkil edilir.


Mərkəzdə aktiv terapiya, psixoloq, loqoped, ünsiyyət terapiyası, fərdi məşğələ, sensor, sosial iş, kompüter, dərnək, təlim, konfrans otaqları, qadınlar üçün məşğələ otağı, su terapiyası üçün hovuz xidmətləri də mövcuddur. Hər biri beynəlxalq təcrübələrə əsaslanaraq yaradılan bu terapiya, təlim otaqlarında yüksək səviyyəli mütəxəssislər tərəfindən qüsursuz xidmət göstərilir. Mərkəz istifadəyə verildiyi gündən bəri 39 müraciətçinin olduğunu söyləyən Ceyran Hətəmullayeva əhalinin mərkəzə reaksiyasının müsbət olduğunu bildirdi:
“Ailələrin daxilinə girə biləcək digər bir qurum olmadığı üçün icmada olan ailələrin birbaşa evinə onların dostu sirdaşı kimi daxil ola biləcək və sirrlərini saxlaya biləcək qurum biz olduq. Siz də bilirsiniz ki, ailələrin heç də hamısı hər problemini gedib polisə və ya digər qurumlara demək istəmir. Bu baxımdan etibar qazanmaq çox mühüm amildir ki, düşünürəm biz qurum olaraq artıq o etibarı qazanmışıq”.

Mərkəzdə diqqət çəkən otaqlardan biri də “Sensor otağı”dır. Bu otaq autizmli uşaqların terapiyası üçündür. Bənövşəyi işıqlı otaqda autizmli uşaqların yüksək səviyyədə terapiyası üçün möhtəşəm qurğular, işıqlar quraşdırılıb. Ceyran xanım qeyd etdi ki, bu cür otaqlarda terapiya alan autizm xəstələrinin əksəriyyəti müalicəyə müsbət cavab verir.

Mərkəzdə iki çarpayılı, ayaqyolu və vanna otağı olan iki qonaq otağı da mövcuddur. Bu otaqlar digər rayonlardan gələn və qalmağa yeri olmayan müraciətçilər, eyni zamanda risk qrupunda olan qadın və uşaqların aidiyyəti qurumlara təhvil verilməsinə qədər olan müddətdə polis müşayiəti ilə qalması üçün nəzərdə tutulub.



Onu da qeyd edim ki, Uşaq və Ailə Mərkəzi sosial sığınacaq deyil. Bu mərkəzlər icma əsaslı olmaqla, ehtiyacı olan ailələri aşkarlayaraq, onların psixososial qiymətləndirilməsini həyata keçirir və keys menencment metodu əsasında onların problemlərinin həlli istiqamətində iş apararaq ehtiyaclara uyğun xidmətlərə cəlb edilir.

Mərkəzin geniş və rahatlığına baxmayaraq işçi heyəti o qədər də çox deyil. Ceyran xanım da qeyd etdi ki, hər mərkəzdə 1 psixoloq və uşaq inkişafı mütəxəssisi və 1 sosial işçi var. Ancaq İsmayıllı rayonundakı mərkəzdə mühasib də daxil olmaqla 7 işçi fəaliyyət göstərir: “Ən böyük mərkəzlərimiz Şüvəlan və Goranboydadır. Hərəsində 10 işçi var. Amma bu az işçi heyəti ilə mərkəzlər rayonlarda icmalarda özlərini tanıda, ailələrin problemlərini öyrənib icmada mövcud olan xidmətlərə yönəldə biliblər. Burada mərkəz əlaqələndirici, vasitəçi və eyni zamanda maarifləndirici rol oynayır. Elə ailələr olub ki, işçilərimiz onların əlindən tutaraq müvafiq qurumlara aparıb”.
Mərkəzin fəaliyyət istiqamətlərinə daxil olan xidmətlərdən biri də ayda bir dəfə ailələrə səfər proqramıdır.
Otaqlarla tanış olduqdan sonra konfrans zalında media nümayəndələri ilə dəyirmi masa təşkil olundu. Olduqca səmimi bir ortamın yaradılması cəsarətli diskussiyaya zəmin yaratdı. Diskussiya zamanı qurumun fəaliyyətləri və səlahiyyətləri geniş müzakirə olundu. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin məhdud olması düşünürəm ki, bütün media nümayəndələri elə mənim özüm üçün də yeni məlumat idi. Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bu barədə ürəklə çıxış etdi:
“Mərkəzi səviyyədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Amma fikir verin ki, Komitənin fəaliyyət istiqamətləri üzrə vəzifələrini yerlərdə yerli icra hakimiyyətləri icra edir. Bunlara daxildir: gender siyasətinin yerlərdə həyata keçirilməsi, uşaq hüquqlarının müdafiəsi məsələsi. Hətta məişət zorakılığı ilə bağlı çox mühüm funksiyalar belə yerli icra hakimiyyətinin səlahiyyətindədir. Odur ki, hər baş verən hadisə zamanı ilk olaraq Komitənin hədəf alınması, tənqid olunması, hətta günahlandırılması doğru deyil”.


Taliyə xanım onu da qeyd etdi ki, əhalinin çox böyük hissəsi bu səlahiyyətlərə icra hakimiyyətlərinin cavabdeh olduğundan xəbərsizdir, ona görə də ora müraciət etmirlər: “Bu gün qurumlar arası əlaqələndirmələrə də çox böyük ehtiyac var. Vətəndaş icra hakimiyyətinə getmir, çünki məlumatlı deyil. Əslində, bu sizlərin missiyası olar ki, bu istiqamətdə vətəndaşları maarifləndirəsiniz. Bir məsələ də var ki, Azərbaycanda qadınlar bir dəfə zorakılığa görə heç bir quruma müraciət etmir. Zorakılıq yalnız sistematik olduqda cinayət həddinə çatdığı zaman müraciətlər olur. Ona görə də faciəli hadisələrin qarşısını zamanında almaq mümkün olmur”.

Söhbət zamanı Aynur Sofiyeva İmişlidə atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı məqama da toxundu. Bildirdi ki, hadisəni eşidən kimi dərhal Komitə reaksiya verib:
“Səhiyyə öz işini qurdu. Bizim də əsas işimiz o oldu ki, ailədə başqa uşaq varsa, onlarla işi qurmaq lazımdır. Təcili icra hakimiyyəti ilə əlaqə qurduq. Məlum oldu ki, qızın bir qardaşı da var. Təcili psixoloq göndərildi. Sosial Xidmətlər Agentliyi ilə birgə ailə ilə işimizi qurandan sonra Mərkəzə yerləşdirildi. Hazırda qızımız o mərkəzdədir. İşi davam etdiririk”.

Aynur xanım azyaşlının anası ilə birlikdə mərkəzə yerləşdirilməsi ilə bağlı məqama da aydınlıq gətirdi:
“Azyaşlının əməliyyatdan əvvəl vəziyyəti çox pis idi və ancaq anasını istəyirdi. Biz də məcbur olduq ki, ananı İmişlidən gətizdirək. Hazırda ana və qardaşı ilə birgə sığınacaqda qalır. Ananın günahkar olub-olmaması istintaq zamanı məlum olacaq. Əgər ananın günahı təsdiqlənərsə, uşaqlar dövlət müəssisəsinə yerləşdiriləcək. Əks halda isə anaya veriləcək”.

İsmayıllı Uşaq Ailə Mərkəzinə təşkil olunan mediatur əhalinin belə mərkəzlərin varlığı və hansı xidmətlər göstərdiyi barəsində məlumatladırılması üçün vacibdir. Düşünürəm ki, Komitə bu cür mediaturları mütəmadi olaraq sözügedən mərkəzlərə təşkil etməli, bu istiqamətdə görülən işlər daha tez-tez işıqlandırılmalıdır.

Zorakılıq fərdlərin fiziki sağlamlığı ilə yanaşı, həm də onların ruhi vəziyyətlərinə ciddi zərər verir. Bu məsələ ölkəmizdəki sosial problemlərin əsasını təşkil edir. Əlbəttə ki, keçmiş dövrlərdə də zorakılıq faktları çox olub və zamanında müdaxilə edilmədiyi üçün mentalitetimizdə oturuşan ən təhlükəli “ənənəyə” çevrilib. Şiddətin şiddət gətirdiyi faktı bunu bir daha sübut edir ki, artıq bu təhlükəli “ənənənin” qarşısını almaq vaxtı çoxdan gəlib. Qarşısını almaq üçün atılan addımlardan mühümü isə bu cür Mərkəzlərin sayını və fəaliyyət istiqamətlərinin artırılmasıdır.

Günel Musa
Baku Postскачать dle 12.1