Bia.Az

“Ayıbdır. Bu qədər qanunsuzluğa məəttəl qalmışam”

Cəmiyyət
 15-11-2021, 09:36     266

Bakı Ağır Cinayətlər Məhkəməsi dövlət xadimi Eldar Həsənovun işi üzrə prosesi bitirmək üzrədir. Azadliq.org-un məlumatına görə, noyabrın 12-də keçirilən iclasda Eldar Həsənovun vəkilləri əlavə şahidlərin dindirilməsi istəyi ilə çıxış ediblər. Onların arasında əcnəbi siyasətçilər, Serbiyadakı Azərbaycan səfirliyinin binasında çalışmış xadimə, bağban, sürücü və başqaları var. Hakimlər müdafiə tərəfinin istədiyi şəxslərin dindirilməsinə ehtiyac görməyiblər.

Eldar Həsənov prosesdə deyib ki, həbsdə olmasının səbəbi yazdığı məktublar və çıxışlarında səsləndirdiyi fikirlərdir. O, məktub və çıxışlarda nədən bəhs olunduğunu açıqlamayıb, bununla bağlı sənədlərin prokurorluqdan alınıb işə əlavə olunmasını istəyib: “Həbsimə səbəb iki iclasda çıxışım və beş məktubum olub. Bu sənədlər səfirlikdən götürülüb, çıxışların da stenoqramları çıxarılıb. Xarici İşlər Nazirliyi onları Baş Prokurorluğa göndərib. O sənədlər cinayət işinin materiallarına əlavə olunmayıb. Baş Prokurorluqda bir ölüxana kabinet yaradıblar, mənim işimlə bağlı bütün sənədlər, arxiv oradadır”.
Amma məhkəmə sədarəti Eldar Həsənovun bu vəsatətinə “yox” deyib.
Eldar Həsənov bildirib ki, Azərbaycan hökumətinin xarici ölkələrdə həyata keçirdiyi, ona aidiyyəti olmayan humanitar layihələrdə yeyintilərlə bağlı da ittihamla üzləşib, bu ittihamlar sadəcə sözdən ibarətdir, onların arxasında dayanan heç bir fakt, sənəd yoxdur.
O vurğulayıb ki, Rumıniyada səfir işlədiyi dövrlə bağlı bir epizod üzrə ittiham olunur: “Bu da paytaxt Buxarestdəki parkda (Azərbaycan hökumətinin saldırdığı həmin parkda mərhum prezident Heydər Əliyevin büstü qoyulub – red.) kamera quraşdırılması ilə bağlıdır. Mən istintaqa bu məsələ ilə əlaqədar iki sənəd təqdim etmişəm. Amma müstəntiq o sənədlərə baxmayıb. Əminəm ki, siz o sənədlərə baxsanız, avtomatik ədalətli qərar çıxaracaqsınız”.
Eldar Həsənovun sözlərinə görə, onun özü və ailə üzvləri ilə yanaşı əmisinin, dayısının və onların övladlarının da bank hesabları, əmlakları araşdırılıb: “Amma heç nə tapılmayıb”.
Onun imzası olmayan sənədə görə ittiham edildiyini vurğulayan Eldar Həsənov bunu qərəzlə yanaşı savadsızlıq kimi də qiymətləndirib: “Belə savadsızlıq, təcrübəsizlik olmaz. Müstəntiqə deyiblər get adamın barmağını gətir, bu da gedib başını gətirib. Bu qədər olmaz… Eldar Hüseynovu (Heydər Əliyev Fondunun layihələrinin icrası üçün xaricə göndərilən Eldar Hüseynov bir neçə il əvvəl vəfat edib – red.) dövlət göndərmişdi, bununla bağlı Xarici İşlər Nazirliyinin səfirə təlimatı olub. Müstəntiq isə yazıb ki, guya Eldar Hüseynovu şəxsi əlaqəmə görə mən gətirmişəm. Ayıbdır. Bu qədər qanunsuzluğa məəttəl qalmışam. Başqa sözüm yoxdur”.
Azadliq.org bildirir ki, noyabrın 15-nə təyin edilən növbəti iclasda məhkəmə istintaqının yekunlaşması istisna olunmur.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da doğulub. Mühəndis və hüquq ixtisasları üzrə iki ali təhsili var. 1977-ci ildən Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
Baş prokurorun birinci müavini, baş prokuror postlarında da xidmət edən Eldar Həsənov ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-də tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. Eldar Həsənov ittihamları rədd edir.
Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur. Prosesə Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini Əfqan Hacıyev sədrlik edir.
Səhhəti ağır olan Eldar Həsənov 2021-ci ildə üç dəfə (iyul, avqust, oktyabr aylarında) Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alıb.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.скачать dle 12.1