Bia.Az

“Azərbaycanda hər qidanı çörəklə yemək kimi ziyanlı adət var”

Cəmiyyət
 13-02-2021, 11:39     310

Müsahibimiz vegetarian həyat tərzi yaşayan jurnalist İsmayıl Rafiqoğludur.
– Sağlam qidalanmanın tərifini bir cümlə ilə necə verərdiniz? 
– Bir cümlə ilə ifadə etmək elə də asan deyil. Fikrimcə, sağlam qidalanmanın təməlində təbii məhsullardan istifadə dayanır. Mümkün qədər insan əli dəyməyən qidadan istifadə etməliyik. Məhsul nə qədər emal prosesinə məruz qalırsa, bir o qədər də orqanizmə zərər verir. Burada bir neçə prinsipi gözləməliyik: süfrədən bir qədər ac durmaq, qidanı çox çeynəmək, yatmazdan qabaq çox yeməmək, yemək yeyərkən informasiyadan uzaq durmaq… Yəni insan yemək yeyəndə maraqlı filmə baxırsa, lazım olandan artıq yeyəcək.
– Sağlam qidalanmaq üçün süni yolla hazırlanmış qida və yarımfabrikatların tərkibinə diqqət yetirmək kifayət edir, yoxsa onlardan tamamilə imtina etməliyik?
– Mən təbii yolla qidalanmağın tərəfdarı olsam da, emal olunmuş məhsullardan da istifadə edirəm. Qəbul edəcəyim qidanın tərkibini əvvəlcədən araşdırıram, sonra isə alıram. Sağlam qidalanmaq bu kimi məhsullardan imtina etmək deyil, yediyin qidanın tərkibini bilməyə bağlıdır. Emal prosesi tam ziyanlı deyil, bəzən bu olmasa zərərverici bakteriyalar bəşəriyyəti məhv edə bilər. Məsələn, qarabaşağın iki növü satılır: yaşıl və qəhvəyi. Hər iki növ qarabaşaq mütləq təmizlənir, zavod şəraitində qablaşdırılır, yoxsa tərkibində çoxlu zərərverici ola bilər. Yaşıl növ daha faydalı sayılır, amma elə də dadlı deyil, həm də bahadır. Hər alıcı özünə lazım olan məhsulu seçməyi bacarmalıdır. Yeri gəlsə, adi qəhvəyi qarabaşaq da çox faydalıdır.
– Hansısa təbii məhsuldan imtina etmisinizmi?
– Təbii məhsul deyəndə daha çox kənd məhsullarını nəzərdə tuturam. Amma hər kənd məhsulunu da faydalı hesab etmək olmaz. Məsələn, mən inək südü içmirəm, çünki insana ən münasib süd ana südüdür. Onu da uzaqbaşı iki il qəbul etmək olur. Bəzi xalqlarda ümumən süd və süd məhsulları istifadə edilmir. Tərkibindəki laktoza problem doğurur. Süddə olan kazein zülalı da həzm üçün ağırdır. 8-10 saat mədə işləyir. Süd məhsullarından bir neçə növ pendiri, qatığı qəbul edirəm. İnək südünə nisbətən keçi südü daha faydalıdır. Bu səbəbdən keçi pendiri dükanlarda baha qiymətə satılır.
– Bəzən seçim təkcə sağlamlıqla bağlı deyil. Heyvanların kəsilməsinə qarşı olan bir çox insan vegetarian olmaqla sanki buna etiraz edir. Bəs bu, sizdə necədir?
– Vegetarianlar da müxtəlifdir. Daha radikal hissəsi özünü veqan adlandırır. Onlar ümumiyyətlə heyvan mənşəli məhsullardan istifadə etmir, hətta arı balını zərərli sayırlar. Bəzi adamlar da heyvanların kəsilməsinə qarşıdır. Buna görə də ət yemirlər. Kimsə də əti sağlamlığı imkan vermir deyə yemir. Mənim ətdən imtina etməyim tam şüurlu bir seçim olub. Bizim heyvanlara münasibətimiz olduqca qəddardır. Bunu dərk eləmək nə qədər çətin olsa da, hansısa məqamda belə bir qərara gəldim. Həm də ət məhsullarını yemədikcə həyatda bir rahatlıq qazandım, ətlə gələn aqressiya harasa yoxa çıxdı. Həzmlə bağlı bir çox problem də öz-özünə əridi. Mən heç kəsi ətdən tam imtina etməyə çağırmıram, amma ən azı insan halalı haramdan ayırmalıdır. İnsan yarasadan tutmuş it əti belə yeməyə hazırdır. İlbiz, qurbağadan hazırlanan ekzotik qidalar da bizim şüurumuza pis təsir edir.
– Qida rasionunuzu dəyişəndən sonra özünüzdə başqa hansı dəyişikliyi hiss etdiniz?
– Ətdən dörd ildən çoxdur imtina etmişəm. Amma sağlamlıq tək ətlə bağlı deyil. Əməl olunmalı çox qayda var: alkoqol qəbul etmirəm, siqaret çəkmirəm, hətta dərman da içmirəm. Dərmanı xəstəliyi olan insan qəbul etməlidir, biz isə baş ağrıdı – həb atırıq, qızdırma olur – onu iynə-dərmanla aşağı salırıq, lazımdır, lazım deyil – aptekə üz tuturuq. Əgər ciddi səbəb olmasa dərman qəbul etmirəm. İstifadə etdiyim aktivləşdirilmiş kömürdür, yoddur. Qızdırma olanda bir-iki gün yatıram, bununla məsələ bitir. Qızdırma insanın müdafiə mexanizmidir. Qida rasionunu illərdir dəyişirəm. Ətdən imtinadan qabaq kolbasa və sosisdən imtina etmişdim. Ümumən islam dinində haram buyurulan hər bir məhsula çoxdan yox demişəm.
– Bütün bunlar ailədə, cəmiyyətdə sizə nə kimi çətinlik törədir?
– Düzünü desəm, Azərbaycanda sağlam qidalanmaq, xüsusilə də vegetarian olmaq çətindir. Azərbaycan xalqı ət yeməyinə meyllidir, bu baxımdan narahatlıq yarana bilər. Ailə daxilində problem yaratmasa da, qonaq gedəndə, dostlarla yeməkxanada, kafedə oturanda çətinliyim olur. Yeməklər adətən ətli, duzlu olur. Sağlam tərkibli, ətsiz qidalara az rast gəlirəm, buna görə də bir az narahatlıq yaşayıram. Problem təkcə ətdə deyil. Şəkər yemirəm, tort, biskvit, peçenye və konfetdən də imtina etmişəm. Amma çay içməyi sevirəm, meyvə qurusu, qoz, fındıq, yerfındığı, keşyu, meyvədən hazırlanan konfetlərə keçmişəm.
– Qida tərzinizin və seçiminizin günün saatı, ilin fəsilləri ilə əlaqəsi varmı?
– Bəli, fəsillərlə birbaşa əlaqəsi var. Mən qidanı, ələlxüsus da meyvə və tərəvəzi mövsümündə yeməyin tərəfdarıyam. Məsələn, qışda qarpız yemək orqanizmə zərərlidir. Çünki qarpız təbii formada ancaq yayda yetişir. Günün saatına gəldikdə isə, əslində, xüsusi bir saat yoxdur, yeməyi ac olanda yeməlisən. Hər kəs həqiqətən ac olub-olmadığını dəqiq bilməlidir, çünki müasir insan aclıq hissini də bir az unudub. Məncə, acanda yemək və süfrədən tam doymadan ayrılmaq daha doğrudur. Bu gün ofisdə çalışan işçinin bir dərdi var: ağız dayanmadan işləyir. Karbohidratlarla zəngin qidanı qəbul edirik, oradan qanda şəkərin səviyyəsi qalxır, mədəaltı vəz işə düşür. O qədər yeyirik, dayanmaq bilmirik. Qaydaya görə, gündə iki-üç dəfə yedinsə, bəs eləməlidir. Bizdə isə belə deyil: bir az meyvə yeyirik, bir az şirni, bir az qəlyanaltı edirik. Mədəmiz istirahət bilmir. Nəticədə dünyanı diabet, xərçəng və ürək-damar xəstəlikləri bürüyüb. Bir epidemiya halını alıb.
– İnsanlar kütləvi şəkildə ətdən imtina etməlidirmi?
– Bəşəriyyət kütləvi şəkildə ətdən imtina etsə, bizim sivilizasiyanın yaşama imkanı daha da çoxalacaq. Çünki biz ət məhsullarını yeyirik, amma onun istehsalından xəbərsizik. Dünyanın bir çox inkişaf etmiş ölkəsində ən ciddi problem fermalarda yaranan tullantıları utilizə etməkdir. Həmin tullantıların çaylara axıdılması, torpağa qarışması ciddi fəsad yaradır. Mal-qaranın sayı artdıqca atmosferdə karbon və metan qazlarının həcmi artır.
Düşünürəm, ətdən kütləvi şəkildə imtina etmək problem yaratmaz, əksinə, bir çox xəstəliyin qarşısı alınar. Mən illərdir ət yemirəm və sağlamlığımda heç bir narahatlıq hiss etmirəm.
– Sağlam yaşam üçün insanlara tövsiyəniz nə olardı?
– Sağlam həyat tərzi ilk növbədə ziyanlı adətlərdən imtinadan başlayır. Bir çoxunu qeyd etmişəm. Birini də qeyd edim. Azərbaycanda hər qidanı çörəklə yemək kimi ziyanlı adət var. Bu, aclıq olan dövrlərdən qalma bir adətdir. Qida yoxdursa, insanı elə çörək doyuzduracaq. Amma indi başqa zəmanədir. Hər cür qida var, plovu çörəklə yeməyə ehtiyac yoxdur. Düyü özü çörəkdir də. Onlarla gözəl düyü növü var: qırmızı, qara, qonur, qəhvəyi. Biz isə nədənsə təmizlənmiş ağ düyü yeyirik. Başdan-ayağa nişastadır. Yeyirik, sonra həzm dərmanı atırıq. Amma qəhvəyi və ya qonur düyünün faydası on qat çoxdur.
Ziyanlı adətlərdən imtinadan sonra vaxtaşırı 1 sutka aclıq etmək də vacibdir. Ya da oruc tutmaq olar. Amma bu da həyat tərzinə çevrilməlidir. Oruc tutan insan çox vaxt əlini hansısa qidaya uzatmaqdan çəkinir. Bir vərdiş formalaşır. Nəhayət, hərəkət etmək sağlam yaşamağın mühüm şərtlərindəndir. Gündəlik piyada gəzintilər, fiziki iş, idman eləmək çox əhəmiyyətlidir. Əlbəttə, özünə trenajorda əziyyət verməyin də adı yoxdur, normanı gözləmək lazımdır. Sağlam yaşamağın ən sadə yolu az yemək, normal yatmaq və hərəkətli olmaqdan keçir.


Gülçin Cəmilскачать dle 12.1