Bia.Az

“ATA, BU SON DOĞUM GÜNÜMDÜR...” - Şəhadətini xəbər verən qəhrəmanın həyat hekayəsi

Cəmiyyət
 13-02-2021, 11:13     90

Qırx dörd günlük Vətən müharibəsi xalqımızın qeyrətli oğulları üçün əsl sınaq savaşı, eyni zamanda qəhrəmanlıq salnaməsi oldu. Minlərlə vətənpərvər azərbaycanlı ilk gündən ordu sıralarına könüllü yazılaraq, cəbhəyə yollandılar, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda ağır döyüşlərə atıldılar. Belə vətənpərvər igidlərimizdən biri də dəfələrlə qəhrəmanlıq göstərərək şəhadətə yüksəlmiş, bu gün 19 yaşı tamam olan Ayaz Kərimovdur.

“Report”un Aran bürosu xəbər verir ki, Ayaz Azər oğlu Kərimov 2002-ci il fevralın 12-də Salyan rayonunun Çadırlı kəndində doğulub. Orta təhsilini Kolanı kənd tam orta məktəbində başa vurub. 2020-ci ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində xidmət etdiyi “N” sayı hərbi hissədən döyüş bölgəsinə yollanıb. İlk döyüş yolu Ağdərə istiqamətindən başlayıb. Ayaz Kərimov cəsur topçu kimi düşmənin başına od yağdırıb. O, silahdaşları ilə birlikdə düşmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib.
Oktyabrın 14-ə Talış kəndi uğrunda gedən hərbi əməliyyat Ayaz Kərimovun son döyüşü olub.
A.Kərimovun oğlu ilə son telefon danışığı Ayazın şəhidlik zirvəsinə ucalmasından bir neçə gün əvvəl baş tutub: “Şəhid olmasından 4 gün əvvəl telefonla danışdıq. Dedi ki, ata, bu, son danışığımızdır. Cavab verdim ki, evdən çıxıb gəlirəm yanına. Dedi gəlmə, məni görməyəcəksən”.
A.Kərimovun sözlərinə görə, Ayaz yaralansa da, cəbhə xəttindən geri çəkilməyib. Düşmənin minaatan mərmisi yaralı döyüşçümüzün həyatına son qoyub.
“Əsgərliyə gedəndə demişdi ki, mən qayıtmayacağam. Hətta keçən il doğum günü tortunu kəsəndə dedi, ata, bu mənim son ad günüm olacaq. Elə bil ürəyinə dammışdı onun”, - Azər Kərimov deyir.
Oktyabrın 15-də Ayazın üçrəngli bayrağa bükülmüş nəşi Çadırlı kəndinə gətirilərək torpağa tapşırılıb. A.Kərimov “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif olunub.
Qeyd edək ki, bu gün şəhidimizin 19 yaşı tamam olur. Onun ad günü ilə bağlı keçirilən mərasimdə şəhidin doğmaları ilə yanaşı, rayon sakinləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər. Ayaz Kərimovun yaxınları onun məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər, şəhidimizin ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!

скачать dle 12.1