Bia.Az

“YENƏ “DOLLAR AJİOTAJI”, YENƏ “QARA BAZAR”...” - Süni valyuta qıtlığının yaranması nəyə və kimlərə xidmət edir?

Cəmiyyət
 16-01-2021, 14:28     1 295

Mərkəzi Bankın sədri Elman Rüstəmovun dekabrın sonunda devalvasiya olmayacağı barədə verdiyi vədə, eləcə də Mərkəzi Bankın bu günlərdə yaydığı açıqlamaya baxmayaraq, bir neçə gündür ki, yenə bankların qarşısı manatı dollara dəyişmək istəyən vətəndaşlarımızla doludur. Yenə kimin əlində beş-on manat var, qaçıb dollara çevirməyə çalışır...

Təəssüf ki, ölkə əhalisi bir sıra obyektiv və subyektiv səbəblərdən devalvasiya barədə şayiələrə çox tez inanır və buna olduqca həssas reaksiya verir. 2015-ci ildə baş verən iki devalvasiyadan sonra “gözü qorxan” və hələ də ölkənin maliyyə-bank sisteminə və həmin vaxt devalvasiyanın olmayacağını bildirmiş Elman Rüstəmova inamı bərpa olunmayan əhali işini ehtiyatlı tutmağa üstünlük verir. 
Digər tərəfdən bazar alətləri, biznes mühiti, qiymətli kağızlar bazarı və s. müasir dünya standartlarıyla müqayisədə heç də ürəkaçan səviyyədə olmayan ölkədə əhalinin iqtisadi savadının da yüksək olmasını gözləmək doğru olmaz. Buna görə də hər nə qədər mütəxəssislər, hökumət rəsmiləri devalvasiya üçün iqtisadi əsasların olmadığını izah etməyə çalışsalar da, əhalini bankların qarşısından yığmaq mümkün olmur...
Əslində isə doğrudan da hökumətin, Mərkəzi Bankın apardığı monetar siyasət, manatın kütləsini azaltması, banklara kifayət qədər kredit verməməsi və s. bir tərəfdən iqtisadiyyatın, işgüzar aktivliyin boğulmasına səbəb olursa da, digər tərəfdən devalvasiyanın qarşısını almağa xidmət edir və bu gedişlə hələ xeyli müddət də buna nail olunacaq.
Yaxın müddətdə devalvasiyanın olmayacağını şərtləndirən faktorlara gəlincə, birinci yerdə yəqin ki, siyasi amil durur. Bəli, Azərbaycan kimi ölkələrdə devalvasiya, milli valyutanın taleyi kimi məsələlər ilk növbədə siyasi qərara bağlıdır və yaxın müddətdə bununla bağlı hər hansı neqativ qərar gözləmək doğru olmaz. 

Məsələnin sırf maliyyə-iqtisadi tərəfinə gəlincə, manatın ucuzlaşmayacağını şərtləndirən amillər sırasında dövriyyədəki manat kütləsinin azlığı əhəmiyyətli yer tutur. Bəli, Mərkəzi Bank bunun üçün əlindən gələni edib - devalvasiyanın və inflyasiyanın baş verməməsi üçün iqtisadiyyatı böyük ölçüdə pulsuz qoymağa çalışıb. 
Bu, geniş mənada əlbəttə ki, iqtisadiyyat üçün heç də uğurlu seçim deyil və onun inkişafını buxovlayır, onu əsas alətdən məhrum edir. Ancaq digər tərəfdən iqtisadiyyatı pulsuz qoymaqla, daha çox siyasi və sosial nəticələr göz önünə alınaraq, devalvasiyanın və inflayasiyanın qarşısının alınmasına çalışılır.
Xatırladaq ki, Mərkəzi Bank valyuta hərraclarını həftədə iki dəfə keçirir və yanvarın 12-də keçirilən son hərracda tələb 142,2 mln. ABŞ dollarına çatıb. Bu, əvvəlki göstəriciylə müqayisədə 2 dəfə artıqdır. Doğrudur, Mərkəzi Bank açıqlamasında nağd valyutaya tələbin artmasının müvəqqəti xarakter daşıdığını və bunun tezliklə səngiyəcəyini bildirib. 

Bu açıqlama inandırıcıdır və iqtisadiyyatdakı duruma, dövriyyədəki manat kütləsinə adekvatdır. Bununla yanaşı, neft qiymətlərinin sabitləşməsi, həmçinin Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertləri manatın ucuzlaşmasına imkan verməyəcək. Lakin qeyd etdiyimiz kimi, əhali buna məhəl qoymur və “dollar ajiotajı” hələ ki, səngimir. Xatırladaq ki, ötən ilin sonlarına yaxın da buna oxşar vəziyyət yaranmışdı, lakin bir müddət sonra ara sakitləşdi.
Bəs, bu ajiotaj nəyə və kimlərə xidmət edir? Təəssüf ki, ara-sıra hüquq-mühafizə orqanları qeyri-leqal dollar alqı-satqısı ilə məşğul olan şəxslərin müəyyən olunaraq, həbs edildiyinə dair məlumatlar yayır. Lakin çox zaman məlum olur ki, tutulanlar “özfəaliyyətlə” məşğul olan “krışasız” kiçik fiqurlardır.
“Böyük balıqlar”, daha dəqiq desək, "qara bazar"ın sahibləri məsuliyyətdən kənarda qalır və öz işlərini davam etdirirlər. Bu baxımdan istisna etmək olmaz ki, ajiotajın yaranmasında həmin “qara bazar” sahiblərinin xüsusi rolu və marağı var. 
Məsələnin narahatlıq doğuran digər tərəfi isə budur ki, Mərkəzi Bank valyuta bazarındakı fəaliyyətilə bu ajiotajın artmasına dolayısıyla şərait yaradır. 

Belə ki, o, banklara valyuta satışı həcmi ilə bağlı məhdudiyyətlər qoyur və həmin məhdudiyyətlər avtomatik olaraq, bazarda ajiotajı körükləmiş olur. Nəticədə dollara daha çox iqtisadi əsaslara deyil, psixoloji amillərə - təlaşa, şayiələrə söykənən tələbat yaranır.
Bəs, bundan kim qazanır? Təbii ki, “qara bazar” və onun sahibləri. Bunun nəticəsidir ki, banklarda tapılmayan dolları “qara bazar”da almaq istədiyiniz məbləğdən asılı olaraq, 1.72-1.74 kimi kurslarla nə qədər desən tapmaq mümkündür...
Bu xoşagəlməz mənzərənin aradan qalxması üçün ilk növbədə Mərkəzi Bank valyuta bazarının tənzimlənməsilə bağlı üzərinə düşən işin öhdəsindən gəlməli, sadəcə əhalini arxayınlaşdırmağa yönələn açıqlamalarla kifayətlənməməli, valyuta satışıyla bağlı məhdudiyyətlər məsələsinə yenidən baxmalıdır. Onu da qeyd etməliyik ki, epidemiyanın səngiməsi, peyvəndləmənin həyata keçirilməsi, karantin qaydalarının yumşaldılması, biznes sahələrinin açılması və s. kimi gözləntilər iqtisadi aktivliyi və bunun nəticəsi olaraq, dollara tələbatı artıracaq. 
Ona görə də Mərkəzi Bank hazırkı nsibətən aşağı iqtisadi fəallıq şəraitində valyuta bazarında stabillik yaratmasa, sonrakı mərhələlərdə daha çətin situasiya ilə qarşılaşa bilər.
Nəhayət, “qara bazar”la əməldə deyil, sözdə mübarizə aparıldıqca, yerli-yersiz məhdudiyyət qərarlarıyla bu bazarın sahiblərinə münbit şərait yaradıldıqca, hər iki-üç aydan bir qarşılaşdığımız mənzərəyə - bankların qarşısındakı növbələrə son qoymaq asan olmayacaq.
E.Qüdrətoğluскачать dle 12.1