Bia.Az

Le Monde: "AZƏRBAYCAN: yeni regional gücdür" - Rus sülhməramlılarının Qarabağdan çıxması...

Cəmiyyət
 24-04-2024, 01:26     268

Fransanın öndə gələn "Le Monde" qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub. 

Musavat.com xəbər verir ki, Emmanuel Qrinspan və Fostin Vensanın müəllifi olduğu yazıda qeyd olunur: "Qarabağdakı Rusiya sülhməramlılarının ərazidən çıxması fonunda Azərbaycanın dövlət başçısı İlham Əliyev bazar ertəsi, aprelin 22-də rusiyalı həmkarı Vladimir Putini Moskvada nəzakət xatirinə ziyarət etdi. Keçmiş qəyyum hesab edilən Rusiyanın əsgərlərinin regionu tərk etməsi azərbaycanlıların ürəyincə olsa da, dövlət başçısı rəsmiyyətə əməl etməyi diqqətə alaraq görüşün sonunda bəyan etdi ki, "Rusiya Qafqazın və hətta daha geniş coğrafiyanın regional təhlükəsizliyi baxımından fundamental ölkədir"".
Müəllif yazır ki, 2023-cü ilin sentyabrında Azərbaycan ordusu ildırım sürətli hərbi əməliyyatla Qarabağa nəzarəti bütünlüklə ələ aldıqdan və 120 minədək ermənini qovduqdan sonra Rusiya sülhməramlılarının da çıxarılması gündəmə gəlmişdi. Halbuki, onların mandatı 2025-ci ildə bitəcəkdi. 2020-ci ilin noyabr sazişi imzalandıqdan sonra separatçı regiona yerləşdirilən 2000 nəfərlik rus sülhməramlı kontingentinin burada qalması üçün artıq bir əsas qalmamışdı. Bakıdan olan müstəqil tədqiqatçı Şücaət Əhmədzadənin fikrincə, yeganə sual rusların nə zaman və necə gedəcəyi ilə bağlı idi.
Məqalədə qeyd olunur ki, Azərbaycan tərəfi bu vaxtından əvvəl gedişlə bağlı izahat verməyib. “İndiki mərhələdə gediş qərarının səbəbini bilmirik. Lakin ehtimal ki, bu qərarla Rusiya öz imicini qoruyub” – politoloq bildirir.
30 illik Qarabağ münaqişəsi dövründə Bakı həmişə rus sülhməramlılarının yerləşdirilməsinə qarşı çıxıb. 2020-ci ildə müharibə bitdikdən və Rusiya münaqişəni dondurmaq üçün vasitəçilik etdikdən sonra belə bir qərar aldı.
Müəllif daha sonra yazır ki, 2022-ci ildə Rusiyanın Ukraynanı işğal etməsi ilə regional balans dəyişdi. Əhmədzadə deyir: “Bundan sonra Rusiya öz prioritetlərini təkrar nəzərdən keçirdi. Ukraynaya görə Qafqaz Rusiyanın təsir zonası kimi ikinci plana keçdi. Moskva nə Ermənistanla Azərbaycan arasında vasitəçi kimi çıxış edə, nə də bu regionda əvvəlki kimi hərəkət edə bilir”.
Azərbaycan bu gedişdən yaranan boşluğu doldurmaq qərarına gəlir və keçmiş himayəçi güc indi Bakının müttəfiqi olan Türkiyə ilə əvəzlənir. Həm də gözlə görülən şəkildə.
Aİ ilə qaz sazişi
Müəllif vurğulayır ki, Ankaranın dəstəyi ilə hərbi uğurlardan sonra güclənən, 2023-cü ildən prezident kürsüsündə olan İlham Əliyev regionda getdikcə daha vacib aktora çevrilir. Ukrayna müharibəsi ona diplomatik və iqtisadi planda daha böyük təsir imkanı qazanmağa şərait yaratdı: Azərbaycan bu gün təkcə Rusiyanın deyil, həm də qazla təchiz etdiyi Qərbin çox vacib tərəfdaşıdır. Rusiyadan asılılığı azaltmaq üçün Avropa İttifaqı 2022-ci ilin iyulunda Bakı ilə yeni qaz sazişi imzaladı. Sazişə görə, Azərbaycan 2027-ci ilədək Avropaya satacağı qazın həcmini ikiqat artırmalıdır.
Birinci Qarabağ müharibəsindən məğlub ayrılan Azərbaycan sonradan neft gəlirləri sayəsində hərbi gücə çevrilməyi bacardı. Əhmədzadənin fikrincə, “Azərbaycan artıq Polşa və ya Qazaxıstanla müqayisə edilə biləcək orta səviyyəli gücə çevrilib”. 
Müəllif qeyd edir ki, Qafqaz üzrə ekspert Kiril Kirvoşeyev bildirir ki, Azərbaycan “kim güclüdür, o haqlıdır” prinsipini rəhbər tutaraq, problemi yarımmüstəqil həll etmək qabiliyyətini sübuta yetirdi. 22 apreldə Rusiyanın Birinci kanalında rus sülhməramlılarının gedişi barədə deyilənləri ekspert belə şərh edir: “Ermənilərin Qarabağdan qan tökülmədən çıxması sülhməramlıların istisna xidmətidir”.  
Məqalədə vurğulanır ki, öz qonşusunun güclənməsindən əziyyət çəkən və daim təzyiq altında qalan Ermənistan sərhədlərin delimitasiyasına dair danışıqlarda özünü yaxşı aparır. Baş nazir Nikol Paşinyanın administrasiyası aprelin 19-da bildirib ki, əvvəlki müharibə vaxtı, 90-cı illərdə işğal edilmiş, hazırda boş olan 4 kənd Azərbaycana qaytarılacaq. Bunun müqabilində Ermənistan təhlükəsizlik və delimitasiya ilə bağlı risklərin azaldılmasına nail olacaq.
Caucasus Hertage Vatch təşkilatının X sosial şəbəkəsində 18 apreldə yaydığı məlumatda göstərilir ki, Şuşada 1818-ci ildə tikilmiş Müqəddəs Jan-Baptist kilsəsi (yaşıl damlı kilsə - red.) yerlə yeksan edilib. Ertəsi gün azərbaycandilli Teleqram kanalında kilsənin uçurulmasının videosu yayıldı. 2023-cü ildə Le Monde qəzeti yazırdı ki, 2020-ci ildə baş verən döyüşlərdə “yaşıl damlı kilsə”nin 2 zəngi müəmmalı şəkildə yox çıxıb.
Azərbaycanın Fransadakı Səfirliyindən bildirilib ki, “Azərbaycan qanunvericiliyi Azərbaycan ərazisindəki, o cümlədən Qarabağdakı bütün dini və mədəni irsi heç bir diskriminasiyaya yol vermədən qoruyur”. 
 
 







скачать dle 12.1