Bia.Az

"Sosial şəbəkədə canlı yayımda "öncədən görənlər" vətəndaşın pulunu alır, əmlakını mənimsəyir" - NƏ ETMƏLİ?

Cəmiyyət
 8-03-2024, 00:56     285

Son zamanlar TikTok sosial şəbəkəsində özünü falçı adlandıran şəxslərin canlı yayımlarının sayı artıb. Təxmini video belədir. Bir şəxs - qadın və ya kişi videonun mərkəzindədir və canlı yayıma qoşulanlar falçıya hədiyyə qarşılığında suallar verir. Həmin falçılar da ağızlarına, ağıllarına gələni canlı yayımda sual verənə deyirlər. Birinə uşağı olmayacağını, birinə sevdiyinə qovuşmayacağını deyib ürək bulandırırlar. Kim daha güclü hədiyyə atırsa, onun işləri "mütləq" yolunda “gedir”… Və bu üsulla insanlar aldadılır.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, həqiqətən də bu gün mənəvi boşluqda olan, ciddi psixoloji sıxıntıları olan və ya şəxsi və o cümlədən həyatında işləri normal qaydasında getməyən insanlar, bir çox hallarda xürafata meylli olurlar. Nəticədə bu tip "dələduzlar"ın qurbanına çevrilmiş olurlar.

Hüquqşünas bildirib ki, həqiqətən də bu gün sosial şəbəkələrin insanlara verdiyi imkanlardan yararlananlar falçılardır. Cəmiyyətdə "öncədən görən" insanlar kimi tanınan falçılar insanların psixoloji narahatlıq və gərginliklərindən yararlanaraq, onlara bir çox hallarda yanıldıcı və aldadıcı “proqnozlar” verirlər. Nəticə etibarilə həmin şəxslərin əmlakları qeyri-rəsmi şəkildə mənimsənilir. Eyni zamanda bu şəxslər göstərdikləri fəaliyyət nəticəsində əldə etdikləri əmlaklarla bağlı hər hansı bir vergiyədə cəlb olunmurlar, əldə etdikləri məbləğlərə də vergi ödəmədən sahib olurlar.

Hüquqşünas bildirib ki, bu gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsində birbaşa falçılıqla bağlı hər hansı bir müddəa yoxdur.

Amma falçılar insanları aldadaraq, əmlaklarının əllərindən alınması yolu ilə əsassız varlanmağa nail olurlar. Bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tövsiv olunan əmələ gətirib çıxarır. Burada istintaq aparan qurum tərəfindən vurulmuş zərərin xeyli miqdar, külli miqdar və xüsusilə külli miqdarda olmasına uyğun olaraq, cəza nəzərdə tutulub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, mülkiyyət əleyhinə olan cinayətlərdə 178-ci maddənin açıqlamasına əsasən, xeyli miqdar dedikdə 5 min manatdan – 50 min manata qədər olan vurulmuş zərər nəzərdə tutulur, külli miqdar dedikdə 50 min manatdan 500 min manata qədər vurulmuş zərər nəzərdə tutulur. Xüsusilə, külli miqdar dedikdə, 500 min manatdan yuxarı vurulmuş zərər nəzərdə tutulur.

“Vətəndaşlara bu məsələ üzrə çağırış edirəm ki, ümumiyyətlə bu qəbildən olan hər hansı sövdələşmələrə getməsinlər, aldadılmalara məruz qalmasınlar. Belə hallar baş verdikdə, mütləq qaydada bununla bağlı hüquq-mühafizə orqanlarına, 102 çağrı xidmətinə müraciət edib yazılı ərizəni təqdim etməklə, həmin şəxs barəsində araşdırmanın müəyyən olunmasına nail olsunlar.

Eyni zamanda bildirmək istəyirəm ki, bu qəbildən olan şəxslərin toruna düşmüş, dələduzluğuna məruz qalmış şəxslərin sayı çox olduqda və cinayət işi miqdarına görə ağır nəticələrə səbəb olduqda, bununla bağlı daha ciddi istintaq hərəkətlərinin aparılması mümkündür”-deyə hüquqşünas qeyd edib.
скачать dle 12.1