Bia.Az

Torpağında sevimlisi Kamil Hoca

Cəmiyyət
 26-01-2024, 20:48     241

Kamil Vəli Nərimanoğlunun kitablarını, məqalələrini oxumağa məni həvəsləndirən haqqında eşitdiyim söhbətlər olmuşdu.

Yalnız yaşıdları, yaşda ondan kiçik olanar deyil, əsərlərini oxuyanlar da həmişə bir yerə toplaşanda Kamil hocadan, onun əsərlərindən söz açardılar. Tanışlığımız isə Bolu şəhərində oldu. 2013-cü il Boluda Abant İzzət Baysal Universitetinin təşkil etdiyi “Uluslararsı Köroğlu, Bolu tarihi ve kültürü” sempozyumuna mən də qatılmışdım. Səsli- küylü danışmağım, şıltaqlığım diqqətini çəkdi. Tanış olduq. Söhbət zamanı mənə "qəşəng qızsan" dedi. Anladım ki, o mənə ciddi araşdırıcı kimi yanaşmadığından sadəcə könlümü xoş etmək üçün nəzakətli bir söz deyir. Tam olaraq söhbətimizi xatırlamıram, ama onun bu ifadəsinin altında "elminə bələd deyiləm" düşüncəsi var idi. Cavabən demişdim ki, hocam mənim məruzəmi dinləsəniz fikriniz dəyişəcək. Dinlədi. "Maşallah, savadlı qızsan " dedi. Gülümsədim, qürurla hocaya minnətdarlığımı bildirdim. Sonralar mənim getdiyim elmi toplantılarda onu görmədim. İstanbulda yaşadığından və işlədiyindən görüşmürdük. Bakıya da nə vaxt gəldiyindən, nə vaxt getdiyindən xəbərim olmurdu. Onu tanıyanların söhbətlərindən bilirdim ki, vətənə gəlib, dostları, tanışları ilə görüşüb, kitabxanalarda, arxivlərdə işləyib yenidən geri qayıdıb.
Görüşməsək də Facebookdan əlaqəmiz vardı. Günün hadisələri haqqında fikirlərini, sosial şəbəkədəki yazılarını, hərdən də elmi konfranslarda etdiyi məruzələrini, çap olunmuş topluları oxuyurdum. Söhbətərimiz, fikir mübadiləsi etməyimiz də sosial şəbəkə vasitəsi ilə olurdu. Üzgünçülük olmasın deyə çox yazıb, çox xəbər almırdım. Həm də Arif Rəhimoğlu sağ olduğundan ona daha çox ərkim çatırdı. Öyrənmək istədiklərimi Arif Rəhimoğludan xəbər aldığıma görə Kamil hocaya çox da əziyyət verib, vaxtını almırdım. Ancaq yenə də nə zaman yazıb bir kömək istəsəm canla-başla edirdi. Kitab istəsəm göndərib, məlumat istəsəm verib. Bir sözlə, bir alimə lazım olacaq nə olsa mütləq edib. Mən utanaraq əziyyət verdiyimi deyəndə də hoca bunu mənim üçün yox, elm naminə etdiyini deyirdi.
Əli Şamilin 75 illiyi ilə bağlı ondan da xatirə yazısı rica etmişdim. Tezliklə yazıb göndərəcəyini söylədi. Amma söhbət zamanı səsində bir yorğunluq, əzginlik hiss etdim. Məqaləni dediyi vaxtda göndərdi. Kitab çap olunandan sonra isə bildirdi ki, yazıdan razı qalmayıb. Narazılığı bizim yazının üzərindəki redaktəmizdən deyildi. Özünün əhval-ruhiyyəsinin yaxşı olmadığı bir vaxtda yazdığından idi. Dedi ki, Əli haqqında daha dəyərli və oxunaqlı bir məqalə yazmadığıma heyifsləndim.
Kamil hoca son gəlişində zəng etdi mənə. Görüşək dedi. Mən də Əli Şamil hocaya zəng edib bərabər getməyi təklif etdim. Əli Şamildən xahiş etdim ki, birgə gedək, Kamil Hoca ilə görüşək, söhbət edək. Onu universitetimizə dəvət edəcəyimizi, hansı mövzuda danışacağını müəyyənləşdirək. Əli Şamilin işinin çox olduğunu gördükdə qrpumun sevdiyim üç tələbəsi ilə birlikdə getməyi qərarlaşdırdıq. Zəng vurub fikrimi bildirdim. Evinin yanındakı kiçik şirin bir şirniyyat kafesi var idi. Orada görüşməyi təklif etdi. Mən şirniyyat yemirdim. Deyəsən Kamil hoca da yemirdi. Bu kafeni seçməkdəki məqsədi gənclərin könlünü xoş tutmaq idi. Razılaşdıq. Gecikdik bir az. Ancaq hoca səbrlə bizi gözləmişdi.
Bu görüşü təşkil etməkdəki məqsədim Kamil hoca kimi təcrübəli, dərin bir alimdən hələ elmin ilk addımlarında olan gənclərin “faydalanması” idi. Qurupumun sayılıb seçilən, bilikləri ilə öyünən, müəllimlərini də ən savadlı araşdırıcı kimi sevən gəncələrə göstərmək istəyirdim ki, ustaddan necə dərs almaq olar. Elmi dərəcəm, müəllim təcrübəm olsa da, beynəlxalq indeksli jurnallarda məqalələrim çap olunsa da Kamil Vəli Nərimanoğlu kimi hocalarım ilə söhbət edəndə öyrənciyə dönürəm. Onun hər sözünü dinləməklə kifayətlənmirəm, sözünün arxasındakı mənanı anlamağa, düşüncələrini oxumağa diqqət kəsilirəm. Onun yalnız dediyi sözlər deyil, vurğular, sözlər arasındakı pauzalar, mimikalar da fikirlərini çatdırmaqda böyük rol oynayırdı. Söhbətdən öyrəndiklərimi sonra tələbələrimə izah etməklə onları heyrətləndirmək istəyirdim. İstəyirdim ki, onlar da dinlədikləri insanın yalnız dediyi sözlərə deyil, onun fikirini dəqiq çatdırmaq üçün istifadə etdiyi mimikalara, sətirarası ifadələrə də diqqət yetirsinlər. Kamil hoca da istər biliyi, istərsə də oturub duruşu ilə bu öhdəliyi yerinə yetirəcək adam idi. Hocanın ağzından çıxan hər söz bir tövsiyə xarakterli idi.
Tələbələrimə ilk sualı “Niyə oxuyursunuz?” olmuşdu. Bu sual maraq naminə, təsadüfən verilməmişdi. Bu gün cəmiyyətdə sadəcə tələbə adı almaq üçün oxuyan gənclikdən xəbərdar idi. Soruşursan, məqsədi, məramı yoxdur. Ancaq “elə-belə” oxuyur. Gənclərdən qənaətbəxş cavab aldıqdan sonra Kamil hoca, onlarla söhbətə başladı. Öncə gənclərin haralı olduğunu soruşdu. Hər kəs öz rayonunu dedi. Kamil hoca “məmləkət məsələsinin önəmli olduğunu vurğuladı. İnsan böyüdüyü yerin xasiyyətini daşıyır. O bölgəyə uyğun davranır. Ona görə də insanlar haqqında doğru məlumat almaq və onlarla doğru davranmaq üçün gərək gözəl müşahidəçi olasan və bölgələri yaxşı tanıyasan.
Kamil hocanın tələbələrə bu məlumatı niyə verdiyini az çox təxmin edə bilirdim. Hocanın məqsədi gənclərin öz ölkələrini yaxşı tanımalarını istəməsi idi.
Daha sonra hoca elmdəki boşluqlar haqqında danışdı. Tatarlarda repressiya ədəbiyyatı işlənməyib dedi. Ciddi boşluqdur. Bunu tamamlamaq lazımdır. Deyimlərin də ümumi mənalarında işlənidiyini, toplanıb nəşr edildiyini, ancaq etnoqrafik cəhətdən tədqiq edilmədiyini vurğuladı. Bunu gənclər anlamadı. Izah etdi ki, məsələn, maldarlıqda hansı deyimlər işlənir, əkinçilikdə yaxud heyvandarlıqda işlənən deyimlər tədqiq edilməyib. Heç təsnif belə edilməyib. Deyimlər haqqında da qısa bilgi verməyə çalışdı gənclərə. Deyimlərin mahiyyət etibarilə xalqın sahib olduğu düşüncə tərzini, inanc sistemini ortaya qoyduğunu, deyimlərin etnoqrafik cəhətdən mahiyyətinin açılmasına və xalqın fəlsəfəsinin öyrənilməsinə xidmət etdiyini göstərir.
Daha sonra tələbələrə maraqlı bir sual verdi: sizcə, dil canlıdırmı?
Gənclər tərəddüd içində cavab verə bilmədilər. Güldü. Dedi ki, dil canlıdır. Yaşayır. Hətta böyüyür, inkişaf edir. Görürsünüzmü 20-ci yüzildə yazılan əsərlərin dili ilə bu gün yazılan əsərlər fərqlənir. Niyə çünki bu günkü dilimiz daha yaşlıdır. Dil yaşlandıqca müasirləşir.
Kamil hoca gədəbəyli olduğumu bilirdi. Qurudlu xəngəldən söz saldı. Mən çox gözəl bişirdiyimi dedim. Diqqətlə baxdı üzümə. Evimə dəvət etdim. Məmnuniyyətlə gələcəyini dedi. O gün növbəti həftəsonuna anlaşmışdıq, bizdə xəngələ yığışacaqdıq, ölüm xəbəri gəldi. İnana bilmədiyim ölümlərdən idi. Son görüşümüzdə o qədər canlı, gümrah idi ki...
Kamil hoca vəfalı insan idi. Cənazəsinin başında tələbələri yığışmışdı: 1975, 1976, 1977-cı və sonra illərin məzunları idi. Hocalarına vəfa borcunu. Hoca illərdir Türkiyədə yaşayır halbuki. Bu tələbələr Kamil hocanı artıq unutmalı idilər. Lakin tam əksinə, illərdir necə dostluq etdiklərindən danışırdılar. Kamil hocanın onların həyatını necə dəyişdiyindən bəhs edirdilər. Bu da göstərir ki, rəhmətlik Vurğun Əyyubun da dediyi kimi, Kamil Vəli Nərimanoğlu hoca olanlardan deyil, hoca doğulanlardandır.
Ziyalı torpağına bağlı olur adətən, çünki bilir, anlayır ki, torpaq onu sevənləri qiymətləndirər. Dili canlı varlıq hesab edən alim əlbəttə torpağın canlı olduğunu da bilirdi. Torpaq da ona olan vəfasına qarşılıq verib son mənzilinə yola salmaq üçün çəkib gətirdi...
Alim öldü, aləm öldü deyə bir söz var. Düşünürəm ki, xalqın məntiqindən süzülüb gəlmiş bir çox sözlər kimi bu deyimdə də çox ciddi həqiqət var. Alim işıqdır, nurdur. İşığı sönən alim nurunu ətrafına saçmadıqca qaranlıq başlayır. İnsafən deyək ki bu sözlər hər alim haqqında da deyilməz. Kamil Vəli Nərimanoğlu məhz belə alimlərdəndir.
Tini uçmağa varsın yücə insanın... Elmin isə başı sağ olsun...
Aynur Qəzənfərqızı
 
Aynur Qəzənfərqızı
скачать dle 12.1