Bia.Az

Küləkli havalarda sıradan çıxan internet xətlərinin "müalicə"si varmı... - "Baktelecom"-dan rəsmi açıqlama

Cəmiyyət
 24-01-2024, 13:43     160

Son zamanlar hava durumunun kəskin dəyişməsi bəzi internet provayderlərinə təsir göstərib və bu vəziyyət istifadəçilərə çətin anlar yaşadıb. Məsələn, küləkli havalarda "Baktelecom"un internet xidmətində də tez-tez kəsilmələr baş verib. İnternet sürəti gah zəifləyir, gah kəsilir və bəzən bu vəziyyət uzun müddət davam edir. Xidmətin keyfiyyəti olduqca aşağı düşür. Havanın küləkli, rütubətli keçməsi internetin davamiyyətinə təsir göstərə bilərmi? Elədirsə, bu, necə baş verir? Bu problem provayderlərin çəkdiyi kabel xətti ilə əlaqədar ola bilərmi? Məsələn, uzun zaman özəl provayder şirkətlərinin internet xidmətindən yararlanan vətəndaşlar bu cür problemlə tez-tez qarşılaşmırlar. Ancaq elə provayderlər var ki, istifadəçiləri gecə-gündüz bu problemdən narazılıq edirlər. İnternetin zəifliyinin, tez-tez donmasının, kəsilməsinin altında yatan əsas səbəblər nələr ola bilər? Bəzən hava sakit olsa da, yəni heç bir xüsusi hal olmasa belə, axşam saatlarında internet olduqca zəifləyir və bəzən saatlarla kəsilir. Səhər üzünə yaxın güclənir. Bu cür provayderlərin istifadəçiləri çox əziyyət çəkirlər.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalının suallarını cavablandıran İKT eksperti Fərhad Mirəliyev problemin kökündə bir çox ciddi səbəbin durduğunu qeyd edərək, bildirib ki, bəzən provayderlər problemin səbəbini abonentin üzərinə yıxmağa çalışır.
Fərhad Mirəliyev 
Fərhad Mirəliyev
"Qeyd olunan problemlə bağlı dəqiq bir fikir söyləmək üçün adıçəkilən operatorun provayderinin infrastrukturunu incələmək lazım gəlir. Amma biz hal-hazırda təxminlərimizi deyə bilərik ki, burada məsələ nədən ibarət ola bilər. Hava şəraiti qeyri-sabit olduqda və əgər internet təminatı simlidirsə, burada heç bir problem yaşanmamalıdır. Biz qeyd edə bilərik ki, elə provayderlər mövcuddur ki, hansı ki, təcrübəmdə özüm də bu provayderlərdən istifadə etmişəm, internet xəttini müəyyən nöqtələrdə simsiz şəkildə ötürür. Misal üçün, Yeni Günəşlidən Suraxanıya interneti simsiz şəkildə yerüstü peyk antenlərindən istifadə edərək ötürürlər. Sonradan artıq həmin o təyinat nöqtəsindən başlayaraq, interneti abonentlərə doğru simli şəkildə paylaşdırırlar. Bu zaman problemlər yaşana bilir. Çünki simsiz bağlantı nisbətən hava şəraitinə, maqnit dalğalarına qarşı həssasdır. Həmçinin, həmin o kanalın da müəyyən ötürmə qabiliyyəti var və abunəçi sayı ilkin şərtdə tutulduğundan artıqdırsa, o zaman bu cür problemlərin yaşanması labüddür. Digər bir texniki nüansı da qeyd etmək istərdim ki, ola bilər ki, hava şəraiti ilə bağlı kabelləşmə zamanı sırf simli bağlantı texnologiyalarından istifadə olunursa, o zaman hansısa bir nöqtədə müəyyən qısaqapanmaların olması kimi, yaxud da kabel xətlərinin tərpənərək, müəyyən hissələrdə toxunaraq qoşulması, birləşməsi kimi hallar müşahidə oluna bilər. Bu da ümumilikdə həmin o internetin keyfiyyətinə təsir göstərə bilir.
"Axşam saatlarında internet olduqca zəifləyir" - Bu, abonentlər tərəfindən tez-tez yaşanan bir problemdir. Biz bu problemin kökünə getmişik və çox dəqiq şəkildə araşdırmışıq ki, bu problem "trafik aclığı"ndan yaranır. Biz bilirik ki, provayderlər müəyyən həcmdə trafik tədarükü görür və abunəçilərin sayına uyğun olaraq, bu tədarük ilkin başlanğıcda şərt kimi müəyyən olunur. Sonradan istifadəçi sayı artıqda və yaxud abonentlər daha sürətli internetə keçid etdikdə, həmin bu köhnədən alınan bu trafik həcmi artıq yetərli olmur və beləliklə "trafik aclığı" problemi özünü göstərməyə çalışır. Belə hallar, xüsusilə axşam pik saatlarda baş verir. Biz bilirik ki, gündüz saatlarında, ya da səhər erkəndən internet istifadəçilərinin sayı axşam saatlarına nisbətən az olur. Bu, həm mobil cihazlara - telefon, planşet - həm də komputer, IP televiziya və sair kimi xidmətlərə aiddir. Axşamtərəfi yaranan həmin o pik saatlarda, yəni istifadəçilərin düzgün bölüşdürülməyən trafiklə işləyən provayderlərdən aldığı internetdə bu cür problemlərin yaşanılması qaçılmazdır.
Bu problemdən xilas yolu ancaq kütləvi şəkildə, yaxud da fərdi qaydada provayderin özünə mövcud problemi izah edib, onun həllini izləməkdir. Əgər bir müddət sonra problem hələ də qalmaqda davam edirsə, o deməkdir ki, həmin provayder istifadəçinin müraciətinə etinasız yanaşır və onun problemini həll etmək niyyətində deyil. Bu zaman tövsiyə olunur ki, problem hüquqi müstəvidə - məhkəmə qaydasında öz həllini tapsın. Provayder həmişə çalışır ki, yaranmış problemin səbəbini abonentin üzərinə atsın, "Sənin evində qoşulmuş cihazların sayı çoxdur", "Sən evdə daha çox trafik istifadə edirsən", "Evindəki internet modemin daha zəifdir və interneti paylamır" və sair kimi bəhanələr gətirsin. Bu hallar artıq kütləvi hal alıb və biz bilirik ki, bunun arxasında "trafik aclığı" problemi dayanır ki, bu da həmin internet trafiki tədarükünün düzgün aparılmamasından qaynaqlanır".
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, ölkənin internet provayderlərinin çoxu artıq simli xətlərə yox, fiberoptik texnologiyaya üstünlük verib.
Elvin Abbasov
 Elvin Abbasov
"Bu problem fiberoptik yox, əsasən simli xətlərdə baş verir. Yəni simli xətlər hava şəraiti ilə gedir - binanın yanı ilə elektrik xətti kimi çəkilir və qarlı, küləkli hava şəraitindən təsirlənir. Əvvəlki internet texnologiyalarının hamısı simli xətlərlə təşkil olunurdu, ancaq indi fiberoptik dövrüdür. Azərbaycanda istifadəçilərin 60 faizdən çoxu artıq fiberoptiklə təmin olunub. Fiberoptik internet xətti torpağın altı ilə gedir və bu xətlərin hava şəraiti ilə heç bir əlaqəsi yoxdur. Hava şəraitindən təsirlənən internet istifadəçiləri böyük ehtimalla, hələ də ölkənin simli xətt üstündə olan internet xidmətlərindən istifadə etdikləri üçün bu problemlərlə qarşılaşırlar. Yavaşlama, ağırlaşma, tutuqluq ola bilər, amma fiberoptik olan yerlərdə, məsələn, Bakının demək olar ki, tamamı və rayon, kəndlərin 60 faizi fiberoptiklə təmin olunub - o abonentlərin internetində belə neqativ hallar yaşanmır. Ölkənin internet xidməti 100 faiz fiberoptik texnologiyaya keçəcəyi zaman qeyd olunan problemlər də aradan qalxacaq" - deyə, İKT mütəxəssisi qeyd edib.
"Baktelecom"dan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər və əvvəlki dirəklər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə və yeni dirəklərlə əvəzlənir: "Burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.
Sözügedən layihə çərçivəsində Bakı şəhərinin mövcud ev təsərrüfatı və biznes subyektlərinin 79,3%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb. Layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Bakı Telefon Rabitəsi” MMC-nin “155” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Rabitə Xidmətləri Mərkəzinə, həmçinin şirkətin rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.
Görülən işlərin məntiqi nəticəsi olaraq, genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın dekabr ayını əhatə edən hesabatına görə, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ayda artaraq ortalama 35.25 Mbit/s-i keçib. 2022-ci ilin dekabr ayında Azərbaycanda genişzolaqlı internetin sürəti 27.15 Mbit/s olub. Bu, 30% artım deməkdir.
Əlavə olaraq bildiririk ki, “Baktelecom” ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, sürətli internetin təmin edilməsi istiqamətində işləri uğurla həyata keçirib. Azərbaycanda ilk dəfə GPON texnologiyası əsasında 1 Gbit/s sürət texniki olaraq əldə olunub. İlkin mərhələdə “Baktelecom” bazarda 250 Mbit/s sürət tarifini təqdim edib. Növbəti mərhələlərdə tələbə əsasən 1 Gbit/s sürət tariflərinin təklif olunması planlaşdırılır" deyə, "Baktelecom"dan bildirilib.
Məlumat üçün qeyd edək ki, yaranmış problemin səbəbləri vətəndaş müraciətindən sonra operativ şəkildə aradan qaldırılıb və problemin yaşandığı ərazidəki internet xətlərinə yenidən texniki baxış keçirilib.скачать dle 12.1