Qeydiyyat ünvanı olmayan seçicilər seçkidə iştirak üçün nə etməlidir?
Qarşıdan Prezident seçkiləri yaxınlaşır. Bəzi vətəndaşların öz seçki hüququndan istifadə etməsi çətinləşə bilər. Ona görə ki, onların qeydiyyat ünvanı yoxdur. Qeydiyyat ünvanı olmayan vətəndaş seçkilərdə iştirak edə bilərmi? Bəs bu vətəndaşlar kimlərdir? Onlar nə üçün qeydiyyatda deyillər? Onları qeydiyyatdan kim və niyə çıxarır? Bu halda onlar hara müraciət etməlidirlər - ASAN xidmətə, yoxsa DİN-ə? Qanunvericilikdə bu problem öz həllini necə tapır?Hüquqşünas Zaur Seyidzadə seçki öncəsi qeydiyyat problemi yaşadığına görə səsvermə hüququndan məhrum olan vətəndaşların problemini Bizimyol.info xəbər portalına şərh edərək bildirib ki, bu haqda gərək vətəndaş öncədən məlumatlandırılsın.
Zaur Seyidzadə"Mövcud problemlərdən biri də odur ki, bir çox vətəndaşlar evlərini satıblar, ya da əvvəldən evləri olmayıb, buna görə də polisin inzibati binasına yaxınlaşaraq, qeydiyyata düşüb. Lakin 2022-ci il oktyabr ayının 1-dən etibarən həmin şəxslər polis qeydiyyatından çıxarılıb. Bununla da həmin vətəndaşların şəxsiyyət vəsiqələri etibarsız hesab olunub. Bu da o deməkdir ki, vətəndaşlar vergi ödənişlərini edə bilmirlər, məhkəmə rüsumunu ödəyə bilmirlər və sair. Hal-hazırda bilirsiniz ki, prezident seçkiləri ərəfəsindəyik və vətəndaşların da seçki hüququ var. Ancaq şəxsiyyət vəsiqəsi həmin səbəbə görə etibarsız hesab olunan vətəndaşlar harada və necə səs verəcəklər? Bu, təəssüf ki, bilinmir. Ümumiyyətlə, bir hüquqşünas kimi hesab edirəm ki, müvəqqəti də olsa, bu qəbildən olan vətəndaşları polisin inzibati binasında qeydiyyatdan keçirmək olar ki, onlar seçkilərdə iştirak edə bilsinlər. Ən azından, polis vətəndaşı qeydiyyatdan çıxarırsa, ona müəyyən müddət verməlidir, xəbərdarlıq etməlidir ki, onu qeydiyyatdan çıxaracaqlar. Ola bilsin ki, bu sahədə müəyyən texniki problemlər yaransın, amma seçki ərəfəsində heç olmasa, qanunvericiliyə uyğun qaydada bu vətəndaşları yenidən qeydiyyata götürmək olar. Adından da göründüyü kimi müvəqqəti qeydiyyatdır. Bununla yanaşı, həmin vətəndaşa bildirilməlidir ki, onun qeydiyyatı filan vaxta qədərdir. Şəxsiyyət vəsiqəsi də həmin müddətə qədər verilməlidir ki, vətəndaş yenidən gedib başqa bir yerdə qeydiyyata düşə bilsin və seçki hüququndan istifadə etsin.
Bəs bu problem niyə baş verir?
Bir çox vətəndaş öz evini satır və gedib başqa bir yerdən sənədsiz ev alır. Beləliklə, qeydiyyata düşə bilmir. Təbii ki, satılan evi alan şəxsin qanunvericiliklə hüququ var ki, mülkü aldığı gündən müəyyən bir vaxt keçəndən sonra evi ona satan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etsin. İnzibati məhkəmənin qərarı ilə də həmin vətəndaş əvvəlki qeydiyyatından çıxarılır. Təəssüf ki, bundan həmin vətəndaşın heç xəbəri olmur. Bununla da o, necə deyərlər, "havada qalır" və problem yaşayır. Ancaq əvvəllər vətəndaş bilirdi ki, evi satıb, müvəqqəti olsa da, polis orqanında qeydiyyata düşə biləcək. Ancaq hal-hazırda bu məsələ nə yerdədir, bilinmir. Bu, çox ciddi və həll olunması mühüm problemlərdən biridir.
Vətəndaşlar nəinki seçki məsələsində, bütün sosial məsələlərdə ciddi problemlərlə üzləşirlər. Çünki qeydiyyat ünvanları olmur. Ancaq heç olmasa, bu seçkilərə görə həmin vətəndaşlar keçici də olsa, qeydiyyata salınmalı və orada tarix göstərilməlidir ki, vətəndaşın qeydiyyatı filan tarixədək etibarlıdır. Bundan həmin vətəndaş yenə polisin qeydiyyatında qalar, ya özü başqa bir yer seçər. Daha bu da onun öz seçimidir, çünki artıq mövcud problemdən xəbərdar olur. Ancaq istənilən halda, vətəndaşın qeydiyyatı ləğv olunursa, bunun mütləq özünə bildirilməsinin vacib olduğunu düşünürəm" - deyə, hüquqşünas problemi şərh edib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən Bizimyol.info xəbər portalına bildirilib ki, həmin vətəndaşlar ASAN xidmətə müraciət etməlidirlər. Bu zaman problem araşdırılıb, qeydiyyata qoyulacaq.