Bia.Az

Şəhəri traktor və kombaynla azad edən generalımız – FOTO

Cəmiyyət
 22-01-2024, 12:59     103

22 yanvar əfsanəvi general, XX əsrin əvəzolunmaz hərbçisi Həzi Aslanovun doğum günüdür.

İkinci Dünya müharibəsi illərini tədqiq edən rusiyalı hərbçi alim, akademik Samsonov yazır: “Həzi Aslanov sovet ordusunda yeganə general idi ki, “İrəli” sözünü deməzdi, “Ardımca” deyərdi. Döyüşlər zamanı özü öndə olurdu, ardınca da əsgərləri…”
Şah İsmayıl Xətai – dahi strateq idi. Öz qoşunlarını 12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malik idi. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, mühasirəyə alıb darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ruslar ona “Aslanovskaya podkova”, yəni “Aslanov nalı” adını verəcəkdilər.
İlk dəfə bu taktikanı tərtib edəndən sonra “Pravda” qəzetinə danışan general “Cinah zərbəsi” başlıqlı müsahibədə Şah İsmayılın taktikasının özəlliklərindən danışmışıb.

Rusiyalı hərb tarixçisi, tarix elmləri namizədi Aleksey İsayev: “Həzi Aslanov öz peşəkarlığı ilə almanları elə qorxudurdu ki, düşmənlər döyüşə başlamadan meydanı tərk edirdilər. O, bir dəfə əsgərlərinə ən yaxın kənddəki təsərrüfat texnikalarını döyüş meydanına çatdırmağı əmr etdi. Tankların arasına avadanlıq yerləşdirilir, dinamiklər quraşdırılır, mühərriklər və işıqlar yandırılır. Texnologiyada üstünlüyə malik olan alman qoşunları qorxurlar. Elə bilirlər ki, minlərlə sovet tankı onlara doğru irəliləyir. Sonda geri çəkilirlər. Beləliklə, Vileyka şəhəri döyüşsüz alınır”.
Başqaları tankda “lyuk”u örtüb hücuma keçəndə Həzi Aslanov maşında oturub gedirmiş. O, özünü Allahın saxladığı insan kimi hiss edir, ölümdən qorxmurmuş. Akademik Samsonova görə, Aslanov inanırdı ki, o, ölməz. Dünyada yeganə tank komandiri idi ki, keçilməz yerlərdən ordunu irəli aparırdı. Təsəvvür edin, Həzi Aslanov mühasirədə düşünüb ki, tankların almanların əlinə keçməsinin qarşısını necə almaq olar? Ağlına gəlib ki, iki tankı batırsın, o biri tanklar da onların üstündən keçib xilas ola bilsinlər.

Bundan başqa, döyüş zamanı H.Aslanov bir tankdan başqasına keçirmiş ki, əsgərləri daha ürəkli olsunlar.
“Həzi Aslanov Krımdan Stalinqrad cəbhəsinə – bizə gəldi. Xoşsimalı, ağıllı, qətiyyətli, iradəli bir komandir idi. O zaman çox gənc idi: onun 32, mənim 20 yaşım vardı. Həzi Aslanov təcrübəli komandir idi. O, həmişə korpusda şöhrət qazanıb. Stalinqrad döyüşündə göstərdiyi qəhrəmanlıqlara görə H.Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü”, – Stalinqrad döyüşünün iştirakçısı Dmitri İvanoviç Ryazantsev müsahibəsində deyir.
General Həzi Aslanov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlarımızla yanaşı dəfn edilib. Vətən uğrunda şəhid olanlar generalımızın ruhu ətrafında birləşiblər. Ruhun şad olsun GENERAL!

Zaur Aliyev,
dosent
скачать dle 12.1