Bia.Az

Kəskin yoluxucu xəstəlik - Qızılca ilə bağlı pediatrdan AÇIQLAMA

Cəmiyyət
 21-01-2024, 20:08     176

Qızılca həmişə olub və olacaq

Xəstəlikdən ölüm nadir halda olsa da mümkündür

“Əvvəllər də olub. Sadəcə o vaxt indiki kimi sosial şəbəkələrdə hər şey yazılmırdı. İndi 10 milyonluq əhalidə bir ölüm halı olan kimi bütün saytlar yazır deyə, insanlar həyəcan keçirir, uşaqlarına görə narahat olurlar”

  Ötən ilin sonlarından ölkəmizdə tüğyan edən qızılca xəstəliyi can almaqda davam edir. Qazaxda yeniyetmə qız qızılcadan dünyasını dəyişib. Hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb. 2011-ci il təvəllüdlü kənd sakini Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə xəstəxanasına aparılıb.Daha sonra yeniyetmə qızın vəziyyətinin ağır olduğunu görən ailə övlandını Bakıya aparmaq qərarına gəlib. Amma yeniyetmə yolda dünyasını dəyişib.
Mütəxəssislər isə hesab edir ki, qızılcaya yoluxmanın kəskin hal alması və ağırlaşmaların, ölüm faktlarının olması vaksinasiyadan yayınmalarla bağlıdır. Analar uşaqlarını peyvənd etdirmirlər.
  Qızılca xəstəliyindən ən effektiv və təhlükəsiz qorunma üsulunun vaksinasiya olduğunu xatırladan həkim-ekspertlər qeyd edir ki, “Profilaktik Peyvəndlər Təqvimi”nə əsasən bütün uşaqlar 1 və 6 yaşlarında olmaqla 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.
  Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun infeksionisti Günay Əliyeva isə hesab edir ki, kəskin respirator virus infeksiyalarından qorunmağın ən effektiv yolu peyvəndlənmədi. Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli “QPM” vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir.
O bildirib ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.
  Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.
Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.
Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.11-40 yaşlı əhali qruplarına aid olan şəxslərə isə qızılcadan qorunmaq üçün 1 doz vaksin olunması kifayətdir.
  Valideynlərin nəzərinə çatdırım ki, əgər övladlarınız peyvənd olunmayıbsa, onları riskə atmamaq üçün Səhiyyə Nazirliyinin tətbiq etdiyi peyvənd təqviminə uyğun olaraq mütləq peyvənd etdirin.
  Pediatr Nurəngiz Hacıyeva isə “Sherg.az"a açıqlamasında deyib ki, qızılca virus mənşəli, ciddi fəsadlara və ölümə səbəb ola bilən yoluxuculuğu yüksək, hava-damcı yolu ilə yayılan ciddi bir xəstəlikdir: “Xəstəliyin inkubasiya dövrü 6-17 gündür. Qızılca xəstəliyi həmişə olub və olacaq. Qeyri-adi, təzə bir şey yoxdur. Qızılcadan ölüm nadir olsa da mümkündür. Əvvəllər də olub. Sadəcə o vaxt indiki kimi sosial şəbəkələrdə hər şey yazılmırdı. İndi 10 milyonluq əhalidə bir ölüm halı olan kimi bütün saytlar yazır deyə, insanlar həyəcan keçirir, uşaqlarına görə narahat olurlar. Ona görə də dəfələrlə çağırış etmişik ki, valideynlər şayiələrə inanıb uşaqları peyvənddən yayındırmasın.  Xəstəlik dövründə uşaqlara ciddi yanaşmalıdırlar. 14 gün ev şəraitində həkim nəzarəti ilə müalicə alınmalıdır. Xəstə uşağı çölə, sirkə... aparıb həm uşağı ağırlaşdırır, həm də xəstəliyi ətrafa yayırlar. Valideynlər yazılan müalicəyə diqqət etməlidirlər. Müalicəni olduğu kimi, deyilən müddətdə aparmalıdırlar. Yarımçıq müalicəni kəsməməlidirlər. Məsləhəti və müalicəni həkimdən soruşmalıdırlar, qohumdan, qonşudan, analar qrupunda olan insanlardan yox.
Qızılca ilə bağlı artıq valideynlərdə ciddi narahatlıq yaranıb deyə, uşaqda səpki yaranan kimi, valideynlər, qohum-əqrəba panikaya düşür, qızılca hesab edirlər və həkimə səpkinin şəklini göndərərək qızılca olub olmamağını soruşurlar. Əgər uşaq qızılca xəstəliyinə yoluxubsa, panikaya düşmək lazım deyil, mütləq həkimə müraciət edin. Müalicə həkim tərəfindən aparılmalıdır. Uşağın ayağının altına yumurta bağlamaq, 40 gün otaqda tək saxlamaq, divarlara qırmızı parçalar asmaq lazım deyil. Müvafiq müalicə ilə tədricən sağalacaq”.
  Qızılcanın kəskin yoluxucu virus xəstəliyi olduğunu xatırladan pediatr deyib ki, bu xəstəliyə yoluxma bütün yaş dövrlərində rast gəlinir, 5 yaşa qədər olan uşaqlar arasında daha tez-tez müşahidə olunur: “Qızılca etapla başlayır, bədənin yuxarı hissəsindən tədricən 1-3 günə aşağı ətraflara tərəf yayılır. Səpkidən bir neçə gün öncə uşaqda temperatur, zökəm əlamətləri, gözün şişkinliyi, qızarması olur.  Səpkilər ləkə şəklində meydana gəlir və mərhələli olaraq əvvəlcə üzə və döş qəfəsinin yuxarı hissəsinə, ikinci gün bütün gövdəyə və qollara, 3-cü gün isə bütün bədən səthinə yayılır. Bəzən qızılca xəstəliyi çox ciddi ağırlaşmalara səbəb olur: Məsələn, pnevmoniya, ensefalit, korluq, hətta ölümlə nəticələnə bilər.
  Xəstəliyin qarşısının alınmasının və ağır fəsadlarından qorunmağın əsas yolu qızılca xəstəliyinə qarşı istifadə olunan peyvənddir. Peyvənd olunmuş uşaq bu xəstəliyi ya keçirmir, ya da çox yüngül keçirir. Uşaqlar üçün vitaminlə zəngin qida qızılca fəsadlarını 50 faiz azaltmaq qabiliyyətinə malikdir. Uşaqlar milli peyvənd təqviminə uyğun peyvənd olunmaqla qızılca virusuna yoluxmadan və ağırlaşmalardan qoruna bilər. Uşaqlar qızılca xəstəliyinin profilaktikası üçün 2 nutriyentə ehtiyac duyur: A vitamini və Sink.
  Uşaqlar A vitaminini vitamin kompleksi şəklində içə bilərlər. Tək A vitamin dərman şəklində cəmi 2 gün təyin edilir. 2 gündən çox içilərsə, fəsad yaradar. Qida mənbələrindən A vitamini ilə zəngin qidalar: heyvan mənşəli qidalar; xüsusilə qaraciyər; ət; balıq; yumurta; süd; tünd yaşıl, sarı və qırmızı tərəvəzlər; ispanaq qəbulu tövsiyə edilir. A vitamini yağda həll olunan vitamindir. Odur ki, A vitamini ilə zəngin qidaları qəbul edərkən zeytun və kərə yağı əlavə edilməlidir.

Sink isə gündəlik rasionda: mal əti; lobya; badam kimi qidalarda var”.

BİA.az

скачать dle 12.1