Bia.Az

"Dövlət qurumları özlərinin nəhəng məlumat bazalarını “Açıq Məlumatlar Portalı”na inteqrasiya etmirlər”

Cəmiyyət
 18-01-2024, 17:33     252

Dövlət-vətəndaş münasibətləri çox şəffaf olmalıdır. Tərəflər bir-birindən vacib məlumatları gizlətmək ehtiyacı hiss etməməlidir. Adətən, dövlət orqanları bu məsələyə həssas yanaşmır. Vətəndaşın baza məlumatlarına çıxışı məhdud olur. Halbuki yaxın coğrafiyada başqa yanaşma görürük.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda dövlətə məxsus datalar xüsusilə tədqiqatlar üçün əlçatan deyil. Ayrı-ayrı istiqamətlərdə statistika göstəriciləri əldə etmək, araşdırma aparmaq müşkül məsələdir. Ola bilər ki, məsələ təkcə məlumatları gizlətmək deyil, əslində, ortada heç bir iş yoxdur. Amma hazır dataların əlçatan olmaması da sirr deyil.
“Hökumətlər öz əlində olan datanı biznes üçün, İKT şirkətlər və startaplar üçün, universitetlər və tədqiqat institutları üçün əlçatan edir. Maraqlı tərəflər bu datalar əsasında öz fəaliyyət istiqamətləri üzrə modellər, süni intellekt həlləri yaradırlar. Təəssüf ki, hələlik bizdə açıq məlumat bazaları yox dərəcədədir. Dövlət qurumları özlərinin nəhəng məlumat bazalarını “Açıq Məlumatlar Portalı”na inteqrasiya etməkdə maraqlı deyillər”, - Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz belə deyir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi keçən ilin əvvəllərində Açıq Məlumat Portalını təqdim edib. Guya layihə ölkədə olan açıq məlumatları vahid bir platformada toplayaraq onların müxtəlif formatlarda təqdim edilməsini həyata keçirir. Təqdimatda deyilirdi ki, “Açıq Məlumatlar Portalı” dövlət qurumları və vətəndaşlar arasında olan qarşılıqlı əlaqələrin, şəffaflığın artırılmasına müsbət töhfəsini verəcək. Hanı? Portal indi çox baxımsız vəziyyətdədir. Agentlik təqdimatını keçirdiyi layihəyə düz-əməlli əhəmiyyət vermir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə konseptual sənəd hazırlanması istiqamətində addım atdığı bildirilirdi. Amma yenə ortada bir şey yoxdur.
Osman Gündüz Açıq Məlumat Bazaları haqqında qanun layihəsi hazırlanmasının vacibliyini dilə gətirir: “Düşünürəm ki, ölkəmizin startap ekosisteminin indiki durumunda hansısa beynəlxalq platformadakı xırda bir uğuru ifrat dərəcədə qabartmaqdansa, böhrandan birgə çıxış yolları axtarmaq daha məqbul olardı. Real vəziyyət elədir ki, dövlət qurumları öz datalarına kimisə yaxın buraxmaq və paylaşmaq istəmir, yaxud da özləri onun üzərində biznes qurublar. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi hələlik bu sahədə dönüş yarada bilməyib. Ehtiyac var ki, əlaqəli qurumlarla birgə dövlətə məxsus datalara maraqlı tərəflər üçün əlçatanlıq yaradılsın”.скачать dle 12.1