Bia.Az

Vətənpərvərlik hekayəti kimi oxunan memuar - Bayram Məmmədov yazır

Cəmiyyət
 11-01-2024, 19:38     311

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Səməd Vurğunun kəlamıdır Deyilən söz yadigardır. Söz həm də kitab formatında yaşadılır; kitab kiçik tarixdən böyük tarixə yadigardır. "Kitabi-Dədə Qorqud" da belə tarixləşib, bu sənət-ədəbiyyat-tarix möcüzəsinin işığından rişələnən minlərlə kitablar da. Onların əksəriyyəti tarixin sözlə ifadəsidir, tarixə tarixi fərdi hesabatdır. Gerçəkliyi tarixləşdirdiyinə görə, olmuşları yaşatdığına görə, sözdə tarixə, tarixdə (hadisələrdə) sözə inam aşıladığına görə belə kitablar oxucunun düşüncələrinin də, könlünün də həmdəmi olur. İstefada olan polkovnik Mehman Hacalıyevin "Gördük-lərim, bildiklərim, eşitdiklərim" kitabı memuar-xatirədir. Olmuşlar xatırlanır, xatırlananlar böyük tarixin zərrəsi kimi tarixləşir. Bu kitab tarixi kitab deyil, tarix haqqında kitabdır, müəllifi yazıçı deyil, kitab bədii təfəkkürün işığıyla yazıldığı üçün yüksək bədii fikirlərin əsəri kimi oxunur.
Memuarlara xas çalarlardan öyrənilir ki, müəllif Azərbaycan Politexnuk İnstitutunun məzunudur, inşaatçıdır. Sovet ordusunun tərkibində Əfqanıstanda da xidmət edib. Bu illər istər tarixdə, istərsə də ədəbiyyatda müxtəlif mövqelərdən təqdim edilib, indi də belədir. Polkovnik M.Hacalıyev yaşadıqlarını yazıb, gördüklərini yazıb. Bu baxım-dan bunları tarixi gerçəklik hesab edə bilərik.
"Hafizulla Əmirinin sarayının həyətindəki qarajda 8 ədəd bahalı maşın var idi. Hamısını oğurlayıb SSRİ-yə qaçırdılar. Sarayla üzbəüz dağın başında Hafizulla Əmirinin istirahət yeri və restoranı darmadağın edilmişdi. Orada 40 litrlik antik bir samovar var idi. Onu da oğurlamışdılar..." (səh. 17). Əfqanıstan gerçəkliyidi, tarixi kitablarda deyil, belə kitablarda etiraf olunur. Zamanında dünyaya "Siyasi-ideoloji örnəyi məndən götürün" deyən xalqlar həbsxanası - SSRİ belə dövlət imiş! Bu, bir hərbçinin müşahidə etdiyi və sözgəlişi yazdığı gerçəklikdir, yüzlərlə, minlərlə belə müəlliflərin yazdığı, dediyi faktlar SSRİ-nin tarixi dövlətlətlərə münasibətdə siyasi (və iqtisadi!) tamahını düsturlaşdırmırmı?..
SSRİ-nin Əfqanıstana gedişi haqqında heç bir fikir səsləndirməyən müəllif haqlıdır, belə siyasi vəziyyəti təhlilə cəlb etməyi nə özünə, nə də qələminə (əsərinə!) rəva görüb. Ancaq Əfqanıstan gerçəkliklərini yazmaqdan da çəkinməyib (bu da azərbaycançılıq xarakteri-dir!). M.Hacalıyev "Salanq aşırımı"ndan da yazıb, tərcüməçi Həsrətdən də, marşal V.N.Çuykovun spirtli içkiyə meyilli qardaşı oğlu baş leytenant Vladimir Çuykovdan da. Əfqanıstanda bir qrup əsgər çayın o biri sahilindəki kəndin kənarındakı evin azyaşlı qızını zorlayıb, sonra öldürmüşdülər. Əsgərlərin sırasında iki azərbaycanlı əsgər onlara mane olmağa çalışıb (!- B.M.). Kəndin sakinləri kəndi tərk edərək şürəvilərə düşmən kəsilmişdilər, qisas almaq üçün briqadaya hücum etmişdilər, yüzlərlə hərbi qulluqçu öldürülmüşdü. Tribunal o iki azərbaycanlı əsgərdən savayı, alanların hamısını ölüm cəzasına məhkum etmişdi... səh. 20-21).
Hadisəyə təəssüf də hiss ediləndi, azərbaycanlı əsgərlərin mənəviyyatına sevgi də, bu mənəviyyata görə yad torpağında azərbaycançılığı yaşatdığına görə o əsgərlərə ruhən minnətdarlığın doğmalığı da...
"Gördüklərim, bildiklərim, eşitdiklərim" kitabı 1953-cü il yanvarın 10-da Ağsu rayonunda anadan olmuş M.Hacalıyevin hərbçi tərcümeyi-halıdır; ali təhsil alandan sonra hərbi xidmətə çağırılıb, 1975-ci ildən 2010-cu ilə kimi müxtəlif vəzifələrdə xidmət edib. Əsasən mənzil-istismar xidmətində. Bu sahə üzrə kadr olaraq Əfqanıstanda xidmət edəndə püxtələşib. Rus ordusunun tərkibində xidmət edən azərbaycanlı zabitin yeganə himayədarı qabiliyyəti, dürüstlüyü, mərdliyi olub. Çox yüksək rütbəli zabitlərin də haqsız iradlarını qəbul etməyən, bu iradlara etirazını bildirən gənc zabit üçün bir atalar sözü həmişə düşüncələrinin işığı olub: Polad sınar, əyilməz. M.Hacalıyev sınmadı da, əyilmədi də. Azərbaycana bu xarakteri ilə qayıtdı, Azərbaycanda xidmətə bu xarakteri ilə başladı. 1982-ci ildə...
M.Hacalıyev Zaqafqaziya Hərbi dairəsinin Mənzil İstismar idarəsində Azərbaycan üzrə mühəndis-müfəttiş, 1985-ci ildə Salyan rayonu Mənzil İstismar Hissəsində baş mühəndis vəzifələrində xidmət edib. Zəmanəti: Əfqanıstanda iki il ərzində hərbi xidməti, yüksək rütbəli zabitlərin verdiyi xidməti xasiyyətnamələr olub ("Sən balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər". Mehman Sadıq oğlunun necə zabit, necə insan olduğunu Xaliq də dəyrələndirirdi, bəndələr də...).
Zəngilan ərazi özünümüdafiə taborunun komandiri idim. Ermənilərin ərazilərimizə həmlələrinin, hücumlarının qarşısını alırdıq. Belə bir vaxtda müdafiəni gücləndirmək, müdafiə sistemini daha etibarlı səviyyədə təşkil etmək üçün Müdafiə Nazirliyindən sərhəd rayonlara zabitlər göndərilmişdi. Polkovnik M.Hacalıyev 1991-ci il noyabrın 11-dən 14-dək Zəngilan və Qubadlı rayonlarına təhkim edilmişdi. Tanışlıq da, tanışlığın davamı kimi səmimiyyət də qarşılıqlı etimadın başlanğıcı oldu. Ermənistanla sərhəd əraziləri diqqətlə nəzərdən keçirir, mövqeləri hərbi şəraitə görə özlüyündə təhlil edir, postların yerini müdafiə nəzəriyyəsinin tələblərinə görə dəyişdirirdi. Həm də niyə dəyişdiyini, hansı üstünlüklərə görə dəyişdirildiyini də izah edirdi. Bu izah döyüş növbətçiliyi aparacaq döyüşçülərə müdafiə haqqında əlavə bilgi vermək təşəbbüsü idi. Bu prosesdə polkovnik M.Hacaliyevin Zəngilanın müdafiəsinin timsalında Azərbaycanın müdafiəsinə qayğısını duydum. Döyüşçülər bu pro-sesin hərbi dəyərini də başa düşmüşdü, polkovnikin müdafiənin möhkəmləndirilməsinə səmimi köməyini də. Bu səmimi kömək döyüşçülərin mənəvi-psixoloji hazırlığında da mühüm yüksəliş yaratdı...
Polkovnik M.Hacalıyev sonralar da Zəngilanın müdafiəsi ilə yaxından maraqlanırdı...
Orduda bütün vacib təsisatlar mövcud deyilsə, bu ordu güclü ordu ola bilməz. Polkovnik M.Hacalıyev sabiq SSRİ ordusunun quruluşunu xatırlamışdı, Azərbaycan Ordusunda da gərəkli xidmətlərin olmasını gərəkli bilmişdi. 1992-ci ildə mənzil-istismar xidmətinin də yaradılmasına təşəbbüs göstərmişdi, ordu quruculuğunda əhəmiyyətini əsaslandırmışdı. Təşəbbüs bəyənilmişdi, 1992-ci il fevralın 2-də polkovnik M.Hacalıyev Mənzil İstismar İdarəsinin rəisi təyin edilmişdi. Əfqanıstanda da, SSRİ-də də bu xidmət üzrə kifayət qədər təcrübəyə, nəzəri biliyə malik olduğuna görə Azərbycan Ordusunda bu yeni xidmət ordu quruculuğunun tərkib hissələrindən biri oldu...
"Gördüklərim, bildiklərim, eşitdiklərim" kitabında yaşanılmış gərgin günlərdən, hadisələrdən də söz açılır ki, bunlar da ordunun nizami ordu kimi formalaşmasının çətinliklərinin tarixidir.
Kitabda 1992-ci ilin siyasi mənzərəsi dəqiqliklə təsvir edilib. Separatçılığın necə həyata keçirilməsi mexanizminə cəhd də göstərilib. Bunların qarşısı təkcə xidməti vəzifələrin yerinə yetirilməsi ilə alına bilməzdi, qətiyyət, cəsarət, düzgün qərar qəbul etmə və bir də yüksək vətənpərvərlik də gərəkli olurdu. Polkovnik M.Hacalıyevin memuar-xatirə kitabında bu dövr bədii formatda da səviyyəli verilib, tarixi sənədliliyin tələblərinə də cavab verir.
Müəllif 1992-ci ilin aprelini xatırlayır: Qusarda alayın komandiri polkovnik M.Hacalıyevə bildirib ki, "sadvalçıların" alayı ələ keçirmək qorxusu var. Müəllif bu hadisəni də, hadisənin sonluğunu da kriminal üslubda, yüksək bədii səviyyədə  məharətlə təsvir edə bilib.
Bazar günü olduğuna görə Qarabulaqda çoxlu adam olduğunu qeyd edən müəllif yazır: "Böyük əksəriyyəti cavanlar idi. Öz aralarında ləzgi dilində danışırdılar. Mənimlə gedən sürücü Xızıdan, Rafiq isə Qubadan idi, ləzgi dilini başa düşürdü. Heç on beş dəqiqə oturmamışdıq ki, Rafiq mənə müraciət etdi: "Rəis, Dağıstandan, Qasımkənd və Məhərrəmkənddən olan sadvalçılardır. Aralarında alayı zəbt etməyi müzakirə edirlər. Hətta deyirlər ki, bu gün zibildaşıyan maşın hərbi hissədən zibilin içərisində avtomat silahlar çıxardıb..."
Polkovnik M.Hacalıyev vətəndaş kimi, zabit kimi bu fakta qətiyyən biganə qala bilməzdi. Bakıya qayıdaraq vəziyyət haqda Müdafiə Nazirliyinə məruzə edir...
Müxtəlif siyasi, müəyyən mənada, hərbi tədbirlər görülür.
"...Əsgər yeməkxanasında səhər yeməyinin hazılanmasına başladılar. Səhər açılanda hərbi hissəyə gələn gizirlər gözlərinə inanmadı. Girişdə nəzarət-buraxılış məntəqəsinin üzərində Azərbaycan bayrağı dalğalanırdı. Divardakı lövhədə isə "888 saylı hərbi hissə" yazılmışdı. Sadvalçılar şoka düşmüşdülər..."
"...sadvalçıların hərbi şəhərciyi ələ keçirmə səyləri və planı boşa çıxdı..." (səh. 136-142).
Azərbaycanda siyasi vəziyyətin hansı regionlarda, necə gərginləşməsi haqda hüquq-mühafizə orqanları, güc strukturları, bir də hakimiyyət bilirdi. Bu kimi faktların ictimailəşdirilməsi dövlətin də, xalqın da tarixidir və polkovnik M.Hacalıyev bu tarixin vətəndaş təəssübkeşliyi ilə yaddaşlara (və deməli, tarixə!) yazılmasının icraçılarından biri olub...
Polkovnik M.Hacalıyev Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin fəaliyyətini ordu quruculuğunun mühüm tərkib hissələrindən birinə çevirmişdi. Mənzil fondunun hərbi qulluqçulara qanuna müvafiq verilməsi mexanizmi tənzimlənmişdi. Yüzlərlə hərbi qulluqçu mənzillə təmin edilmişdi, edilirdi, ediləcəkdi...
Bu sahənin mükəmməl mütəxəssisi polkovnik M.Hacalıyev1993-cü il avqustun 25-də Mənzil İstismar İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıldı. 2000-ci ilin avqustunda yenidən bu İdarənin rəisi təyin edildi. İdarə yenidən əvvəlki fəaliyyətinin davamına başladı.
Mənzil İstismar İdarəsi qısa vaxtda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bütün hərbi şəhərciklərinin inkişaf baş planını hazırladı, yeni layihələr əsasında Gəncədə, Qusarda, Kürdəmirdə hərbi aerodromun ərazisində yeni tipli hərbi şəhərciklər inşa edildi. Neçə-neçə hərbi hissə yenidən quruldu, əsaslı təmir edildi. Bunlar ordu quruculuğunun bir mərhələsi kimi tarixləşib. Polkovnik M.Hacalıyevin "Gördüklərim, bildiklərim, eşitdiklərim" kitabı bu tarixin söz yaddaşıdır. İdarə həm də qədim tariximizin mühafizəsinin cəfakeşi olub - Azərbaycan hərb tarixinin qədimliyini eksponatlarda yaşadası muzey üçün bina əsaslı təmir edildi, həm də son dərəcədə zövqlə, milli-xüsusiyyətlər nəzərə alınmaqla: "...Salyan kazarmasında tarixi binalardan birində və ətraf ərazidə yenidənqurma, təmir-tikinti və abadlaşdırma işləri apardıqdan sonra Hərb Tarixi Muzeyini istifadəyə verdik. Eyni zamanda, tarixi binalardan birində Müdafiə Nazirliyinin kitabxanasını yaratdıq..." (səh. 203). Bu qürur dövlətə, orduya xidmətin qürurudur. Xatırlayıram: Müdafiə nazirinin sabiq müavini, general-leytenant Çingiz Məmmədov muzeyin istifadəyə verilməsini ordu quruculuğuna böyük xidmət adlandırmışdı. Bu kitab belə qürurları da yaşatdığı, tarixləşdirdiyi üçün dəyərli kitabdır...
...Hər kitab tarixin zərrəsi ola bilmir. Tarixin zərrəsi olan kitabları xalqın xəzinəsinin eksponatı adlandıra bilərik. İstefada olan polkovnik Mehman Hacalıyevin "Gördüklərim, bildiklərim, eşitdiklərim" kitabını belə oxudum, oxucularının hamısı da belə oxuyacaq...
"Gördüklərim, bildiklərim, eşitdiklərim" kitabını müəllifin tarixə tarix haqqında hesabatı bilirəm..скачать dle 12.1