Bia.Az

Dəli Bayram

Cəmiyyət
 7-01-2024, 19:05     216

"Tək-tək adamlar dünyanı hay-küylə, nəsillər isə səssizcə tərk edirlər" - Vaqif Bayatlı Odər

Pandemiya vaxtı üzərimizə dolu kimi, ya da lap güllə kimi yağan ölüm xəbərlərinə bir status yazmışdım: "İndi gedən ayağının ucunda, səssizcə çıxıb gedir... yatanlar oyanmasın", -demişdim.
Amma hamı "oyanıb", həm də tərs ayağı üstündən qalxıb.
Həyatlarını səssiz-küysüz yaşayanların da ölümü səs-küylüdür artıq.
Əcəl zənginin səsi ölüm xəbərçiliyinin küyündə eşidilməz olur.
Adamları, deyəsən, artıq insanların həyatı deyil, ölümü daha çox maraqlandırır. Üstəlik də yalan-doğru ağlaşma səsi medianı, sosial şəbəkəni başına götürüb.
Bir zaman şair xalq idik, indi isə, az qala dönüb olmuşuq mərsiyəçi, rövzəxan camaat. Aramızda "ictimai mürdəşirliyə" həvəslilər də tapılır, nə yazıq ki...
Ölüm xəbərçiliyinin mikroindustriyasını qurmuşuq. Bir azca empatiya qumağa çalışım.
Bəlkə insanların xoşbəxtliyindən yazmağa bir şey tapmayanda bədbəxtliyini informasiya əmtəəsinə çevirib satırıq. Arada saxtası da olur; yol-yordan yoxsulluğunun doğurduğu qaraxəbərçi dezinformasiya. Bax, bu "dezinformasiya" dediyimiz hər nədirsə, ictimai etikanın, toplum əxlaqının, kollektiv vicdanın deformasiyasından əmələ gəlir.
Məni qorxudan bir meyl var; ictimai rəyi çoxdan itirmişik deyə, artıq, deyəsən, yavaş-yavaş ortaq ağlımızı da itiririk.
...Uşaqlıq və yeniyetməlik illərimdə Füzuli şəhərində "Dəli Bayram" deyilən bir adam görmüşdüm. Bütün gün bazarın, vağzalın, raykomun, mədəniyyət evinin, dram teatrının, redaksiyanın qabağında veyllənirdi. "Çərəkən"in qırağından tutmuş Qala yoluna, Ağdam döngəsinə qədər,"Çənlibel"dən Xanlar küçəsinədək, universamdan Cin qobuyacan, Məngələnata ətəklərindən Quruçay boyuna kimi hər yerdə məqsədsiz-məramsız dolaşar, qarşısına çıxan hər kəsə qara xəbər verərdi. Gözləri hədəqəsindən çıxardı, ağzının qıraqlarına köpük yığılardı. Öz-özünə danışa-danışa yol ölçər, elə hey qəhqəhə çəkib səbəbsiz gülərdi.
Cındırından cin hürkən bu qapqara,  çəlimsiz bədbəxti tez-tez ya
xırdavat dükanlarının qarşısında, ya toxuculuq sexinin həndəvərində, ya da mərkəzdəki tikiş kombinatının ətrafında görərdin. Hərdən dilənçi Rəfiqənin yanında elə onun kimi bardaş qurub oturardı, ya İşıqlının enişinə tərəf yellənərdi, ya da üzü qərbə doğru diki aşıb molokanların qəsəbəsində yorğun-yorğun ayaqlarını sürüyərdi.
Əlinə keçən corab, paltar, sap, ayaqqabı, kibrit... etiketlərini, cürbəcür konfet kağızlarını, kino biletlərini, hind artistlərinin yapışqanlı xırda şəkillərini, poçt markalarını-filan üzünə, alnına, qollarına yapışdırıb ortada hərlənirdi.
Bir də gördün, yolda, küçədə, meydanda birinin yanından keçərkən: "Öldü, öldü!  Filan məhlədə filankəs öldü" deyə qışqırıb adamın bağrını yarardı.
Hətta uzaq kəndlərdə belə dünyasını dəyişən adamlar haqqında qara xəbəri sağa-sola səpə-səpə aşağı-yuxarı dolaşardı.
Dəli Bayram bu xəbərləri hardan alırdı?! İndiyə qədər də hamıya sirr qalıb.
Vaxt keçdi, dövran dəyişdi. Müharibə başladı. Artıq insanlar tək-tək yox, dəstə-dəstə gedirdi dünyadan.
O arada Dəli Bayram özü də öldü; qalsaydı, yaşasaydı da belə, bu qədər qara xəbəri küçədə-bacada camaata çatdırmağa gücü çatmazdı.
Bayramı, görünür ki, başqalarının tək-tək ölümü... yaşadırmış. Bu balaca əyalət şəhərində istənilən birinin ölümü o naçar dəli üçün əsl bayram idi; hər küçəni, tini-bucağı ovcunun içi kimi tanıyırdı, kim kimin evinə girib-çıxır, görürdü, bilirdi. Harda yas çadırı qurulsa, ehsan qazanı qaynasa, Dəli Bayram özünü ora verər, qayışın altını bərkidib, havayıdan xoşbəxt olardı. Kiminsə həyatda yoxluğu Dəli Bayramın qarın toxluğu demək idi...
Elə bir gün gəlib çatdı ki, qara xəbərlər artıq hər evin qapısını özü döyür, Bayramsız da hamıya anında yetişirdi.
Əsir, girov düşənlər, cəsədi düşmənin əlinə keçənlər,  ən "yaxşı" halda "neytralda" qalanlar da az deyildi. Öldüsü-qaldısı bilinmirdi çoxunun. Həm düşmən tərəfdə, həm biz tərəfdə cəsəd dəyişdirənlər, girovu pula, benzinə satanlar, meyit alverçiləri "hörmətli" adamlara çevrilirdi yavaş-yavaş. Çox adamın işi onlardan keçirdi, ya da, nə bilmək olar, bəlkə nə vaxtsa keçəcəkdi...
Bax, o zaman bir yox, lap yüz dəli Bayram olsaydı, bu qədər qara xəbəri dəqiqləşdirə də bilməzdi, yaya da bilməzdi.
Dünya ağlını itirəndə Dəli Bayram hamıya ağıllı görünmüşdü. Dəli Bayram özü isə, görünür, ağıllı yaşamağı bacarmazdı; bir gün ölüb haqqın rəhmətinə qovuşdu (özündən xeyli sonra  bir vaxt dolaşdığı küçə-bazar da - o şəhər də büsbütün, yerli-dibli "yoxa çıxdı"...)
Heç kimsə bilmədi Bayram nədən öldü və nədən?! Başqalarının ölüm xəbəri ilə maraqlanan adamın öz ölümü heç kimsəni maraqlandırmadı da. Səs-küylü yaşadı (əgər bu yaşamaqdısa), bir gün isə səssizcə çıxıb getdi.
...Hamıya elə gəlmişdi ki, daha Dəli Bayrama ehtiyac qalmayıb. Hamı sözləşibmiş kimi qəfildən və dərindən unutdu o biçarə qaraxəbərçini.
Özünün yaratdığı küyün içində öz ölümünün səsi də eşidilməz oldu Dəli Bayramın...
Bahəddin Həzi 

Bahəddin Həzi, 
Bizimyol.infoскачать dle 12.1