Bia.Az

"Təhsildəki səhv strategiya qəbul imtahanı keçid balı, PISA nəticəsi və universitet reytinqində özünü göstərdi"

Cəmiyyət
 7-01-2024, 14:35     124

Əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də təhsildəki gözləntilərimiz özünü doğrultmadı. Çünki, Elm və Təhsil Nazirliyi (ETN) ölkə təhsilində olan real vəziyyətin diaqnozunu hələ də düzgün təyin edə bilməyib. Bu səbəbdən də real fəaliyyət planları yoxdur. Hərçənd, nazir deyirdi ki, “biz nə etmək lazım olduğunu bilirik, amma necə etmək lazım olduğunu bilmirik”. Amma proseslər göstərir ki, belə deyil, onlar nə edəcəklərini və necə edəcəklərini aydın bilmirlər. Sadəcə vəziyyətin ağır olmasını dərk edirlər, amma dəyişiklik etməyə real potensialları yoxdur".

Bu barədə Bizimyol.info xəbər portalına təhsil eksperti İlham Əhmədov danışıb. Ekspert bildirib ki, bu komandanın təhsildəki problemləri təhlil edən və həll yollarını təqdim edən səviyyəli beyin mərkəzlərinə ehtiyacları var. Çünki, bu sahə onlara tamamilə yaddır. Belə beyin mərkəzləri bu illər ərzində yaradılmadı, az-çox potensialı olan ARTİ isə son 8 ildə iflic hala salındı.
Təhsil eksperti İlham Əhmədov İlham Əhmədov“Bir çox sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əsas resurs insan kapitalıdır. Rəhbərlikdə bu sahəni mükəmməl bilən, müvafiq beynəlxalq təcrübəni bilən kadrlara kəskin ehtiyac var. İstənilən sahədə mütəxəssislə qeyri-mütəxəssis arasındakı fərq var, biz mühəndisə tibbi əməliyyatı etibar edə bilmədiyimiz kimi pedaqoji təhsili və stajı olmayanlara da təhsil kimi mürəkkəb və dinamik sahənin idarəsini etibar etmək olmaz.
Təhsil sistemində son illər istənilən adamı regionlarda və nazirlikdə istənilən mühüm posta tərəddüd etmədən təyin edirdilər. Bu da təbii ki, ağır vəziyyətdə olan təhsili daha da pis duruma saldı. Son illər Elm və Təhsil Nazirliyinin əməkdaşlarından, rəhbərlərindən sağlam təklif və təşəbbüslər görmədik. Nazir öz fəaliyyətinin ilk illərində müəyyən pozitiv bəyanatlar verirdi: "mənə problemlərdən danışın, mənə elmə əsaslanan təkliflər verin" və s. Amma bu illər ərzində verilən heç bir təklif Elm və Təhsil Nazirliyi tərəfindən nəzərə alınmadı. Onda belə bəyanatların verilməsinə nə ehtiyac vardı? Şəxsən mən hər il 100-dən artıq məqalə yazırdım və eyni zamanda təkliflər verirdim ki, onlara istiqamət olsun. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Amma onlar bütün təkliflərə biganə qaldılar, özlərinin isə heç bir ideyası yox idi”-deyə ekspert əlavə edib.
İlham Əhmədovun sözlərinə görə, bütün bu səbəblərdən bu il universitetlərə qəbul imtahanlarında keçid balı daha da aşağı düşdü və PISA beynəlxalq qiymətləndirməsində nəticələr pis oldu. Bununla yanaşı, universitetlərin reytinqlərində inkişaf olmadı.
"Bu il bütün bu problemləri müxtəlif məqalə və müsahibələrimdə ətraflı şərh etdiyim üçün detallara varmıram"-deyən ekspert bildirib ki, Elm və Təhsil Nazirliyi iş görüntüsü yaratmaq üçün davamlı olaraq forum, konfrans, təqdimat, müsabiqə və s. kütləvi tədbirlər və piar kampaniyası aparsa da, bər-bəzəkli hesabatlar hazırlansa da, bütün bu işlərə külli miqdarda vəsait xərclənsə də, təhsilin real durumuna heç bir təsiri olmur, çünki, prioritetlər düz təyin edilməyib, işlək elm və təhsil siyasəti ortalıqda yoxdur.
“Nazirin bəyanatı göstərir ki, təhsildəki səhv maliyyələşmə siyasətini indi də elm sektorunda tətbiq etmək istəyirlər. Yeganə müsbət və yaddaqalan hadisə Qarabağ Universitetinin yaradılması təşəbbüsüdür. Amma bu universitet də digər universitetlərin səviyyəsində olacaqsa, çox təəssüf. Mövcud komandadan başqa nəticə də gözləmirəm”-deyə ekspert təhsildə bu ilə qədər olan dəyişikliklər, çatışmazlıqlar və üstünlüklərdən danışarkən qeyd edib.скачать dle 12.1