Bia.Az

Ermənistan sülh istəmir - bir halda mümkündür ki...

Cəmiyyət
 16-05-2023, 13:46     199

May toqquşmaları da sübut etdi ki, İrəvan sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə davam edir - ekspertlərin rəyi

Ermənistan sülh əleyhinədir. May toqquşmaları da bunu sübut etdi. Məhz Brüssel masası ərəfəsində sərhəddə münaqişə yaratması İrəvanın sülhə qarşı çıxdığını göstərir. Ona görə Ermənistan sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə davam edir. Əgər rəsmi İrəvan Brüsseldə sülh danışıqlarında irəliləyişdə həvəsli olsaydı, Zod istiqamətində təxribatlara əl atmazdı.
Odur ki, Ermənistana “Brüssel döyüşləri” lazım idi. Bundan sonra bu ölkədən sülh gözləməyə dəyməz. Çünki hər sülh danışıqları ərəfəsində Ermənistan prosesi pozur. Bu dəfə də Brüssel görüşlərinə zərbə vurdu. Ermənistan lideri Nikol Paşinyan Rusiyanın “çörəyinə yağ sürtən” Zod   istiqamətində təxribatlarla bir daha təsdiqlədi ki, həm sülh istəmir, həm də iki stulda oturur. Bu riyakar siyasət isə onu bir gün strateji seçim etmək məcburiyyətində qoyacaq: ya Qərb, ya Rusiya, ya sülh, ya müharibə...
Prezident İlham Əliyev də son çıxışlarında bəyan edib ki, Ermənistan sülh prosesini ləngidir. Ölkə başçısı İrəvana eşitdirdi ki, əgər Ermənistan sülh istəmirsə, olmayacaq! Çünki sülh müqaviləsi imzalamayan başqa ölkələr də var. Lakin sülh əleyhinə olması Ermənistana fayda verməyəcək. Nəhayətdə itirən yenə erməni xalqı olacaq. Çünki sülh erməni hərbçilərin ölməməsi deməkdir, iqtisadi artım deməkdir, Türkiyə ilə sərhədlərin açılması deməkdir, Avropaya çıxış deməkdir. Bunu Paşinyan və komandası yaxşı anlayır, amma yenə də sülh danışıqlarını pozur. O zaman bölgədə davamlı sülh əleyhinə təxribatlar, cinayətlər törədən Ermənistan necə məcbur edilə bilər? Azərbaycanın sülhə məcburetmə əməliyyatı nədən ibarət olmalıdır?
Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, mayın 11-də baş verən hərbi təxribatların əsas səbəbi odur ki, Ermənistan mövcud vəziyyətdə sülh müqaviləsini imzalamaq istəmir: “İkinci məqam odur ki, Azərbaycanı Qərb dairələri, Avropa təsisatları qarşısında  çıxılmaz vəziyyətə salmaqla, baş verənləri bizim üzərimizə atmaqla sülh müqaviləsinin imzalanmamasının baiskarı kimi göstərmək istəyirlər”. Hərbi analitikin sözlərinə görə, danışıqlar Qərb ölkələrinin vasitəçiliyi ilə keçirilir: “Belə bir durum Rusiyanı qane etmir. Sülh istiqamətində aparılan danışıqları pozmaq üçün Rusiya Ermənistan hərbi dairələrindəki adamları vasitəsilə vəziyyəti gərginləşdirir”.
2023-cü ildə sülh müqaviləsinin imzalanmasını real hesab etməyən R.Məmmədli deyir ki, Azərbaycanın sülhə məcburetmə variantı isə başqa bir formatda həyata keçirilə bilər: “Qarabağdakı ermənilər 1 aydır ki, sakit durublar. Qarabağda Ermənistanın Müdafiə Nazirliyinə tabe olunan ümumqoşun ordusu yerləşir. Onun çıxarılmasını tələb etməklə Ermənistana təzyiq edib sülh sazişinin imzalanmasına nail ola bilərik. Əslində vəziyyət gərgindir. Azərbaycanın mövqeyi aydındır, Ermənistan isə qeyri-adekvat mövqe nümayiş etdirir. Belə olan halda atılacaq yeganə addım lokal hərbi əməliyyatların həyata keçirilməsi ola bilər. Yalnız bu halda Ermənistan sülhə məcbur edilə bilər”.
Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Ermənistanın adıçəkilən istiqamətdə cəmləşməsində başlıca məqsəd Zod mədənlərinə nəzarəti bərpa etməkdir. Onun fikrincə, rəsmi İrəvanın sülhlə bağlı verdiyi bəyanatların heç bir əsası yoxdur.
Siyasi şərhçi Asif Nərimanlı düşünür ki, İrəvan sülh istəmir, 30 illik uzatma taktikasından yenə istifadə edir: “Prosesi xeyirlərinə dəyişə biləcəklərini düşünürlər. Hərçənd Ermənistanı hərbi zərbələrlə də tərbiyə etməyin mümkün olmayacağı fikri hər keçən gün güclənir. Azərbaycan üçün iki yol qalır: danışıqlar masası davam etsə də, hədəflərinə praktiki addımlarla çatmaq və İrəvana qarşı siyasi-iqtisadi təcrid strategiyasını daha da genişləndirmək”.
Siyasi təhlilçi Turan Rzayev isə hesab edir ki,  budəfəki təxribat  müəyyən mənada gözlənilən idi: “Ermənistanın növbəti dəfə vəziyyəti gərginləşdirməsində iki başlıca məqsədi var: rəsmi İrəvan bununla ənənəvi olaraq Azərbaycanı hər hansı addımlar atmağa məcbur etmək və son nəticədə vəziyyəti gərginləşdirməkdə və ya təcavüzdə ittiham etmə istəyir”.

Hazırladı: Emil SALAMOĞLUскачать dle 12.1