Bia.Az

Uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılsa... - ABŞ nümunəsi Azərbaycan üçün də keçərlimi?

Cəmiyyət
 1-04-2023, 11:02     390

Psixoloq: “Qadağa tərbiyə üsulu deyil...”

ABŞ-ın Yuta ştatında yaşı 18-dən az olan uşaqlara axşam saat 22:30-dan səhər saat 6:30-a kimi sosial şəbəkələrdən istifadəni qadağan etmək istəyirlər. Lakin qadağanın 2024-cü ilin martında qüvvəyə minməsi gözlənilir. Həmçinin, yeni qanuna görə, valideynlər uşaqlarının sosial media hesablarına daxil olmaq imkanına sahib olmalıdırlar.
Bəs belə qadağalar effektli ola bilərmi?
Səhvlərimizi müzakirə edəcəyimiz doğmalarımız olmalıdır” – Psixoloq Rövşən  Nəcəfov | İctimai.Az
Rövşən Nəcəfov
Psixoloq Rövşən Nəcəfov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, uşaq və yeniyetmələrin tərbiyə üsulu kimi çərçivələr yaratmaq qanunla tənzimlənməlidir: “Qəbul olunan qanunlar da mütəxəssislər tərəfindən qiymətləndirilməlidir. Hər bir cəmiyyətin öz xüsusiyyəti və formalaşmış düşüncə tərzləri mövcuddur. Psixoloji meyarların adaptasiyası olmalıdır. Qadağa tərbiyə üsulu deyil. Qadağaların izahı nümunədir. Uşaq və yeniyetmələrə təqdim olunan müsbət nümunələr tərbiyəni psixoloji meyara çevirir. İndiki mobil telefonlar ”smart", yəni ağıllı məhsullardır. Ağıllı telefonların funksiyalarından biri odur ki, uşaq və yeniyetmənin yaş kateqoriyasına uyğun tənzimləmək olur".
Ekspert əlavə edib ki, hansısa qaydanın hazırlanması üçün onun psixoloji tərəfləri müəyyən edilməlidir: “Uşaq və yeniyetmələri rəqəmsal platformalardan ayırmaqla onlara nəyisə öyrətmiş olmuruq. Uşaq və yeniyetmələri gələcək zamana hazırlamaq lazımdır. Yəni onları gələcəkdən qoparmaq olmaz. Ola bilsin ki, cəmiyyətdə baş verən hansısa hadisə sərt qərarlar verməyə səbəb olur. Bəzən də qanun öz gücünü göstərməlidir. Cəmiyyətin müsbətə doğru dəyişməsi üçün qanunun aliliyi təbliğ olunmalıdır. Qanun mədəniyyəti formalaşdırmalıdır, mədəniyyət qanunu yox. Nümunə olmayan heç bir anlayış cəmiyyətə fayda verə bilməz”.
Qeyd edək ki, bir neçə il öncə beynəlxalq şirkət olan Kaspersky Lab  “Kaspersky Security Network’s Big Data” statistikasını açqlamışdı. Burada bildirilirdi ki, Azərbaycan uşaqlarının internet-fəallığının 75% -i ünsiyyət vasitələrinə düşür, onların da arasında sosial şəbəkələr üstünlük təşkil edir. Dünya üzrə orta göstərici isə bu yöndə 63% təşkil edir, yəni Azərbaycanın gənc sakinləri sosial şəbəkələrin fəal istifadəçilərindəndilər.
Ekspertlər sosial şəbəkə ilə bağlı bir neçə əsas təhlükəni qeyd edirlər. Məsələn, uşaqlar təsadüfən və ya məqsədli şəkildə “böyüklər” üçün nəzərdə tutulmuş səhifələrə daxil ola bilərlər. Söhbət təkcə erotika və pornoqrafiyadan getmir, burada narkotik, sui-qəsd, zorlama səhnələri və ya silah haqqında məlumat da ola bilər. Digər təhlükə isə sosial şəbəkələrdə uşaqların yad insanlarla ünsiyyəti əsasında ortaya çıxa bilir.
Araşdırma  göstərir ki, orta hesabla 14-16 yaşlı yeniyetmələr sosial şəbəkələrdə 47 dostundan yalnız 25-ni şəxsən tanıyır. Belə hallarda monitorun o biri başında oturan insanın uşaq və ya cinayətkar olmasına zəmanət yoxdur. Məsələni həssas edən amillərdən biri də odur ki, yeniyetmələr sosial şəbəkələrdə öz ünvanları, oxuduğu məktəbləri, olduğu yerləri göstərirlər: bunu 55% respondentlər etiraf ediblər. Bu tipli məlumatlar cinayətkara istədiyi halda onları real həyatda tapmağa imkan verir. Bundan başqa, son zamanlar uşaqlar sosial şəbəkələrdə kiberbullinqlə də rastlaşır.
Sosial şəbəkələrdə aktiv olan uşaqların həyatında nəyinsə baş verdiyini bilmək mümkündür. Belə ki, əhval-ruhiyyənin səbəbsiz dəyişməsi, rəqəmsal vasitə və sosial şəbəkələrin istifadə üslubunun dəyişməsi (uşaq gecə internetə daxil olmaq üçün oyanır), sosial şəbəkələrdə “dostlarının” kəskin artması və ya azalması, yaşca özündən çox böyük olan “dostlarının” peyda olması, uşağın səhifəsində təhqiramiz şəkil və ismarışların olması, sosial şəbəkələrdə səhifənin ləğv edilməsi. Qeyd etmək lazımdır ki, bu, tam siyahı deyil, amma əgər övladınızda bu əlamətlərdən hər hansı biri varsa, onun onlayn-həyatına mütləq diqqət etmək lazımdır.
 
Ədliyyə Nazirliyinin əməkdaşı Nuranə Kərimova isə mediaya açıqlamasında deyib ki, valideynlər  uşaqlarının sosial mediadan və internetdən istifadə edərkən diqqətli olmalarına və bu platformaların müsbət xüsusiyyətlərini mənimsəmələrinə kömək edə bilərlər: “Belə ki, ilk öncə sosial şəbəkə saytlarının uşaqlara təsirini araşdırmaq və onlara bunun müsbət və mənfi cəhətləri haqqında məlumat verməklə başlaya bilərlər. Daha sonra ailədə sosial media və internetdən istifadə qaydaları müəyyən edilməli, evdə ekransız ərazilər və onlayn davranışın normal olduğu mühit yaradılmalıdır. Uşaqların hansı saytlarda və nə qədər müddətə ola biləcəyinə dair konkret sərhədlər müəyyən edilməli, internetdən istifadə olunan məzmun və sosial mediadakı dostluqlar nəzarətdə saxlanılmalıdır. Uşaqlara onlayn şəbəkədə dostluq qurmaqdan daha vacib insanlarla real həyatda ünsiyyət qurmağın əhəmiyyəti izah edilməli, onlara real həyatda dostluq fəaliyyətlərdə daha çox vaxt keçirməyin vacibliyi öyrədilməlidir. İzah olunmalıdır ki, şəxsi məlumatlarını paylaşarkən diqqətli olmalı şəxsiyyətlərini müəyyənləşdirən məlumatları tanımadıqları insanlara verməməli, şəkillər göndərməməli və şəkil yerləşdirərkən mütləq ehtiyatlı olmalıdırlar. Davamlı olaraq sosial medianın uşaqlara pis təsiri haqqında məlumat vermək əvəzinə, onların digər maraqlarını və ya ehtiyaclarına diqqət edilməlidir. Bu təhsil, musiqi, idman və digər sosial fəaliyyət və ya virtual olmayan hər hansı məşğuliyyət ola bilər. Valideynlər onlara kifayət qədər azadlıq verməli, lakin onların onlayn vərdişlərindən xəbərdar olmalıdırlar”.скачать dle 12.1