Bia.Az

Lənkəran bazarında ölüm saçan vəziyyət – Ekspertdən xəbərdarlıq

Bölgə
 31-01-2024, 01:31     467

Lənkərandan yayılan görüntülər bir neçə gündür müzakirə edilir. Həmin kadrlarda şəhərdə fəaliyyət göstərən bazarın acınacaqlı halda olduğu, antisanitariya vəziyyətində qida məhsullarının satıldığı görünür.

Yayılan görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çoxları yaranmış vəziyyətə görə aidiyyəti dövlət qurumlarını günahlandırır. Adıçəkilən qurumların içində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də var.

Ümumiyyətlə, AQTA bazarlarda yoxlamalar həyata keçirirmi? Xüsusilə xəstəliklərin tüğyan etdiyi bir vaxtda mövcud vəziyyətlə bağlı niyə addım atılmır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bazarda vəziyyətin uzun müddətdir yaxşı olmadığını deyib:
Eyyub Hüseynov: “Əhali boykot etsə, dövlət orqanlarının qərarları yerinə yetirilər” - 23.03.2019, Sputnik Azərbaycan
Eyyub Hüseynov

“Lənkəran bazarı ölkənin ən qədim bazarlarından biridir. Lakin hələ sovet vaxtından Lənkəran bazarı daim antisanitariya vəziyyətində olub. Xüsusən onun kənarından axan bir su axıntısı var ki, o da daim mövcud olub, yəqin indi də belədir. Bütün bu işlərə isə iki dövlət orqanı cavabdehdir – Sanitariya orqanları və Qida Təhlükəsizliyi Agentliyi.

Lakin vəziyyətə əsas cavabdeh şəxs bazarın rəhbərliyidir. Orada hər hansı bir antisanitariya vəziyyəti olarsa, cərimə bazar rəhbərliyinin üzərinə gəlmiş olur. Ümumiyyətlə, təkcə qida təhlükəsizliyi məsələsi yox, eləcə də qidanın harada satılması da AQTA-nın diqqət mərkəzindədir. Təəssüf ki, AQTA və sanitariya orqanları bu məsələlərə fəal müdaxilələr edə bilmirlər, yaxud gec edirlər, radikal dəyişikliklər baş vermir. Qeyd etdiyim kimi, Lənkəran bazarı hər zaman o vəziyyətdə olub, AQTA yarandıqdan sonra da vəziyyət düzəlməyib. Bu da insanları narahat edir”.

O, bazarda müştəriyə təqdim edilən məhsulların satışının AQTA-nın tələbinə uyğun şəkildə həyata keçirilməli olduğunu bildirib:
“Agentlik bazar rəhbərliyi üzərinə məsuliyyət qoyur ki, bura daxil olan bütün ərzaq məhsulları onun istehsalçı üçün verdiyi sənədlərə uyğun olsun. Bazarın da rəhbərliyi malı o sənəd əsasında satışa buraxmalıdır. Əks halda əgər məsələ AQTA tərəfindən qaldırılarsa, həmin şəxslər cərimə oluna bilərlər. Eləcə də sanitariya orqanları agentliyin fəaliyyətini dəstəkləyən bir iş görməlidir və sanitariya vəziyyətini yaxşılaşdırmalıdır. Yəni malların ayaq altında, harada və necə gəldi, tozun içində satılması istehlakçıların həyatında mənfi iz qoymuş olur. Şübhəsiz ki, ciddi xəstəliklərin yaranmasında bazarlarda olan bu cür antisanitariya vəziyyəti böyük rol oynayır. Oxşar vəziyyət Bakının “8-ci kilometr bazarı”nda da mövcuddur”.
Ekspert bu məsələdə bir sıra iş adamlarının sui-istifadə hallarına yol verdiyini qeyd edib:
“Bakıda “Yaşıl Bazar” nümunəsi var. Çalışmalıyıq ki, digər bazarlar da “Yaşıl Bazar”a bənzəsin. Təəssüf ki, AQTA və sanitariya orqanları əlbir olub bu məsələni həll etmək istəmir və ya etməyə qadir deyillər. Onu da qeyd edim ki, Azərbaycan hökuməti biznes qurmaq üçün son dərəcə rahat bir toxunulmazlıq şəraiti yaradıb, heç kim onları yoxlaya bilməz və dövlət orqanları da qınaqdan yayınmaq üçün heç nə edə bilmir. Təəssüf ki, biznes quranlar vəziyyətdən sui-istifadə edərək hökumətin digər qanunlarını ayaq altına atırlar. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunlar ayaq altına düşür. Əlbəttə, Azad İstehlakçılar Birliyinin də bu işdə günahı az deyil ki, mən də gərək orada ictimai təşkilat olaraq müəyyən işlər aparam ki, oradaki vəziyyət yaxşılaşsın.

Zaira Akifqızı
Globalinfo.azскачать dle 12.1