Bia.Az

PUSQUDA GÖZLƏYƏN

---
 Bu gün, 02:31     14

PUSQUDA GÖZLƏYƏN

Qarşına çıxa biləcək
ən qədim düşmən

heç vaxt uzaqlarda yaşamayıb.

O,
nə dağların arxasında gizlənib,
nə qapalı qəsrlərdə,
nə də köhnə əfsanələrin
unudulmuş qəhrəmanları arasında.

O,

hər səhər
üzünü yuduğun suyun içində
bir anlıq titrəyən əksdir.

Tutmaq istədikcə
dağılan.

Adını çəkmək istədikcə
dərinləşən.

Bir gün

özündən böyük bir həqiqətin
ardınca gedəcəksən.

Bəlkə bir dağın başına çıxacaqsan.

Bəlkə bir kitabın son səhifəsinə.

Bəlkə də
illərlə qoruduğun bir xatirənin
ən qaranlıq otağına.

Amma haraya getsən,

orada
səndən əvvəl çatmış
bir kölgə görəcəksən.

O kölgə
səni izləməyəcək.

Əksinə,

elə bil sən
onu izləyirmişsən
bütün ömrün boyu.

Gecələrin birində

evlərin damlarında
külək paslı fit kimi ulayanda,

divar saatı
zamanın qabırğalarını sayanda,

içində qəribə bir qapı açılacaq.

Nə açarı olacaq onun,
nə də cəftəsi.

Sadəcə açılacaq.

Və sən
ilk dəfə anlayacaqsan ki,

bəzi qapılar
taxtadan olmur.

Bəzi qapılar
insanın içində yaranır.

Orada

unudulmuş səslər yaşayır.

Yağışlı günlərdə
pəncərəyə sığınıb qalan uşaqlıq.

Toz basmış sandıqlar kimi
açılmayan peşmanlıqlar.

Vaxtında deyilmədiyi üçün
daşlaşmış sözlər.

İllərlə işıq görməyən
arzular.

Onlar səni tanıyacaq.

Sən isə onları
yuxudan ayılan adam kimi
yarımçıq xatırlayacaqsan.

Ruh haqqında çox yazılıb.

Onu quşa bənzədiblər.

Dənizə.

Alova.

Mən isə düşünürəm:

ruh
qar altında qalmış qədim bir şəhərə bənzəyir.

Hər küçəsinin altında
başqa bir küçə yatır.

Hər qapısının arxasında
başqa bir qapı nəfəs alır.

Və heç bir xəritə
onun sonuna qədər uzanmır.

Bəzən

özünü azad hesab edirsən.

Sonra görürsən ki,
qəfəs
dəmirdən yox,
illərlə təkrarlanan addımların izindən hörülüb.

Bəzən

özünü tənha sanırsan.

Sonra anlayırsan ki,

səninlə birlikdə
bütün keçmişlərin yaşayır.

Dünənki sən.

On il əvvəlki sən.

Olmadığın sən.

Ola bilmədiyin sən.

Olmaqdan qorxduğun sən.

Hamısı
uzun bir masanın ətrafında
şam işığı kimi titrəyərək
sənə baxır.

Bir ömür boyu

uzaqlara üz tuturuq.

Ulduzlara.

Üfüqlərə.

Dənizlərin o tayına.

Halbuki

bəzən ən uzun yol

bir insanın
öz qəlbinin bir ucundan
o biri ucuna deyil,

özündən gizlətdiyi
bir addımlıq məsafəyədir.

Və bəzən

qaranlıq
işığın yoxluğu deyil.

Sönmüş görünən bir çırağın
içində gizlənən son közüdür.

Bir gün

yenə qarşılaşacaqsan
o adsız yolçu ilə.

Bu dəfə

nə qaçacaqsan,

nə gizlənəcəksən.

Nə də onu
məhv etməyə çalışacaqsan.

Çünki anlayacaqsan:

bəzi savaşlar
qalib axtarmır.

Bəzi sirlər
cavab gözləmir.

Bəzi izlər
silinmir -
torpağın yaddaşına çevrilir.

Sən dayanacaqsan.

O da dayanacaq.

Aranızda

heç bir söz keçməyəcək.

Yalnız sükut.

Yalnız baxış.

Yalnız tanınma.

Və o anda

uzaqlardan gələn bir kölgəyə yox,

illərlə içində dolaşan,
amma heç vaxt
üzünə çıxmayan
bir həqiqətə baxdığını duyacaqsan.

Bəlkə də insan ömrünün
ən böyük sirri budur:

biz özümüzü axtarmağa çıxırıq,

amma yol boyu
rast gəldiyimiz bütün qapılar,

bütün kölgələr,

bütün labirintlər

eyni mərkəzin ətrafında
dönür.

Orada

nə düşmən var.

Nə dost.

Nə qələbə.

Nə məğlubiyyət.

Yalnız dərin bir sükut.

Və o sükutun içində,

qaranlıq suyun dibindəki
unudulmuş ay işığı kimi,

kiminsə yox,

nəyinsə yox,

adı çoxdan külə dönmüş
bir nəfəs

hələ də

oyaqdır.


Ədalət QARABULUD.скачать dle 12.1