Bia.Az

QURU SƏRHƏDLƏRLƏ BAĞLI QƏRARIN PƏRDƏARXASI – Hökumətin qərar verməsində bu faktorlar ciddi rol oynayacaq...

Gündəm
 26-08-2022, 11:03     298

Azərbaycanın quru sərhədlərinin bağlanması ilə bağlı qərarın Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dəyişdirilib-dəyişdirilməyəcəyi məlum deyil, bu barədə hələ ki, rəsmi açıqlama yoxdur.

Amma hazırkı şərtlər daxilində hökumətin sərhədləri pandemiyadan əvvəlki rejimə qaytaracağı inandırıcı görünmür. Birinci səbəb sərhədlərin bağlanmasına rəsmi gətirilən əsasdır: ölkədə epidemioloji vəziyyət ağır olmasa da, koronavirusa yoluxmalar və baş verən ölümlərin sayı artmaqdadır. Avqustun 24-də açıqlanmış statistikaya görə, Azərbaycanda daha 653 nəfər yoluxub, 732 nəfər sağalıb, aktiv xəstə sayı 3561 nəfər təşkil edir. Bu rəqəmlər Naxçıvan Muxtar Respublikası ərazisindən Türkiyə və İran istiqamətində quru əlaqənin bağlandığı 1 iyul tarixindəki rəqəmlərdən dəfələrlə yüksəkdir. Həmin gün ölkədə infeksiyaya yoluxanların ümumi sayı cəmi 29 nəfər təşkil edirdi. 

Xatırladaq ki, Prezident İlham Əliyev sərhədlərin bağlı olmasını insanların sağlamlığının qorunması zərurəti ilə əsaslandırmışdı: “Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq...”
Əlbəttə, sərhədlərin bağlı olması cəmiyyətdə narahatlıq və narazlıq yaradır. Xüsusən yay mövsümündə ölkəyə giriş-çıxışın ancaq hava əlaqəsi ilə mümkün olması, aviabiletlərin qıt və bahalı olması, sərhədyanı ölkələrlə sözügedən bölgələrdə yaşayan əhalinin ticarət əlaqələrinin kəsilməsi, qonşu ölkələrdə yaşayan, işləyən azərbaycanlıların üzləşdikləri çətinlikləri bu sırada qeyd etmək olar.


Bununla belə, dövlət də bu qərardan külli miqdarda gəlir itirir. Məsələn, Dövlət Turizm Agentliyinin məlumatına görə, ilin 6 ayı ərzində Azərbaycana 832 186 min əcnəbi gəlib. Bu, bir il əvvəlki rəqəmlərlə müqayisədə 128 faiz artım deməkdir. Amma rəqəmləri Gürcüstanın statistik göstəriciləri ilə müqayisə etdikdə dövlətin itkilərinin miqyasını təsəvvür etmək olar: Təkcə iyul ayında Gürcüstana 714 min turist gəlib. Bu rəqəm Azərbaycanda həmin turizm ayı üzrə heç 200 min nəfərə çatmır. Ölkəyə gələnlərin təxminən 60,2 min nəfərini Rusiyadan gələnlər, Səudiyyə Ərəbistanı 26,9 min, Türkiyə 22,6 min, İran 13,5 min və Pakistan 7,3 min nəfər təşkil edib. Avqust qaynar turist mövsümünün sonuncu ayıdır, məntiqlə Operativ Qərargah yayda sərhədləri bağlı saxladısa, müxtəlif infeksion xəstəliklər, xüsusən koronavirus üçün münbit sayılan payız aylarında sözügedən qərarını dəyişdirməsi inandırıcı görünmür. Həm də günü-gündən artan yoluxma və ölüm sayları bu qərarı əsaslandırmaq üçün getdikcə daha tutarlı arqumentə çevrilir.
Məsələnin mahiyyətinə gəldikə, yəni əslində turizmi qeyri-neft sektorunun lokomotiv sahəsi elan etmiş hökumətin hansı səbəblərdən bu strategiyanın əleyhinə olaraq sərhədləri bağlı saxlamağa məcbur olması barədə yalnız ehtimallar irəli sürmək olar. Hər halda məntiqlə bu məcburiyyətin regionda cərəyan edən hadisələrdən doğan ciddi təhlükəsizlik qayğıları ilə bağlı olması daha çox inandırıcıdır. Bu barədə tanınmış ekspertlərin də çıxışları olub, onlar qeyd edirlər ki, Azərbaycan xüsusi xidmət orqanlarında ölkənin milli təhlükəsizliyinə, daxili sabitliyinin pozulmasına yönəlik cəhdlərin olması, yaxın xaricdə belə planların hazırlanması barədə etibarlı məlumatların olması istisna olunmur. Məlumdur ki, son illərdə Azərbaycan və Türkiyə arasında, eləcə də İsrail, Böyük Britaniya və Qərb ölkələri arasında müdafiə və təhlükəsizlik sahəsi üzrə ciddi əməkdaşlıq mövcuddur. Hər şeydən əvvəl bu əməkdaşlıq terrorizmə qarşı mübarizəni ehtiva edir ki, ölkələr beynəlxalq konvensiyalar və ikitərəfli müqavilələrlə üzərlərinə öhdəlik götürüblər. Qarşılıqlı informasiya mübadiləsi, təhlükələrlə bağlı erkən xəbərdarlıq, kəşfiyyat məlumatlarının əldə olunması, emalı və bölüşülməsi kimi vacib əməkdaşlıq dövlətlərin qərarlarında mühüm rol oynayır. Bu baxımdan Azərbaycanın quru sərhədləri uzun müddət bağlı saxlaması anlayışla qarşılana bilər.
Hazırda Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın şiddətli davamı, Ukraynada gedən müharibənin daha ağrılı mərhələyə keçməsi, İranla İsrail arasında hədələrə keçən qarşıdurma, Tehranla "altılıq" ölkələrinin razılaşmasının düyünə düşməsi, İranın Zəngəzur dəhlizi ilə bağlı artan fəallığı, Türkiyənin Cənubi Qafqazda nüfuzunun yüksəlməsi səbəblərindən regionda olduqca həsas vəziyyət yaranıb. Bura Azərbaycanın Qarabağda təzyiqləri artırması, Qərbdə, Rusiyada qıcıqla qarşılanan güc tətbiqinə əl atmaqdan çəkinməməsini də əlavə etsək, vəziyyətin çox mürəkkəb olduğu barədə aydın təsəvvür yaratmaq olar.
Hər halda belə nəticəyə gəlmək daha ağlabatandır ki, sərhədlərin bağlanmasını hansısa inhisarçı şirkətin maddi maraqlarının qorunması kimi xırda arqumentlə əsaslandırmaq olmaz. Çünki ilk növədə bu, dövlətin iqtisadi prioritetlərini bloklayan, hökuməti əhali ilə münasibətlərdə izahatverici duruma salan addımdır. Görünür, hökumət bu məsələdə ciddi seçim qarşısında qalıb və milli təhlükəsizilik prioritetlərini iqtisadi maraqlardan önə çəkməyi üstün tutub. Yaxın günlərdə sərhədlərin ölkədə karantin rejiminin hələlik qüvvədə olduğu son tarixə - 1 noyabra qədər uzadılacağı barədə Operativ Qərargahın qərarı olacaqsa, əsas səbəbləri burada axtarmaq lazımdır...скачать dle 12.1