Bia.Az

PUTİNİN “PLAN ÜZRƏ” GEDƏN “XÜSUSİ ƏMƏLİYYATI”... – Rusiya və rus ordusu batır, çabalayır, Kiyev bayram edir...

Gündəm
 25-08-2022, 11:36     278

Bu gün Kiyevin məşhur Kreşatik küçəsi Bakının 2020-ci ilin 10 dekabrındakı Azadlıq meydanını xatırladır – vurulmuş, yandırılmış rus hərbi texnikasının nümayişi ilə. Həmin vaxt Azərbaycan işğalçı Ermənistan üzərində qələbəsini bayram edirdi, bu günsə fevralın 24-də hətta Qərb müttəfiqlərinin belə 72 saat vaxt tanıdığı Ukrayna müstəqilliyinin 31 illiyini, eyni zamanda da işğalçıya qarşı dirənişinin 180 gününü qeyd edir. Və bu 180 günün hər biri Ukrayna xalqı üçün bir ildən, bəlkə də bir əsrdən uzun, ağır, məşəqqətli keçib...

24 fevral səhərindən ötən 6 ay göstərdi ki, Rusiya nə mədəniyyət, nə humanizm, nə dövlətçilik, nə hüquq, nə qarşılıqlı sivil münasibətlər, nə iqtisadiyyat, nə də hətta ordu və ordu quruculuğu baxımından postsovet ölkələri üçün nümunə ola bilməz və yəqin ki, heç zaman da olmayacaq. Onsuz da Moskvaya ehtiyatla yanaşan, onunla məsafə saxlamağa çalışan keçmiş SSRİ respublikaları Ukraynada gördükləri dəhşətlərdən sonra bütün istiqamətlərdə Rusiyadan uzaqlaşmağa çalışırlar və bundan sonra həmin prosesin daha da güclənəcəyi heç bir şübhə doğurmur. Çünki Moskvanın öz ətrafına təklif etdiyi və verə biləcəyi hər şey göz önündədir – müharibə, ölüm, məhrumiyyət, köləlik, saxtakarlıq, səfalət, diktatura, terror və sadaladıqca bitib tükənməyən digər pisliklər!

Bu gün ABŞ, Çin, Avropa Birliyi və digər güclər arasında gedən mübarizə dünyada nüfuz dairələrinin iqtisadi güc, texnoloji, elmi, mədəni nailiyyətlər əsasında bölgüsünə əsaslanır.
Rusiya isə bütün bu sahələr üzrə geri qaldığı, axsadığı, korrupsiya və saxtakarlıq çirkabında boğulduğu üçün digər güclərə olduqca konkret və primitiv bölgü təklif edir – dünyanın nüvə dövlətləri arasında bölgüsünü. Yəni, kimin nüvə silahı varsa, o da dünyanı bölüşdürməlidir. Kreml başqa heç nə təklif edə bilmir – nə iqtisadiyyat, nə elm, nə texnologiya, nə də adi birgəyaşayış mədəniyyəti! Yalnız bir şeydən başqa - qaba güc.
Özü də Ukrayna savaşı göstərdi ki, hətta bu sarıdan da Rusiyanın iddiaları ilə imkanları bir-birinə uyğun gəlmir və bu nəhəng ölkə hələ də hərtərəfli dövlət kimi formalaşa bilməyən və resursları qat-qat az olan Ukrayna ilə belə bacara bilmir!
Bu gün artıq Ukraynanın əli işğal altındakı Krım torpaqlarına qədər çatır. Rusiya öz hərbi aviasiyasını və gəmilərini mümkün qədər Ukrayna ilə təmas xəttindən uzaqlaşdırır, Krımdan və sərhəd bölgələrindən çıxarır. Artıq uzun illər az qala müqəddəsləşdirilən Krım körpüsü haqlı olaraq, “qanunsuz tikili” kimi Ukrayna Ordusunun hədəfindədir.
Rus ordusu isə Ukraynada sözün əsl mənasında dalana dirənib - batır, çabalayır, əzilir, təntiyir... Son bir ayda Rusiya ordusu yalnız Baxmut adlı daha çox qəsəbəni xatırladan kiçik şəhər istiqamətində cəmi 10 kilometr irəliləyə bilib, digər istiqamətlərdə isə ya yerində sayır, ya da geri çəkilib. İndi rus ordusu Xersonda küncə sıxışmış vəziyyətdə Ukrayna Ordusunun güclü əks-hücumunu gözləyir. Özü də bu, 72 saata Kiyevi almalı olan, dünyanın ikinci ordusu sayılan həmin rus ordusudur...
Putinsə hələ də deyir ki, “hər şey plan üzrə gedir”. Rusiyanın bu müddətdə Ukraynaya qarşı etdiklərini - hərbi cinayətləri, qətliamları, dağıntıları, işğalı və s. bir tərəfə qoyaq. Yəqin ki, bunlar öncədən Putinin “möhtəşəm” planının tərkib hissəsi idi. Ancaq bununla yanaşı, belə çıxır ki, Putinin planında müharibənin 6-cı ayının tamamında Ukraynanın Kiyevdə öz müstəqillik gününü qeyd etməsi və vurulmuş, yandırılmış minlərlə rus hərbi texnikasının bir hissəsinin Kiyev küçələrində nümayiş etdirməsi də varmış.

Deməli, planda 6 ayın tamamında 50 minə yaxın rus əsgərinin Ukrayna çöllərində həlak oması, bundan da bir neçə dəfə artığının yaralanması, şikəst olması, əsir düşməsi varmış. Deməli, planda müharibənin Krıma və Rusiyanın Ukrayna ilə sərhəd ərazilərinə sıçraması, əhalinin Krımdan və sərhəd ərazilərindən qaçması da varmış...
Putin bu 6 ayda Rusiyada nəyi məhv etmədi - qaz, neft, kömür, qızıl, hətta silah bazarı böyük ölçüdə əldən çıxdı və çıxmaqda davam edir. Müasir texnologiyalara çıxış bağlanır, ruslar demək olar hara getsələr lənət və nifrətlə qarşılanır. Özü də maraqlıdır ki, xalqın da yarıdan çoxu bundan məmnundur. Çünki toplumun böyük hissəsi sürü psixologiyalı imperialist şizofreniyasına yoluxub, xəstədir və sağalma ehtimalı da olduqca azdır.
Bu müharibə göstərdi ki, Tolstoy, Dostoyevski, Puşkin, Lermontov, Lomonosov və digərləri sadəcə, vitrin, reklam lövhəsi imiş. Xalqın əsl keyfiyyətləri, bütün zir-zibili, mənfi cəhətləri bu müharibədə üzə çıxdı və özü özünə layiq olduğu yeri göstərdi. Onun sağalması üçünsə görünür, yeganə çıxış yolu məğlubiyyətdir!
Bəli, Rusiya cəmiyyətinin mənəvi qurtuluşu və sağalması Ukraynadakı məğlubiyyətdən keçə bilər. Necə ki, Qarabağda məğlub olandan sonra erməni cəmiyyətində az-çox sağalma əlamətləri, işartıları müşahidə olunmağa başladı...
Ukrayna isə müstəqilliyini bayram edir. Layiq olduğu, qazandığı, qoruduğu və bundan sonra da qorumağa mənəvi gücü, haqqı, iradəsi olan müstəqilliyini!//“AzPolitika.info”//скачать dle 12.1