Bia.Az

Britaniya: etnik azlıq siyasətlə ingilisdən çox maraqlanır

Dünya
 8-05-2023, 12:33     191

Böyük Britaniyada etnik və dini azlıq nümayəndələri siyasətlə ingilislərdən çox maraqlanır. Novator.az-ın məlumatına görə, bunu Etnik Mənsubiyyət Dinamikası Mərkəzinin yeni tədqiqatı üzə çıxarıb. Tədqiqat Mançester, Esseks, Nottingem və Sent-Endryus universitetlərinin alimlərinin iştirakı ilə aparılıb, 14 mindən çox vətəndaş arasında sorğuda onların siyasətlə nə dərəcədə maraqlandığı öyrənilib.

2021-ci ilin fevral-oktyabr aylarını əhatə edən tədqiqatın nəticələri mərkəzin 2023-cü ilin mayında buraxdığı kitabda təqdim olunub.
Nəticələr ingilislərin 60 faizinin siyasətlə yetərincə maraqlandığını göstərib.
Ancaq bəlli olub ki, irlandların, yəhudilərin, hind və Afrika mənşəli, eyni zamanda irqi, etnik, dini cəhətdən qarışıq ailələrdə doğulmuş britaniyalıların siyasətə marağı daha çoxdur.
İrlandların 83, yəhudilərin 81 faizinin siyasətlə kifayət qədər maraqlandığı aydınlaşıb.
İstər sırf Afrika mənşəli qaradərili britaniyalıların, istərsə də ağdərili və qaradərili cütlüklərdən törəmiş Britaniya vətəndaşlarının 78 faizinin siyasətə marağının yetərincə olduğu üzə çıxıb.
İrqi-etnik qarışığı olan digər britaniyalılar arasında siyasətə kifayət qədər maraq göstərənlər 77 faiz təşkil edib. Hind mənşəli britaniyalılar arasında da siyasətlə yetərincə maraqlananların sayı bir o qədər olub.
Tədqiqat etnik və dini azlıqlardan yalnız bəzi kiçik qrupların siyasətə marağının ingilislərdən geri qaldığını aydınlaşdırıb. Məsələn, qaraçıların yalnız 31 faizinin siyasətə kifayət qədər maraq göstərdiyi bilinib.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu nəticələr siyasətə, partiyaların fəaliyyətinə təsirsiz ötüşə bilməz. Onların fikrincə, etnik qrupların rəyi bu gedişatla seçkilərdə həlledici faktorlardan birinə çevriləcək və aparıcı partiyaların taleyi onların həm də etnik qrupları maraqlandıran məsələlərdə hansı mövqe tutmasından asılı olacaq.
Tədqiqat müəlliflərindən biri, Esseks Universitetinin alimi Maqda Borkovska vurğulayıb ki, partiyalar etnik azlıq nümayəndələrinin siyasətə göstərdiyi yüksək marağı nəzərə almaq, onların tələbləri ilə hesablaşmaq, ehtiyacları ilə ciddi məşğul olmaq məcburiyyətindədir: “Britaniyada demoqrafik dəyişikliklərin baş verdiyini də unutmamalıyıq. Əhalinin ümumi sayında etnik qrup üzvlərinin sayı artır. Bu amil də etnik azlıqların səsinin getdikcə seçkilərə daha çox təsir edəcəyindən xəbər verir”.
Tədqiqat qrupunun digər üzvü, Mançester Universitetinin professoru Ceyms Nazru deyib ki, etnik və dini azlıq təmsilçiləri siyasətə yetərincə maraq göstərsə də, Britaniya cəmiyyətində irqi, etnik, dini bərabərlik prinsipinə heç də yetərincə əməl olunmur: “Bizim tədqiqatımız bir sıra britaniyalıların irqçiliklə, xüsusilə səhiyyə xidməti, məşğulluq sahəsində irqi, etnik, dini ayrı-seçkiliklə qarşılaşdığını da üzə çıxarıb. Biz öz tədqiqatımızın nəticələrini siyasətçilərin ixtiyarına buraxır, onları cəmiyyətdəki irqi, etnik, dini bərabərsizliyi aradan qaldırmaq üçün hərəkətə keçməyə çağırırıq”.
Mənbə: Manchester.ac.ukскачать dle 12.1