Bia.Az

Qoşa seçki: sorğular nə göstərir?

Dünya
 8-05-2023, 12:29     207

Türkiyənin sorğu şirkətlərinin qoşa seçki ilə bağlı araşdırmalarının ortalama nəticələri açıqlanıb.

Mayın 14-ü parlament və prezident seçkiləri keçiriləcək.

Novator.az bildirir ki, 7 sorğu şirkətinin araşdırmaları əsasında çıxarılan ortalama nəticələrə görə, parlament seçkisində Xalq ittifaqı (Böyük Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər var), Yenidən Rifah Partiyası, Milliyyətçi Hərəkat Partiyası) 42,8 faiz səs toplaya bilər.
Millət ittifaqı (Cümhuriyyət Xalq Partiyası (siyahısında ittifaqdakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyasından, həmçinin Türkiyə İslahat Partiyasından da namizədlər var), Yaxşı Partiya) 38,6 faiz səslə göstərilir.
Əmək və Azadlıq ittifaqının (Yaşıllar və Sol Gələcək Partiyası (siyahısında ittifaqdakı Əmək Partiyası və Xalqların Demokratik Partiyasından da namizədlər var), Türkiyə Fəhlə Partiyası) 11,9 faiz səs götürmək imkanında olduğu vurğulanır.
Hesabata əsasən, qalan siyasi qüvvələr arasında maksimum səs 3 faizdir.
600 nəfərlik parlamentə ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanan partiya düşə bilər. İttifaqlarda bir partiyanın həmin həddə çatması kifayətdir.
Prezidentliyə dörd iddiaçı var: dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan – Xalq ittifaqının namizədi; Məhərrəm İncə – lideri olduğu Məmləkət Partiyasının namizədi; millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu – Millət ittifaqının namizədi; müstəqil siyasətçi Sinan Oğan – Ata ittifaqının namizədi.
İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.
14 sorğu şirkətinin araşdırmaları əsasında çıxarılan ortalama nəticələrə görə, Kamal Kılıçdaroğlu 47,6 faiz, Rəcəb Teyyub Ərdoğan 44,2 faiz, Məhərrəm İncə 5,4 faiz, Sinan Oğan 2,8 faiz səs yığmaq gücündədir.
Hesabata əsasən, ikinci turda Kamal Kılıçdaroğlu 52 faizdən çox, Rəcəb Teyyub Ərdoğan 48 faizə yaxın səs alır.скачать dle 12.1