Bia.Az

Ermənilər musiqisini oğurladı, heç vaxt yasa getmədi: Aftandil İsrafilov haqqında MARAQLI FAKTLAR

Cəmiyyət
 2-05-2023, 14:59     216

Kulis.az-a istinadən qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilov haqqında maraqlı faktları təqdim edir.

Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24 -də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib.
A. İsrafilov fəaliyyətinin ilk illərində “Azkonsert”in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirib. 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edib.
Sənətçi bu konsertlər barəsində danışarkən bildirib: “Beş dəfə Amerikada konsert vermişəm. Onun üçündə böyük sənətkar Zeynəb Xanlarova ilə birlikdə olmuşam. Orada bizi elə dinləyiblər ki, özümüzü Azərbaycanda hiss etmişik”.
Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.

Xalq artisti qarmonu hər zaman müqəddəs sayıb, öz sözləri ilə desək, öpüb gözünün üstünə qoyub. Verilişlərdən birində müasir dövrümüzdə musiqi alətləri ilə şou göstərən ifaçılardan danışarkən belə adamları görəndə onlarla çox vaxt görüşmədiyi deyib:
“Qarmon dizdən aşağı keçdisə, onu ifa edən sənətkar sənətkar deyil. Bunlar qormonu tutub ayağa qədər uzadırlar. Bu, sənət deyil, şoudur. Öz işləridir. Belə adamlarla çox vaxt görüşmürəm. Özləri də məni görəndə yaxınlaşmırlar. Bilmirəm, niyə? Bəlkə çox kolxoz görüblər ona görə. Bəlkə də məndən ehtiyat ediblər. Qarmon ifaçıları gərək özlərini yox qarmonu tərifləsinlər. Çünki qarmon onlardan sonra da yaşamalıdır. Şou adamları belə edə bilmirlər”.
Peşəkar qarmon ifaçısı müxtəlif illərdə nəhəng sənətkarlarla birlikdə işləyib. Sənətçiyə kino sahəsində çalışmaq da qismət olub. Belə ki, o, rejissor Rasim Ocaqovun “Ad günü” filmində ifa etdiyi “Nazilə” rəqsi ilə böyük şöhrət qazanıb.
Tahir və Cabir İmanovun təklifi ilə isə “Məhəllə” filmində professor rolunda yer alıb. Xalq artisti bu haqda danışarkən qeyd edib: “Qardaşlar gəlib təklif etdilər. Dedim baş üstə. Necə istədilərsə, elə də etdim. Qəti məşq etməmişdik. Həmin kadr da bir dəfəyə çəkilmişdi”.

Aftandil İsrafilov dostluqda sadiq, sədaqətli biri olub. Elə bu səbəbdən sənətçi uzunmüddətli dostuq münasibətləri ilə də yadda qalıb. Onun müğənni Elşad Qarayevlə 48, Qüdrət Ağayevlə 30, musiqiçi Cəmaləddin Dadaşovla 40, Xalq artisti Sadiq Zərbəliyevlə 45 illik dostluğu olub.
Tez-tez qastrol səfərlərində olan sənətçi televiziya proqramlarından birində başına gələn maraqlı hadisələrdən birini izləyicilərinə belə nəql edib:
Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 1982-ci ildə Qarmonda Əməkdar artist adını alan ilk sənətçi olub.
Kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı dekabrın 2-si axşam saatlarında təcili xəstəxanaya yerləşdirilib və vəziyyəti getdikcə daha da ağırlaşıb. Bu barədə məlumat verən ifaçının xanımı Zemfira İsrafilova onun səhhətinin mənfiyə doğru getdiyini deyərək ağlamağa başlayıb:
“Vəziyyəti dəyişmir. Təzyiqi həddən artıq çoxdur. Ayaqlarına və ciyərlərinə su yığılıb. Böyrəkləri, demək olar işləmir. Hər şey pisdir. Hazırda reanimasiyadadır, yanına heç kimi buraxmırlar. Həkimlər də deyirlər ki, əlimizdən nə gəlir, edirik. İnşallah, hər şey yaxşı olacaq. Sadəcə dua etmək qalır bizə”.

Bir müddət sonra Xalq artistinin musiqiçi qardaşı Ənüşirəvan İsrafilovun da xəstəxanaya yerləşdirildiyi məlum olub. Bu barədə müğənni Fədayə Laçın sosial şəbəkədə məlumat yayıb. “Gənc yaşlarımdan mənə həmişə dəstək olan gözəl insan Aftandil İsrafilov. Allah Sizə şəfa versin. Bir möcüzə olsun. Siz də, qardaşınız Ənüşirəvan İsrafilov da tezliklə sağalın, evinizə, ailənizə dönün. Sizi sevirik, dualarımızdasınız”, – deyə ifaçı məlumatda yazıb.

2023-cü ilin mart ayında Aftandil İsrafilov səhhətində yenidən problemlər yaranıb.
Xalq artistinin son durumu ilə bağlı ifaçının qızı Həcər İsrafilova mütəmadi olaraq medianı məlumatlandırıb.
29 aprel 2023-cü il tarixində isə o, vəfat edib. Xalq artisti “Kəmalə” rəqsinin sədaları altında İkinci Fəxri Xiyabanda dəfn olunub.
Sənətçinin dəfn mərasimində iştirak edən dostları onunla bağlı xatirələrini bölüşüblər.
Xalq artisti Ramiz Quliyevin sözlərinə görə, o, heç vaxt ölümdən danışmayıb. Həyatı sevən adam olub: “Heç vaxt yasa gedə bilmirdi. Deyirdim, ay Aftandil, niyə getmirsən? Deyirdi ürəyim gəlmir. Heç kimi itirmək istəmirəm…”
45 illik dostu Xalq artisti Sadiq Zərbəliyev isə sənətçinin bütün xeyir işlərində canla-başla iştirak etdiyini vurğulayıb: “O, Azərbaycan incəsənətində üzüağlıq edib. İkinci Aftandil olmayacaq. Onun sənəti göz qabağındadır. Zeynəb Xanlarova da, ansamblımız da, hamımız yaxınlarına baş sağlığı veririk”.скачать dle 12.1