Bia.Az

Direktor həkimləri təhdid edir – “Boynunuza götürün, yoxsa...”

Cəmiyyət
 2-05-2023, 14:43     451

BİA.az xəbər verir ki, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanması barədə bir müddət əvvəl məlumat vermişdik. Qobustan Rayon Prokurorluğuna istinadla bildirmişdik ki, xəstəxana rəhbərliyi barədə vətəndaş müraciəti əsasında araşdırma aparılıb və araşdırma zamanı vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd etmişdik ki, faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə prokurorluq tərəfindən cinayət işi başladılıb.

Yuxarıda qeyd olunan informasiyanın yayılmasından iki ay ötməsinə baxmayaraq, açılmış cinayət işinin istintaqının yekunlaşıb-yekunlaşmaması barədə hələ ki, rəsmi məlumat yoxdur. Lakin Qobustan xəstəxanasından etibarlı mənbənin verdiyi məlumata görə, adıçəkilən cinayət işinin istintaqı yekunlaşmayıb, əvəzində cavabdeh şəxs olan, hazırda Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru vəzifəsində çalışan Emin Hüseyn Qobustan rayonunda eyni vəzifəni tutarkən törətdiyi cinayət əməllərinin üstünü müxtəlif üsullarla ört-basdır etmək fəaliyyətinə başlayıb.

Əvvəlki yazılarımızda da müxtəlif mənbələrə istinadla vurğulamışdıq ki, Emin Hüseyn Qobustan Rayon Mərkəzi Xəstəxanasının rəhbəri olarkən milyon manatlarla dəyəri olan dövlət əmlakını mənimsəyib və cinayət əməlləri mətbuata sızdıqdan sonra “yuxarıdakı hami”si onun yerini Şamaxı rayonuna dəyişdirib. İş belə gətirdi ki, Emin Hüseyn Şamaxı RMX PHŞ-nin direktoru kimi də köhnə vərdişlərindən əl çəkə bilmədi, işçiləri, xəstələri, hətta şəhid ailəsini rüşvət istəmə əsnasında incitdi, əməllərinin sədası yenə kütləvi informasiya vasitələrinin bəzəyi oldu.

Nəhayət, şikayətlər əsasında prokurorluq orqanı Emin Hüseynin Qobustandakı fəaliyyətinə hüquq qiymət vermək üçün cinayət işi açdı. İstintaq sirri olduğundan bilmirik ki, Emin Hüseynin Qobustandan əvvəl məsul olduğu təşkilatlarda, eləcə də hazırda direktoru oldu Şamaxı RMX PHŞ-də də fəaliyyəti istintaq materiallarına daxıl edilib, ya yox?!. Bildiyimiz budur ki, Emin Hüseyn işlədiyi təşkilatlarda qanunsuz əməlləri ilə ünlənməyi bacarıb.

Yuxarıda diqqətə çatdırdığımız Qobustan xəstəxanasındakı məlumatlı mənbəmiz bildirir ki, prokurorluq tərəfindən açılmış cinayət işinin “yükü” ağır olduğundan, Emin Hüseyn onunla eyni vaxtda adıçəkilən xəstəxanada çalışan həkimlərin bəzisini təhdid, bəzisini isə “ələ almaq” yolu ilə məsuliyyətdən yayınmağa çalışır. Belə ki, mənbənin verdiyi bilgiyə görə, Emin Hüseyn həkimlərə “İzahat yazın ki, hərəniz öz şöbənizə aid olan invertarları, aparatları, cihazları özünüz satmısınız və indi pulunu ödəməyə hazırsınız. Pulu mən verəcəm, siz də dövlətə ödəyəcəksiz, bu yolla məsuliyyətdən yayına bilərik. Yoxsa, yeyintiyə bir yerdə yol verdiyimizi deyib, sizi də məsuliyyətə aldıracam...” təbliğatı aparır. Həkimlərin çıxılmaz vəziyyətdə qaldıqları bildirilir, çünki onlar hər iki halda məsuliyyətə cəlb olunacaqlarını başa düşürlər. Yəni: Emin Hüseynin dediyi kimi etsələr, “Siz hansı əsasla dövlət əmlakını satmısız?” sualı ilə qarşılaşacaqlar; əks mövqedə dayansalar, Emin Hüseynin “birgə yemişik” izahatına görə şübhə altına alınacaqlar.

 Mənbənin söylədiyinə görə, Emin Hüseyn, kollektivi də cinayət işinə sürükləməklə, öz məsuliyyətini minimuma endirməyə və cərimə ilə cinayət işinə xitam verdirməyə çalışır və bu işdə, o, ”yuxarıdakı adam”ının nüfuzundan yararlanaraq vəziyyətdən çıxmağı planlaşdırır.

Hər halda, cinayət varsa, cəzası da olmadır. Yəqin ki, ali hüquq orqanının müstəntiqləri bu sayaq variantları onu işlədənlərdən daha yaxşı bilirlər.

BİA.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BİA.az
скачать dle 12.1