Bia.Az

Zəiflərin “silah”ı – kitab, bayraq yandırmaq...

Siyasət
 24-01-2023, 11:11     203

Hər dəfə hansı Avropa ölkəsindəsə müsəlman dünyasına qarşı təxribat törədiləndə dərhal “Bu da tolerant Qərb”, “bu da tərifli Avropa” deyə isterikaya qapılmaq doğru deyil.

Yarım milyardlıq Avropa İttifaqı əhalisinin içində belə təxribatlara qol qoyan iki cüt bir tək adam var. Onlara görə “qoca qitə”nin sakinlərini topdan suçlamaq düzgün olmaz.
Əvvəlki illərdə Hollandiyada, Danimarkada, Fransada Qurani-Kərimi nümayişkaranə şəkildə yandıranlar olub. İndi isveçli bir psixopat da onlara qoşulub.
Bu, ağıllı, dərrakəli adam işi deyil. Bu, daha çox hansı səbəbdənsə kin-küdurəti coşmuş, nifrəti püskürmüş, müəyyən psixi sarsıntılara, təsirlərə məruz qalmış fanatik adamların işidir.
Elələri Şərq ölkələrində də var. Onlar da düşmən saydıqları ölkələrin bayraqlarını, liderlərinin portret və kuklalarını yandırırlar, təhqir edirlər.
Bəzi ölkələrdə boz eşşəyin belinə boya ilə düşmən ölkənin bayrağını çəkir, yazıq heyvanı döyə-döyə küçə boyunca qovur, öz aləmlərində düşməndən qisas alırlar.
Vaxtilə bizim ölkəmizdə də cənub qonşuluğumuzdakı dövlətin təəssübünü çəkərək, ABŞ və İsrail bayrağını yandıran bir dəstə adam vardı.
Ermənistanda və ermənilərin kompakt yaşadığı Xankəndi şəhərində qardaş Türkiyənin və bizim bayrağımızı odlayır, siyasi liderlərimizin karikaturasını çəkirlər.
Bütün bunlar zəifliyin, əlacsızlığın əsərləridir. Real, təsirli tədbirlər görə bilən qüvvə ulaq rəngləyib küçədə qovmaz, bayraq, kitab yandırmaz.
Bununla belə, bayraq, kitab, portret yandırmaq nə qədər simvolik səciyyə daşısa da, özlüyündə terror aktıdır, çünki heysiyyəti tapdalanmış adamların sərt reaksiyalarına rəvac verir.
Belə hərəkətləri edən adamlar bu aktlarını məhz ona hesablayırlar, gözləyirlər ki, təhqir olunan dini konfessiya və ya dövlətlər onlara sərt reaksiya göstərsinlər, radikal addımlar atsınlar, hədələsinlər, barələrində fitva versinlər, ondan sonra onları terrorizmdə ittiham etmək mümkün olsun, dönüb desinlər ki, gördünüzmü, bunlar tənqidi qəbul edə bilmir, tolerant deyillər.
Bu psixo-terrorçular bəzən “belə sərt reaksiya gözləmirdik” deyə bəyanatlar verirlər. Riyakarlıqdır. Məgər bundan əvvəl bənzər situasiyalarda reaksiyalar yumşaq, mülayim olub, amma indi sərt oldu?
Onlar əvvəlcədən öz təxribatlarının necə qarşılanacağını bilirlər, hətta onlara qarşı münasibət yumşaq olsa, bax, o zaman çaşar, pərt olarlar, öz aralarında bir-birinə “aksiyamız gözlədiyimiz qədər effektiv olmadı” deyərlər.
Hazırda belə adamları bu cür mənfur işlərə həvəsləndirən məhz kütləvi şəkildə sərt təpki almalarıdır. Bu halda onlar özlərini böyük bir iş görmüş zənn edir, personalarını vacib sanırlar.
İndilikdə müsəlman dünyası bu cür təxribatlara soyuqqanlı yanaşa bilmir, amma tendensiya göstərir ki, ayrı-ayrı dövlətləri, icmaları ucuz təxribata çəkmək istəyən şəxslər bu hərəkətlərini davam etdirdikcə, bu “silahları”nı daşa vurub korşaldacaqlar. Bir gün onların bu aktlarına heç bir reaksiya verilməyəndə, təxribatları ajiotaj doğurmayanda onlar bir daha bu əmələ əl atmayacaqlar. Daha mənası qalmayacaq.
O zaman Fransada nəşr edilən “Şarli Hebdo” kimi nəşrlərin tirajı da düşəcək. Daha heç kəs hər dəfə İslama hücum edən bu nəşrin süni şəkildə dünya şöhrəti qazanmasına yardımçı olmayacaq, hamı görəcək ki, onların məqsədi dini zəmində qarşıdurma yaratmaq, insanları bir-birinə qırdırmaqdır.
Ona görə də hövllənərək o təxribatçı psixopatların öz axmaq aksiyaların şiddətləndirib ümumdünya trendinə çevirməyə səbəb vermək olmaz. Birdəfəlik anlamaq lazımdır ki, yandırılan Qurani-Kərim deyil, nəşriyyatlarda buraxılan kitabın milyonlarla nüsxəsindən birinin kağızıdır. Eləcə də hansı rəngə boyanmasından asılı olmayaraq, yandırılan adi parçadır, bayraq deyil. Hər bir dövlətin bayrağı onun bayraq meydanında, baş binasında, öz sərhədlərinin daxilində dalğalanır və kimsənin onu endirib yandırmağa hünəri çatmaz.
Belə hadisələr sadəcə düşmənin öz nifrətini büruzə verməsidir və hər gün yüzlərlə belə hadisə törədilsə də, nə dövlət qüdrətini itirər, nə də kitab öz fəzilətini.
Yaxşı ki, Avropada gerçək tolerantlar, mənəvi və demokratik dəyərlərə önəm verən ağıllı adamlar çoxdur. Onlar dini fanatizmi də görüblər, bir partiyanın faşizmini də, özündən müştəbeh xalqların nasizmini də. O cür təxribatçıların cavabını da özləri əvvəl-axır verəcəklər.
Xalid KAZIMLIскачать dle 12.1